Məhkəmə qərarları › İş №2(011)-952/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-952/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-952/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən 477 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X4 mülki məsuliyyəti, “Mercedes Benz” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı, 10.08.2020-ci il tarixdən 10.08.2021-ci il tarixədək iddiaçı tərəfindən icbari sığortası növü üzrə sığortalanmış və bu barədə PAZ********** saylı icbari sığorta müqaviləsi bağlanmışdır. “Mercedes Benz” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. 18.06.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı, ** UH *** markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus “Alfa Romeo” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş və 18.06.2021-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokola əsasən cavabdeh İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. 25.06.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən ziyan dəymiş avtomobilə (“Alfa Romeo” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı) görə 477 manat məbləğində zərərin dəyməsi müəyyən edilərək həmin sığorta ödənişi faydalanan şəxsə ("xxxx" Sığorta Şirkəti ASC) ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, 18.06.2021-ci il tarixdə Xətai rayonu ünvanında iddiaçı tərəfindən mülki məsuliyyəti PAZ ********** saylı müqavilə ilə icbari sığortalanmış, X3 məxsus iddiaçı tərəfindən idarə edilən “Mercedes Benz” **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Xalq Həyat" Sığorta Şirkəti ASC-yə məxsus edilən “Alfa Romeo" markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq hadisə verindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Xətai DYPl-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci, maddələri ilə İXP ******* nömrəli protokol yazılmışdır. “Alfa Romeo" markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 477 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, hadisə baş verdikdən sonra cavabdeh ona zəng edərək kiçik qəza törətdiyini bildirmiş, bundan sonra hadisə yerinə getdikdə balaca əzik olduğunu görmüşdür. Cavabdeh maşını idarə edən şəxsə avtomobili təmir etməsini təklif etsə də, o qəbul etmiyib. Cavabdeh hadisə yerindən yayınmayıb. Hadisə zamanı iddiaçının əməkdaşları hadisə yerində olmuş və zərər dəymiş avtomobilin şəkillərini də çəkmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilən müddəadan da, göründüyü kimi göstərilən əsasla sığorta hadisəsi törətmiş şəxsdən subroqasiya qaydasında sığorta ödənişinin geri tələb edilməsinin yeganə şərti şəxsin hadisə yerindən yayınması ilə bağlıdır. İddiaçı iddia tələbinin yeganə dəlili kimi cavabdehin hadisə yerindən yayınmasını göstərsə də, iş materiallarında olan 18.06.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı inzibati xəta haqqında protokolda cavabdehin (sürücünün) hadisə yerindən yayınması ilə bağlı inzibati xəta törətməsi qeyd edilməmişdir. İnzibati xəta haqqında protokolda cavabdeh tərəfindən yalnız İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, yəni avtomobili arxaya verərkən ara məsafəsini gözləmədiyi, eləcə də, İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) törədildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi qeyd edilmişdir. Həmçinin, 18.06.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı inzibati xəta haqqında protokol, həmin protokolun alınması və yol nəqliyyat hadisəsinin sxemi sığorta hadisəsi baş verən gün, yəni 18.06.2021-ci il tarixdə cavabdeh tərəfindən imzalanmışdır. Bundan başqa, 18.06.2021-ci il tarixdə həm cavabdeh, həm də zədələnmiş avtomobilin sürücüsü tərəfindən verilmiş izahatlarda cavabdehin hadisə yerindən yayınması qeyd edilməmiş, habelə izahatı almış polis əməkdaşı da yol nəqliyyat hadisəsinin iştirakçılarına bununla bağlı hər hansı sual ünvanlamamış və araşdırma aparmamışdır. Odur ki, şərh edilən xüsusatlar əsasında, eləcə də işin faktiki halları baxımından məhkəmə belə qənaətə gəlir ki, sığorta hadisəsi baş verən vaxt cavabdeh hadisə yerində olmuş və yol-nəqliyyat hadisəsinin yerində araşdırılmasında iştirak etmişdir. İddiaçı isə cavabdehin hadisə yerindən yayınmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, iddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən hal (cavabdehin hadisə yerindən yayınması halı) sübut olunmadığından onun təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş sığorta ödənişi “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 63.1-ci maddəsinə müvafiq olaraq subroqasiya qaydasında cavabdehdən tələb edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar