Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1066/2021 19.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, vəkil X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3942/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat və uşağın 3 yaşına çatanadək iddiaçının maddi təminatının ödənilməsi üçün hər ay 30 manat, cəmi 184 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə üzrə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər olan (19 ay x 184 manat) 3496 manat aliment üzrə borcları ödəməkdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından xx xxxxxxxx 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuş, sonradan pozulmağa başlamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3942/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat və uşağın 3 yaşına çatanadək iddiaçının maddi təminatının ödənilməsi üçün hər ay 30 manat olmaqla, cəmi 184 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 3437/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 anasının himayəsində qalması qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edilən vaxtdan xx xxxxxx 2020-ci il tarixə qədər cavabdehlə birlikdə yaşamış və uşağının maddi tələbatlarını ödəmişdir. Buna görə, alimentlə bağlı aralarında mübahisə olmamışdır. Hazırda cavabdeh birlikdə yaşadıqları müddətin aliment pulunu ondan tələb edir və bununla bağlı 1 il 7 ay əlavə borcu yaranmışdır. Odur ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)-3942/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat və uşağın 3 yaşına çatanadək iddiaçının maddi təminatının ödənilməsi üçün hər ay 30 manat, cəmi 184 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə üzrə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər olan (19 ay x 184 manat) 3496 manat aliment üzrə borcları ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında cavabdehin nümayəndəsi, vəkil X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır, iddiaçı tərəfin bununla bağlı heç bir sübutu yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3942/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilərək İddiaçı xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat və uşağın 3 yaşına çatanadək iddiaçının maddi təminatının ödənilməsi üçün hər ay 30 manat, cəmi 184 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3437/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 4083 nömrə ilə qeydə alınmış nikah pozulmuş və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 anasının yanında qalması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin müəyyən olunmuş hallarından görünür ki, qanunvericiliyin tələblərində göstərilən hallar nəzərə alınaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-3942/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilərək İddiaçı xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat və uşağın 3 yaşına çatanadək iddiaçının maddi təminatının ödənilməsi üçün hər ay 30 manat, cəmi 184 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə həmin şəxsi aliment borcunu ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Lakin bunun üçün aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi müəyyən edilməlidir. İddiaçı xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər olan 3496 manat aliment borcundan azad edilməsini məhkəmə qətnaməsi qəbul edilən vaxtdan xx xxxxxx 2020-ci il tarixə qədər cavabdehlə birlikdə yaşaması və uşağının maddi tələbatını ödəməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə birgə yaşaması onun aliment borcunu ödəməkdən azad edilməsinə əsas hesab edilə bilməz. Həmçinin, məhkəmə araşdırması zamanı, tərəflərin birgə yaşamaları, onların alimentin ödənilməsinə nəzarət edən icra qurumuna rəsmi müraciət etmələri ilə bağlı hər hansı bir hal aşkar edilmədi. Bundan əlavə, iddiaçı tərəfindən istinad olunan halların mövcud olması iddiaçının alimenti ödəmək öhdəliyinin yerinə yetirilməsinə maneə deyildir, yaxud da həmin halların mövcudluğu alimentin ödənilməsini mümkünsüz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1066/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1066/2021
19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver