Məhkəmə qərarları › İş №2(011)-9503/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9503/2025

11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9503/2025 11.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 18 yaşı tamam olan gününə qədər atasından sabit pul məbləğində hər ay 246 manat məbləğində alimentin tutulması və azyaşlı övladının müalicə xərcləri üçün tərəfindən xərclənmiş pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı var. xx.xx.2011-ci il təvəllüdlü X4. Nikah dövründə münasibətləri, normal olsa da, (yəni, ailə quran vaxtı) sonradan münasibətlər kəskinləşdiyindən nikah məhkəmə qaydasında pozulmuşdur. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir. O, ağır xəstəlikdən əziyyət çəkir, xeyli miqdarda azyaşlının müalicəsi üçün iddiaçının maddi vəsaiti hesabına xərc çəkilmişdir. Ona qayğı və nəvazişi iddiaçı göstərir, maddi cəhətdən sıxıntıları var və hesab edir ki, cavabdeh şəxs azyaşlı övladına aliment ödəməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi və bildirdi ki, aralarında 2018-ci ildə razılaşma olub, uşağın ölkədən xaricə çıxmasına cavabdeh tərəfindən razılıq verilməsi müqabilində iddiaçı alimentdən imtina etmişdir, zəlzələ vaxtı uşaqda problem yarandı, iflic olub, fevral ayında artıq 3 il olacaq ki, uşaq ayağa dura bilmir, uşağa Türkiyə Respublikası vətəndaşılığının verilməsinə də cavabdeh razılıq vermir, bununla bağlı məhkəməyə müraciət ediblər, hal-hazırda yenidən alimentin alınması üçün müraciət etmək məcburiyyətində qalmışlar, nəvəsi xəstədir, müalicələri bahadır, bu vaxta kimi bütün xərclər tərəflərindən çəkilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, maaşının 550 manat olduğundan, alimentin hissəvi təyin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2025-ci il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, iddiaçı tərəfindən 60 manat mediasiyaya dair xərci ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Xəlilov Yusifin müalicəsi üçün 729 lira ödəniş olmuşdur. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Xəlilov Yusifin müalicəsi üçün 3907 lira ödəniş olmuşdur. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Xəlilov Yusifin müalicəsi üçün 6193 lira ödəniş olmuşdur. CMS Azemis “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə olunmuş gəlir məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh əmək haqqısı 613 manat təşkil edir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Məhkəmə iddia tələbinin “azyaşlı övladının müalicə xərcləri üçün tərəfindən xərclənmiş pulun iddiaçıya ödənilməsinə” dair hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının xeyrinə cavabdehdən 5414,50 lirə tutulmalıdır. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı övladının müalicə xərcləri üçün ümumilikdə 10829 (729+3907+6193) lirə xərc çəkmişdir. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2011-ci il təvəllüdlü X1 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 246x12=2976 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 49.76 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 49.76 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə işə baxılmasına dair xərclərə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, mediasiya təşkilatına 60 manat məbləğində rüsum ödənilmişdir. İddiaçının bununla bağlı tələbi olmadığından mediasiya təşkilatına ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması müddəti xx.xx.2025-ci il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Cavabdeh 49,76 (qırx doqquz manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Müalicə xərcləri üçün çəkilmiş 5414,5 (beş min dörd yüz on dörd lirə, əlli kuruş) lirə (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Türk lirəsinın manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar