Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-933/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.040 manat sığorta ödənişi məbləğinin, 1.000 manat işlərin görülməsi xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 2.070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə “Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nobel prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Ford Focus” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 1.040 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Xətai RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli, 101-5531-1220 saylı arayışa əsasən cavabeh Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, 04/3621 saylı məktubunda qeyd olunmuşdur ki, Cavabdehye Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2022ci il tarixədək yaşama icazəsi verilmişdir və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı cəmiyyətə təqdim olunmuş Cavabdehye məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh “Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh nəqliyyat vasitəsinin baş verdiyi vaxt “Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında öz nümayəndəsinni iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərini araşdıraraq məhkəmə müəyyən etmişdir ki, iddiaçı təşkilat sığortalanmış nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə edilməsi nəticəsində nəqliyyat hadisəsinin baş verdiyini və bu hadisə nəticəsində sığortalanmış əmlaka ziyan vurulduğunu, ziyanın cavabdehin təqsiri nəticəsində vurulmasını əsas gətirərək cavabdehdən subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçının subroqasiya hüququnun yaranması halını aşkar edilməlidir. Məhkəmə bu halı araşdıraraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə ki, “İcbarı sığortalar haqqında” qanuna əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsası kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır, ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında idarə etmişdir. İddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən hal kimi cavabdehin qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etməsini göstərmiş və bu halın əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində sığorta hadisəsinin baş verməsinə istinad etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsi dedikdə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi başa düşülür. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin 2ci hissəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, tərəflərdən birinin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarlı, müvəqqəti olmayan sürücülük vəsiqələrinin sahibləri, digər Tərəfin dövlətinin ərazisində nəqliyyat vasitəsini idarə etmək arzusunda olarsa, öz sürücülük vəsiqələrini həmin digər tərəfin verdiyi sürücülük vəsiqəsinə dəyişmək üçün istənilən vaxt həmin digər tərəfin səlahiyyətli orqanına müraciət edə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, qanunverici nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasını sürücünün ümumilikdə sürücülük vəsiqəsi olmadan və ya bu hüquqlar məhdudlaşdırıldığı halda idarə edilməsi kimi nəzərdə tutur. Hazırkı iş üzrə cavabdehin aid olduğu ölkə tərəfindən verilmiş vəsiqəsi mövcud olmuşdur. Vəsiqənin qüvvədə olma müddəti bitməmiş, cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı tədbirin mövcudluğu barədə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfin sürücülük vəsiqəsinin bir ay ərzində yerli vəsiqə ilə dəyişdirilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə hesab edir ki, bu halda iki ölkə arasında mövcud olan və qanuni qüvvəsini itirməmiş yuxarıda istinad edilən razılaşma əsas götürülməlidir. Belə olan halda cavabdeh olan türk vətəndaşı ona ölkədə qalmağa icazə verilmiş vaxt çərçivəsində sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı aidiyyəti quruma müraciət etmək hüququna malikdir. Eyni zamanda məhkəmə qeyd edir ki, vəsiqənin vaxtında dəyişdirilməməsi nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Odur ki, yuxarıda istinad edilənlərə əssən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə münasibət subroqasiya hüququ yaranmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə belə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 1.040 manat sığorta ödənişi məbləğinin, 1.000 manat işlərin görülməsi xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 2.070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-933/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-933/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver