Məhkəmə qərarları › İş №2(011)-9109/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9109/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9109/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmamış qardaşları xx.xx.2008-ci ildə anadan olmuş X1 himayəçi və xx.xx.2012-ci ildə anadan olmuş X2 qəyyum təyin edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi “qəyyum və himayəçi təyin edilmə” barədədir, iddiaçı qismində İddiaçı, cavabdeh qismində Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti göstərilmişdir, iddia ərizəsinin məzmununda iddiaçının üzərinə qəyyumluq və himayəçilik təyin edilməsi xahiş edilmiş şəxslərin bacısı olduğu, atalarının valideynlik hüquqlarından sui-istifadə etdiyi, və bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət edildiyi, lakin müraciətə cavab verilmədiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb, inzibati orqanın (Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti) qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə bağlı olduğundan, iddiaçı müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxlması mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Belə olan halda məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmə icraatı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq mümkün deyildir. Həmçinin iş materiallarında olan xx.xx.2023-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edildiyindən, İddiaçı ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “qəyyum və himayəçinin təyin edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2023-ci il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar