Məhkəmə qərarları › İş №2(012)-1041/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1041/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1041/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə onun əmək haqqının (və başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, o, İddiaçı atasıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X4 bağlanmış 16 nömrəli akt qeydi ilə nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat, habelə onun 3 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı DİN-in Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X6 polis nəfəri kiçik serjant vəzifəsində çalışır və 767.37 manat məbləğində əmək haqqı alır. İddiaçının tək gəliri əmək haqqıdır və başqa heç bir yerdən gəliri yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)- 3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qət edilən zaman İddiaçı əmək haqqı nəzərə alınmamış və sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddiaçı övladına baxır və ömrünün sonuna kimi baxmağa davam edəcəkdir. Lakin alimentin iddiaçının əmək haqqından tutulmalı və iddiaçının aylıq gəliri nəzərə alınmalıdır. İddiaçı bu ciddi məsələ ilə bağlı Abşeron 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən Mediasiya Təşkilatında cavabdeh iştirak etmədiyi üçün iddiaçıya arayış və ödədiyim pulun qəbzi təqdim edilmişdir və izah olunmuşdur ki, bundan sonra məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbinin müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı onun xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat, habelə onun 3 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvədə qalmışdır. O işləmir və hesab edir ki, hal-hazırda aylıq 235 manat aliment məbləği ilə uşaq saxlamaq, onun ehtiyaclarını ödəmək çox çətindir. Buna baxmayaraq iddiaçının alimentin azaldımasını tələb etməsi əsassızdır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -2 saylı Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T 287855 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X4 bağlanmış 16 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat, habelə onun 3 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1511/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı DİO-da xx.xx.2023-cü ildən DİN-in Diplomatik nümayəndəliklərinin mühafizəsi üzrə X7 polis nəfəri kiçik serjantı işləyir və aylıq əmək haqqı 767,37 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)- 3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X2 anasının yanında qalması və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat, habelə onun 3 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət edilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1511/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda, iddiaçı maddi çətinliyi ilə əlaqədar olaraq alimentin tam şəkildə ödənilməsinin mümkünsüzlüyünü irəli sürərək alimentin miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunun tələblərindən göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə alimentin miqdarının azaldılması azyaşlı uşaqların yaşı, maddi və digər ehtiyacları nəzərə alınmaqla onun mənafeyinə uyğun deyildir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-3237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş aliment məbləği məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilmiş, həmin aliment məbləğinin azaldılması isə uşaqların mənafeyi ilə ziddiyyət təşkil etməklə yanaşı, qanunvericiliyin tələblərinin də kobud şəkildə pozulması ilə nəticələnmiş olacaqdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı sabit məbləğdə əmək haqqı alsa belə onun əmək haqqının ¼ hissəsi 192 manat təşkil edir ki, bu məbləğ uşaqların minimum dolanışıq xərclərini qarşılaya bilməz. Qanunvericiliyə, eyni zamanda, Nazirlər Kabinetinin Qərarına, həmçinin, mülki iş materiallarına istinad edərək, məhkəmə müəyyən etmişdir ki, iddiaçıdan uşağın saxlanılması üçün tutulan aliment məbləği onun əmək haqqısı nəzərə alınmaqla təmin edilmişdir. İddiaçının əmək haqqında və başqa gəlirlərində, ailə vəziyyətində hər hansı bir dəyişiklik olmamış, ona görə də, məhkəmə bir valideyn olaraq iddiaçının övladlarını saxlamaq üçün müəyyən olunmuş aliment məbləğinin azaldılması üçün heç bir əsas görməmiş, iddia tələbi əsaslı olmadığından təmin edilməməsi qənaətinə gəlmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsini, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsasını sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən, eyni zamanda, aliment məbləğinin azaldılmasına heç bir əsas olmadığından iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddia tələbində tələb edilmədiyindən, həmin məbləğ iddiaçının özünə aid edilir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar