Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8770/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Alıeva Ainura qızının cavabdeh X4 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:
1. Tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından üç övladları, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Perm şəhərinin Dzerjinski məhkəmə rayonunun 7 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Uşaqlar iddiaçı ilə birlikdə yaşayırlar.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
2. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə nikaha daxil olmuşlar. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan cavabdehin ona qarşı laqeyidliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Hal-hazırda ayrı yaşayırlar. Birgə nikahdan doğulmuş övladları onunla yaşayır, Cavabdeh ona maddi təminatı ilə bağlı hər hansı köməklik göstərmir. Birgə nikahdan doğulmuş uşaqlar onun himayəsində qaldığı üçün cavabdehdən alimentin tutulması zərurəti yaranmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə baxışı zamanı bildirdi ki, o, uşaqların saxlanılması üçün amddi köməklik göstərməkdən imtina etmir, lakin, o, 600-650 manat məbləğində əmək haqqı alır.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
8. Maddə 34 İV bənd: Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
10. Maddə 75.4 Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
12. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
13. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir
17. Maddə 119.2 İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 9.1.2 Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.
22. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadıqlarından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
23. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-iddiaçının rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olunduğundan ikinci qayda tətbiq ediləcəkdir
24. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
25. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən alimentin tutulması barədə əsaslı olsa da, tutulacaq alimentin məbləği hissəsində qismən əsaslıdır.
26. İddiaçı cavabdehdən sabit pul məbləğində hər ay hər uşaq üçün 235 manat aliment tələb etsə də, məhkəmə hesab edir ki, alimentin həmin məbləğdə tutulması, cavabdehin maddi vəziyyəti, eyni zamanda artıq ikinci dəfə nikaha daxil olması nəzərə alındıqda cavabdehi həddən artıq ağır maddi duruma sala bilər.
27. İddiaçı da cavabdehin tələb etdiyi alimenti ödəyə biləcək maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə, həm uşaqların maddi cəhətdən təmin olunması zəruriliyini, həm cavabdehin artıq ikinci dəfə nikaha daxil olmasını, həm də cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat məbləğində aliment tutulmalıdır.
28. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat məbləğində müəyyən edilməlidir.
29. Alimentin tutulmasının hansı vaxtdan hesablanması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır.
30. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 1440 manatdır (1440 manat x 12 ay = 17 280 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq 77,60 manat təşkil edi.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq Alıeva Ainuraya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 77,60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı