Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “müqavilə öhdəliyinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “müqavilə öhdəliyinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış xx.xx.2011-ci il tarixli, 176 saylı müqavilə öhdəliklərinə xitam verilməsi və xx.xx.2011-ci il tarixli, 61 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 8 saylı evin 136 a saylı 1 otaqlı mənzilinin və xx.xx.2011-ci il tarixli, 60 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 8 saylı evin 136 saylı 3 otaqlı mənzilinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, “Pakistan Milli Bankının Bakı filialı ilə İddiaçı2 arasında 3 il müddətinə - xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək kredit müqaviləsi bağlanmış və bu müqavilə əsasında ona 80.000 manat kredit verilmişdir, İddiaçı2 müqavilə öhdəliyinə lazımınca riayət edə bilməsə də, bu vaxtadək banka olan əsas borc və faizlərlə birgə 84.628,44 manat ödəmişdir. Lakin cavabdeh həmin məbləğin 49.000 manatını əsas borca, 35.628.44 manatını isə faiz borcuna silmişdir. Cavabdeh tərəfindən ödənilmiş 35.628.44 manatın 21.252.31 manatını kredit ödəmə cədvəli üzrə, yerdə qalan hissəsini, yəni 14.376.13 manatını isə dövr ərzində hesablanmış ikiqat faiz məbləğinə silmişdir. Cavabdehə müraciət edərək ödədiyi 84.628.56 manatla kifayətlənməyi, kredit əvəzinə qoyulmuş İddiaçı1 məxsus 2 ayrı-ayrı mənzillərin, yaxud da mənzillərdən birinin girovdan azad edilməsini xahiş etmiş, lakin cavabdeh onlardan fantastik məbləğdə həm əsas borc, həm də faiz borcunu tələb etmişdir. Cavabdehin onlardan 31.000 manat əsas borc 25.875.30 manat isə faiz borc tələb etməsi tam qanunsuzdur və bu səbəbdən də kredit öhdəliyinə xitam vermək, əmlakı girovdan azad etmək üçün məhkəməyə müraciət etməli oldular. Cavabdehlə aralarındakı müqavilənin müddəti xx.xx.2014-cü ilə qədər olmuşdur. Borclu kimi həmin dövrə qədər onlar əsas borcun və faizlərin əhəmiyyətli hissəsini ödəmişdir. xx.xx.2014-cü ildən sonra isə kifayət qədər ödənişlər etsələr də, cavabdeh ödəməli olduqları əsas borcun hər gecikdirilən ilinə görə beş faiz tutmalı olduğu halda, bunu qanunsuz olaraq kredit məbləğində nəzərdə tutulan 16%-in ikiqat həcmində, yəni 32% məbləğində hesablamış və bununla da onların külli miqdarda ödədikləri məbləğ 5 faiz əvəzindən 32 faizə uyğun silinmişdir. Bu isə təbii ki, müvafiq qanunvericiliyə ziddir. Cavabdeh xx.xx.2014-cü ildən, yəni kredit müqaviləsinin bitdiyi dövrdən bu vaxta qədər onları böyük məbləğdə borclu hesab etsə də, bu fantastik "əsas və faiz borcunu" rəsmi qaydada və ya məhkəmə vasitəsilə iddia qaldıraraq tələb etməmiş, bununla da pul tələbi barədə iddia müddətini də ötürmüşdür. Cavabdehə rəsmi ərizə ilə müraciət edərək xahiş etmişlər ki, 2 ədəd mənzilin ipotekadan azad edilməsini təmin etsin. Lakin o, xx.xx.2017-ci il tarixli 249 saylı məktubla bundan imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X10 iddia ərizəsininnin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Pakistan Milli Bankının Bakı filialının nümayəndəsi X8 izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı1 nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 476/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Pakistan Milli Bankının Bakı Filialının cavabdehlər İddiaçı2, İddiaçı1 Səyəddin qızına və X9 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi qismən təmin edilərək cavabdeh İddiaçı2 xx.xx.2011 -ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə üzrə 21886,1 manat məbləğində pul vəsaitinin iddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1 -ci mərtəbəsində yerləşən 136 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, artıq qalan məbləğin İddiaçı1 geri qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 3404/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-476/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdehlər İddiaçı1 Səyəddin qızı və X11 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4617/2020 saylı qərardadının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3404/2020 saylı qətnaməsindən iddiaçı Pakistan Milli Bankı Bakı filialı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Pakistan Milli Bankının Bakı filialı ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən 36 ay müddətinə illik 16% olmaqla borcalana 80000 manat məbləğində kredit verilmişdir. Pakistan Milli Bankının Bakı filialı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 61 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində, istifadədə olan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 13 kv m. ümumi, 13.0 kv/m yaşayış sahəsindən ibarət 1 otaqlı 136 a nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Pakistan Milli Bankının Bakı filialı ilə X1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 60 nömrəli ipoteka müqaviləsinə əsasən X1na məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində istifadədə olan 0.19448 ha, torpaaq sahəsində yerləşən 8 nömrəli 9 mərtəbəli binada 49.2 kv/m yaşayış sahəsində ibarət 3 otaqlı 136 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. X2 xx.xx.2015-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 558.1-ci maddəsinə görə isə əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Azərbaycan Respublikasi Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “X3” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “müqavilə öhdəliyinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraziət edərək cavabdehlə bağlanmış xx.xx.2011-ci il tarixli, 176 saylı müqavilə öhdəliklərinə xitam verilməsini, xx.xx.2011-ci il tarixli, 61 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 8 saylı evin 136 a saylı 1 otaqlı mənzilinin və xx.xx.2011-ci il tarixli, 60 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 8 saylı evin 136 saylı 3 otaqlı mənzilinin ipotekadan azad edilməsini xahiş etsə lər də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliklərinin icrasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdirlər. Göstərilən öhdəliklərə xitam verilməsi üçün iddiaçılar tərəfindən gətirilmiş dəlillər məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təkzib edilmişdir. İddiaçıların kredit müqaviləsi üzrə tələb olunandan artıq ödənişlərin həyata keçirilməsi barədə mülahizələrinə isə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, onlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər sübutla təsdiqlənməmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hə\min Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “müqavilə öhdəliyinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-9/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver