Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-894/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – qanunazidd əməllər nəticəsində iddiaçıya vurduğu mənəvi zərərə görə Cavabdeh1 2000 (iki min) manat, hər ay 200 (iki yüz) manat olmaqla 10 ay, Cavabdeh2 2000 (iki min) manat, hər ay 200 (iki yüz) manat olmaqla 10 ay ərzində iddiaçının xeyrinə tutulması və işin aparılması zamanı cinayət hallarının olduğu tədqirdə cavabdehlərin məsuliyyətə cəlb olunmasi barədə qərar qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, arvadı Cavabdeh1 və anası Cavabdeh2 qanunazidd əməlləri bununla izah olunur ki, 3 il evli olduğu müddət ərzində mütəmadi olaraq iddiaçının ləyaqətini alçaltmış, haqqında şəxsi həyat sirrini, azadlığını pozacaq məlumatlar yaymaqla iddiaçını insanlar içində rüsvay edəcəkləri ilə hədələyərək özünü öldürmə həddinə kimi çatdırmışdırlar. İddiaçı 2022-ci ilin sentyabr ayının 17-də 102 xidmətinə zəng edərək hər şeydən bezdiyini,özününü öldürmək istədiyini billdirmişdir.102 xidmətinə zəng etmə məqsədi isə iddiaçı öldükdən sonra günahkarların qanun qarşısında cəzalandırılması olub. Amma, 102 xidmətinin telefon dəstəyində iddiaçı ilə danışan xanımın sözlərindən sonra onun iddiaçıyı yönləndirdiyi kimi yaşadığı rayonun 10-cu polis bölməsinə gederək şikayət ərizəsi yazıb. Sentyabrda iddiaçıya Xətai rayonu 34-cü polis bölməsinin əməkadşı zəng edərək görüşə çağırmışdır. Görüş zamanı müəyyən olundu ki, Cavabdeh1 10-cu polis bölməsinə çağırılıb dindirildikdən sonra iddiaçıdan qisas almaq məqsədi ilə polisə yalan məlumat verərək onun haqqında şikayət ərizəsi yazmışdır. Şikayət ərizəsində iddiaçıya böhtan ataraq onları təhqir etdiyini, anasını və onu öldürmək ilə hədələdiyini bilidirmişdir. Amma , iddiaçı onlara telefon danışığı zamanı ona qarşı edilən hərəkətin insanlığa qarşı əxlaqsız hərəkət olduğunu və onların qanun qarşısında cavab verəcəklərini bildirmişdir. Cavabdehlərin qanunazidd əməlləri iddiaçının mənəvi sarsıntı keçirməyinə, stress, narahtalıqlarının artmasına, psixoloji durumunun pozularaq psixoloq yardımı almağına və gecələri yata bilmədiyi üçün dərman vasitələrindən istifadə etməyinə səbəb olmuşdur. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2022-ci il tarixli 047-698009-322 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən qanunazidd hərəkətlərə məruz qalmağı barədə müraciəti araşdırılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə göndərilmişdir İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 34- cü Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli, ********* saylı məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2022 – ci il tarixdə Bakı şəhəri BPİ-nə ünvanladığı şikayət ərizəsinə Xətai RPİ-nin 34-cü PŞ-də baxılıb, qeyd olunan xüsusatlarla bağlı tərəfindən araşdırma aparılmış, keçmiş həyat yoldaşı Cavabdeh1 iddiaçının övladı ilə görüşməyə icazə verməməsi ilə bağlı aidiyyatı üzrə Məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 044-698xx/xx-3222 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, müraciətə baxılmış, və araşdırma prossesində heç bir şikayət və tələbin olmaması, eləcə də aparılan araşdırmanın dayandırılması barədə təkrar müraciət nəzərə alınmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli həkim tərəfindən yazılmış reseptlerdə İddiaçı istifadə etdiyi dərman vasitələrinin siyahısı göstərilib. Tətbiq edilən hüquq: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər( ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Göründüyü kimi, iddiaçı pul tələbini ona cavabdehlər tərəfindən mənəvi zərər vurulması ilə əsaslandırmış, belə ki, cavabdehlər guya onun ləyaqətini alçaltmaqla, haqqında şəxsi həyat sirrini yaymaqları ilə bağlı şantaj etməklə, həmçinin Cavabdeh1 tərəfindən onun barəsində hüquq mühafizə orqanlarına şikayət etməklə ona mənəvi zərər vurulmuşdur. İddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehlərin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir şəxsin hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi həkim reseptlərinə aid hissədə qeyd edir ki, onun sağlamlığında yaranmış problemlərin məhz cavabdehlərin təqsiri ucbatından yaranması müəyyən olunmur. İddiaçının təqdim etdiyi disk ona mənəvi zərər dəyməsini sübut etmir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Məhkəmə həmçinin iddia tələbinin işin aparılması zamanı cinayət hallarının olduğu tədqirdə cavabdehlərin məsuliyyətə cəlb olunmasi barədə qərar qəbul edilməsinə dair iddia tələbini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də rədd edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyana görə pulun ödənilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəm qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – mənəvi ziyana görə Cavabdeh1dan 2000 (iki min) manat, hər ay 200 (iki yüz) manat olmaqla 10 ay, Cavabdeh2 2000 (iki min) manat, hər ay 200 (iki yüz) manat olmaqla 10 ay ərzində alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-894/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-894/2023
08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver