Məhkəmə qərarları › İş №2(011)-9057/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9057/2025

05.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9057/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il tarixdə anadan olmuş oğlu X3 yetkini yaşına çatanadək saxlanılınası üçün Cavabdeh hər ay 246 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X1 nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdurlar. Birgə nikah dövründə 1 uşaqları doğulmuşdur. X3 xx.xx.2020-ci il təvəllüdlü cavabdehlə bir müddət mehriban yaşamışdırlar. Lakin cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmişdir. Hal-hazırda iddiaçı valideyinlərinin yanında yaşayır. İddiaçı ailəsinin dağılmasını istəmir bu səbəbdən də nikahlarının pozulması yox, ancaq aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azyaşlı oğlu yetkinlik yaşına çatana qədər gündəlik təlabatını, sağlamlığını və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin iddiaçının maddi imkanı buna yol vermir. Bütün öhdəliklər iddiaçının üzərinə düşür. Halbuki, oğlumuzun saxlanılması üçün onun tələbatını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür. Buna görə də hesab edirəm ki, o bir valideyn kimi uşağımızın saxlanılması üçün mənə aliment ödəməlidir. Ona görə də, aliment almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Buna görə övladlarının yetkinlik yaşına çatanadək onun saxlanılması üçün cavabdehdən hər ay 246 manat tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh uşaq üçün hər ay pul verməsə də, kömək olmağa çalışdığını bildirmişdir. Məhkəmə iclasında barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: 2 saylı “Bakı Asan Xidməti” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 317056 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh və Əsgərova (Həsənli) Gülnar Sovet qızı arasında 27 dekabr 2018-ci il tarixdə 3099 nömrəli akt qeydi tərtib olunmuşdur. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 443238 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 27 aprel 2020-cı il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan iddia təmin edilməli Cavabdeh 27 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 dekabr 2025-ci il tarixdən, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: mediasiya təşkilatına ödənilmiş 60 manat; Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından mediasiya təşkilatına ödənilmiş 60 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” iddiası təmin olunsun. Cavabdeh 27 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 dekabr 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Alimentin tutulması 05 dekabr 2025-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar