Məhkəmə qərarları › İş №2(012)-1047/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1047/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1047/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-250/2019 saylı qətnaməsinə əsasən hər bir uşağa görə təyin olunmuş 154 manat olmaqla, cəmi 308 manat aliment miqdarının azaldılaraq, hər bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat miqdarında alimentin təyin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2003-cü ildə cavabdeh X5 ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə X8 və xx xxxx 2006-cı il tarixdə X7 adlı 2 uşaqları anadan olmuşdur. 2018-ci ildə X5 nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gülər Eyubovanın iddiası təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-250/2019 saylı qətnaməsinə əsasən X5 ilə İddiaçı arasında olan nikahın pozulması, xx xxxxxx 2005-ci il təvəllüdlü X8 və xx xxxx 2006-cı il təvəllüdlü X4 anası X2 himayəsinə verilməsi və azyaşlı uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay hər bir uşağa görə 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə çıxarılan zaman, İddiaçı işləməmiş, cavabdeh isə sonuncudan aliment tələb etməmişdir. Lakin, xeyli məbləğdə aliment borcu yığılandan sonra, (tələbdə 5800 manat göstərilir) Gülər bank hesabı açdırmış və yığılmış aliment məbləğini İddiaçı tələb etmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəməyə təqdimat təqdim edərək, guya İddiaçı aliment borcunu ödəmədiyini bildirmiş və barəsində inzibati qaydada tədbir görülməsini tələb etmişdir. Məhkəmə aliment məbləğindən etdiyi ödənişləri və qəbzləri nəzərə alaraq inzibati icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Hazırda İddiaçı maddi vəziyyəti çox pisdir. İddiaçı yığılmış 5800 manat aliment borcunu, habelə hər ay 308 manat məbləğində alimenti ödəməlidir. Bu hal isə qeyri-mümkündür. Belə ki, İddiaçı yaşlı anası ilə yaşayır, 2020-ci ilin fevral ayından etibarən “xxxx” MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. İddiaçı əmək haqqını bütövlükdə aliment borcuna ödəsə belə, borcunu ödəyib qurtara bilməz. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-250/2019 saylı qətnaməsinə əsasən hər bir uşağa görə təyin olunmuş 154 manat olmaqla, cəmi 308 manat aliment məbləğinin azaldılaraq, hər bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı birgə nikahlarından anadan olan 2 övladı ilə birlikdə kirayədə yaşayır, uşaqların maddi tələbatını ödəməkdə çətinlik çəkir. Buna görə də, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-250/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X2 arasında olan nikahları pozulmuş, xx xxxxxx 2005-ci il təvəllüdlü X8 və xx xxxx 2006-cı il təvəllüdlü X4 anası X2 himayəsinə verilməsi və azyaşlı uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay hər bir uşağa görə 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2008/01 saylı arayışından görünür ki, İddiaçı 2020-ci ilin fevral ayından etibarən həmin MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)-2016/2020 saylı qərardan çıxarışdan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, uşağın maddi tələbatlarının təmin edilməsi təkcə atanın yox, hər iki valideynin vəzifəsidir və bu vəzifəni icra etməkdə hər bir valideyn bərabər məsuliyyət daşıyır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-250/2019 saylı qətnaməsinə əsasən xx xxxxxx 2005-ci il təvəllüdlü X8 və xx xxxx 2006-cı il təvəllüdlü X4 anası X2 himayəsinə verilməsi və azyaşlı uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay hər bir uşağa görə 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı, “xxxx” MMC-də fəhlə işləyir və hazırda 300 manat məbləğində aylıq əmək haqqı alır. İddiaçının başqa yerdən gəliri olmadığı və maddi durumu ağır olduğu üçün 308 manat aliment ödəməyə imkanı yoxdur. Buna görə də, iddiaçı X3 ödənilən alimentin miqdarının azaldılaraq hər bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. Eyni zamanda Məhkəmə hesab edir ki, yaxud az gəlir əldə etməyinin onun valideyn kimi öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmədiyi, alimentin ödənilməsinin onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyclarının ödənilməsinə mane olsa belə, atanın mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borclu olduğu qənaətinə gəlmişdir. Qanunvericiliyin tələbinə görə alimentin müəyyən olunmuş miqdarınının dəyişməsinin tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)- 250/2019 saylı qətnaməsi qəbul edildikdən sonra iddiaçının maddi vəziyyətində hər hansı mənfi dəyişiklik olmamışdır. İddiaçının ailə və maddi vəziyyətində dəyişiklik kimi qeyd etdiyi hallar - “xxxx” MMC-də fəhlə vəzifəsində çalışması, 300 manat məbləğində əmək haqqı alması, onun başqa yerdən gəliri olmaması - qətnamədən sonra onun maddi və ailə vəziyyətində dəyişiklik kimi qiymətləndirilə bilməz. Başqa sözlə, iddiaçının ailə vəziyyətində dəyişiklik kimi qeyd etdiyi hallar həm birinci dəfə aliment tutulanda, həm də həm də alimentin məbləğinin azaldılmasına dair müraciət vaxtı da mövcud idi və bu hallar qeyd olunan qətnamələrdən sonra baş verən hallar deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə belə hesab edir ki, hazırkı məhkəmə baxışında əvvəlki məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar