Məhkəmə qərarları › İş №2(011)-932/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-932/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-932/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X9 Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Çingiz oğlunun Cavabdeh1 və digərlərinə qarşı mənzilin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Çingiz oğlu cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4, Cavabdeh3, X3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qızı, Cavabdeh10, Cavabdeh11, X5, X2, Cavabdeh14, Cavabdeh12 və Cavabdeh16 qarşı ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 3cü mərtəbədə 4 otaq olmaqla ümumi sahəsi 117,2 kv metr olan mənzilin iddiaçının payına uyğun olaraq naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1.398 kv.metr olan, 0.02 ha torpaq sahəsində yerləşən binanın 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 117,2 kv.metr olan 4 otaq İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, həmin binanın müxtəlif mərtəbələrində yerləşən sahələrə dair cavabdehlərin də mülkiyyət hüququ tanınmışdır. İddiaçı hazırda həmin binada ona məxsus payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə sözügedən binanın mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti- texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 09 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar qovşağı və s) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca qiriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı Çingiz oğlunun payına düşən ünvan 2 ünvanında olan 0,02 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1398 kv. metrlik 4 mərtəbədən ibarət yaşayış binasının 3-cü mərtəbəsində 4 otaq olmaqla ümumi sahəsi 117.2 kv. metr olan İddiaçı məxsus mənzilinin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 117,2 kv.metr olan 4 otaqlı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 1398 kv.metr olaraq göstərilmiş və digər cavabdehlərlə birlikdə iddiaçı göstərilən binada paylı mülkiyyət hüququna malikdir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 117,2 kv.metr olan 4 otaqlı mənzilinin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən yaşayış binasında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 117,2 kv.metr olan 4 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Odur ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək məhkəmə hesab edir ki, keçirilmiş ekspert tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış binasında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 117,2 kv.metr olan 4 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılsın. Keçirilmiş ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar