Məhkəmə qərarları › İş №2(011)-963/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-963/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-963/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 900 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhərində yerləşən Mehraboğlu şirkətinin rəhbəridir. İddiaçı uzun zamandır ki, öz ailəsinin təlabatlarını ödəmək üçün suvaq ustası işləyir. Daha da çox iş olması öz şəxsi nömrəsini özünə məxsus olan “Facebook” adlı sosial şəbəkə saytında qeyd etmişdir. Bu zaman təxminən 27 iyul 2023-cü il tarixdə iddiaçıya məxsus olan nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmişdir. Qeyd etdiyi nömrəni işlədən xanım iddiaçı ilə danışmış və onun nömrəsini “Facebook” adlı sosial şəbəkə saytından götürdüyünü, iddiaçını suvaq işi üzrə işləməyi üçün dəvət etmişlər. İddiaçı isə onların dediyi sözlərə daha da aydınlıq gətirmək üçün əlavə məlumat verilməsini istəmişdir. İddiaçı ilə danışan xanım isə tezliklə rəhbərliyin onunla danışacağını bildirirək zəngi dayandırmışdır. Aradan uzun saat keçdikdən sonra Cavabdeh Mehralı oğlu adlı şəxs iddiaçının mobil nömrəsinə zəng edərək , Mehraboğlu şirkətinin rəhbəri olduğunu, iddiaçının Laçın rayonunda gedən tikililərdə suvaq işini görməyi üçün narahat etdiyini bildirmişdir. İddiaçı da ailəsinin təlabatlarını daha da yaxşı etmək üçün Cavabdeh sözləri ilə razılaşmış və işə başlamağa başlamışdır. Lakin Cavabdeh ilkin olaraq Laçın rayonundan əlavə Bakı şəhərində işi olduğunu, həmin işi iddiaçının etməyini, daha sonra isə rəsmi olaraq Laçın rayonunda işləyəcəyini bildirərək xahiş etmişdir. Bildirmişdir ki, tezliklə müqavilə bağlanılacaq və əmək haqqını vaxtlıvaxtında verəcəkdir. İddiaçı 28 iyul 2023-cü il tarixdə Bakı şəhərinə gedərək baş nəqliyyat idarəsinin yanında bilinməyən küçədə yerləşən şəxsi mənzildə suvaq işi görmüşdür. Cavabdeh şəxsi mənzilində 15 avqust 2023-cü il tarixə qədər işləmişdir. Lakin Mehraboğlu şirkətinin rəhbəri Cavabdeh iddiaçının işlədiyi müddət ərzində onun əmək haqqını verməmiş, iddiaçı ilə rəsmi müqavilə bağlamamış və qanunla saxtakarlıq etmişdir. Cavabdeh iddiaçını qanunsuz işlədib əmək haqqını vermədiyi üçün iddiaçı Suraxanı rayonu Polis İdarəsinin 30-cu bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin müraciət etməyinə baxmayaraq bu işin mülki iş olduğunu bildirərək qanun üzrə məhkəməyə müraciət etməyini bildirmişlər. Hazırda iddiaçı Mehraboğlu şirkətinin rəhbəri Cavabdeh onu qanunsuz işlədib əmək haqqını vermədiyi üçün işlədiyim dövr ərzində olan əmək haqqını və Bakı şəhərinə gedib gələrək çıxılan yol xərci ilə birlikdə cəmi 900 manat pulun verilməsini tələb edir, lakin cavabdeh verməkdən imtina edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İddiaçı Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən sonuncunun göstərdiyi ünvanda təmir işləri apardığını iddia etmiş, cavabdeh görülmüş işlərin haqqını ödəmədiyi üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əmək haqqının ödənilməməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, müraciət əsasında aparılmış araşdırma əsasında mübahisənin həllinin daxili işlər orqanının səlahiyyətinə aid olmadığı müəyyən edilmiş, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı həmçinin "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunması ilə bağlı X1 Xidməti Bakı şəhər idarəsinə müraciət etmiş, müraciətdə qeyd olunan məsələlərin araşdırılması üçün iddiaçı DOST Mərkəzinə və ya Qarabağ regional şöbəsinə dəvət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh ilə aralarında şifahi müqavilənin bağlanmasına, həmin müqaviləyə əsasən onun təmir işləri aparmalı olduğunu, bunun müqabilində sonuncudan pul almalı olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı istinad etdiyi halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı usta olmasını və təmir işlərini aparmasını qeyd etsə də, bu işlərin nədən ibarət olması, hansı sahə üzrə hansı vəsait müqabilində danışılması, işin hansı müddətə yekunlaşdırılmalı olması və bununla bağlı tərəflər arasında razılığın konkret olaraq nədən ibarət olması ilə bağlı məhkəməyə mötəbər sübutları təqdim etməmişdir. İddiaçı məhkəməyə vatsapp yazışması və səs yazıları təqdim etsə də, məhkəmə tərəfindən bu yazışma və danışıqların məhz təmir işləri ilə bağlı olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, hazırkı iş üzrə nə birbaşa, nə də dolayı sübutlar iddianın əsaslı olmasını təsdiq etmir. İddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçıdan 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı - ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 900 manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar