Məhkəmə qərarları › İş №2(012)-1093/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1093/2023

27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1093/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və uşağa çəkilən əlavə xərclər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və uşağa çəkilən əlavə xərclər tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X5 çəkilən əlavə xərcə görə 3000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2019/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, X4 təhsil xərci olaraq 4500 manat pul vəsaitinin və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X8 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X11 anadan olmuşdur. Aralarında olan nikah münasibətlərinə xitam verildikdən sonra uşaqlar iddiaçının yanında qalmış və uşaqların saxlanılması üçün aliment təyin edilmişdir. Sonuncu tutulan aliment məbləği hər bir uşaq üçün 130 manat olmaqla, ayda 260 manat müəyyən edilmişdir. Uşaqların təhsilinə çox pul vəsaiti sərf edilir. X3 Respublikasında “İstanbul Aydın Universiteti”nin hüquqşünaslıq fakultəsinə qəbul olmuş, illik təhsil haqqı ödənişi 5000 ABŞ dolları təşkil edir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, iddiaçı özü çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun cavabdeh ilə birgə nikahından iki uşağı vardır. O, cavabdeh ilə 2011-ci ildə ayrılmış və həmin tarixdən bəri cavabdeh uşaqları bir dəfə də olsun, görməmişdir. Onun cavabdehdən aldığı vəsait 140 manat aliment təşkil edir. Bu səbəbdən də, alimentin miqdarının artırılmasını da zəruri hesab edir. Onun qızı İstanbul şəhərində hüquq fakultəsini 65 faiz burslu olmaqla təhsil alır. Ödəniş qəbzlərinə əsasən, qızı yataqxanada yaşayır və buna 4000 manat pul vəsaiti sərf etmişdir. İstədiyi cavabdehin ona qismən də olsa yardım etməsidir. Cavabdeh ona qızının təhsil alması ilə bağlı dəfələrlə irad bildirmişdir. O, özü tək olmaqla iki uşağını maddi cəhətdən təmin etmiş, özü yeni nikaha daxil olmamışdır. Cavabdeh alimentdən savayı ona ödəniş etmir, lakin bununla belə, aliment ödənişlərini belə davamlı şəkildə ödəmir. Cavabdeh saxta sənəd düzəltdirməklə guya “Statistika Komitəsi”ndə qaynaqçı vəzifəsində işləyir və maaşının az olmasını əsas gətirir. Uşaqların ikisi də ingilis təmayüllü liseydə öz savadları hesabına təhsil almış, oğlu Azərbaycan üzrə boks sahəsində qara kəmər qazanmışdır. Cavabdeh yeni nikaha daxil olmuş və həmin qadın cavabdehin ən yaxın dostunun keçmiş yoldaşı olmaqla ona xəyanət etmişlər. Hazırda, cavabdeh həm öz uşaqlarına görə, həm də yeni nikaha daxil olduğu qadının əvvəlki nikahından olan uşaqlarına görə aliment ödənişi edir. İddia ərizəsinə qarşı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, İddiaçı iddia tələbi həm faktiki, həm maddi hüquqi, habelə, prosessual əsaslarla əsassız olduğundan, sui-istifadə və əsassız varlanma məqsədi daşıdığından rədd edilməlidir. Belə ki, X6 tərəfindən iddia ərizəsində göstərilmiş ali təhsil müəssisəsi seçilərkən təhsil müəssisənin xarakterik xüsusiyyətləri, təhsil forması, təhsilin ödənişli və ya ödənişsiz əsaslarla aparılması, təhsil haqqının məbləği, həcmi və sairə məsələlərlə bağlı cavabdeh ilə heç bir məsləhət aparılmamışdır. Cavabdeh qızının xarici ali təhsil müəssisəsində, o cümlədən, ödənişli əsaslarla deyil, məhz X17 tərəfindən keçirilən ali təhsil müəssisələrinə test üsulu ilə qəbul imtahanlarında iştirak edərək müsabiqə əsasında Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində dövlət hesabına ali təhsil almasının tərəfdarı olmuşdur. Belə olan halda, cavabdehin valideyn kimi Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeyə müvafiq olaraq uşağın böyük xərc tələb edən xarici ölkənin ali təhsil müəssisəsində yüksək təhsil haqqı ilə bağlı əlavə xərclərdə iştirakı və bununla bağlı ondan vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni, orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Belə ki, cavabdeh Dövlət Statistika Komitəsində ştatdankənar olmaqla nəzarətçi işləyir, aylıq vəzifə maaşı 335 manat (vergilər və digər məcburi dövlət ödənişləri çıxılmaqla cəmi 280 manat) təşkil edir və tam ştatlı muzdlu işdə çalışdığından əlavə iş yerində işləməsi, hər hansı ödənişli fəaliyyət növü ilə məşğul olması mümkün olmadığından bundan başqa gəlir mənbəyi də mövcud deyil. Eyni zamanda, Abşeron rayon Məhkəməsinin 2(012)-2019/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulur. İddiaçı tərəfindən 2022-ci ildə Abşeron rayon Məhkəməsinə müraciət edilərək alimentin məbləğinin artırılması ilə yanaşı, uşağın təhsil haqqının yarısını təşkil edən 3500 manat pulun tutulması xahiş edilmişdir. Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddia tələbi alimentin miqdarının dəyişdirilməsi hissəsində təmin edilsə də qalan hissədə (yəni, təhsil xərcləri) təmin edilməmişdir. Beləliklə, iddiaçının eyni əsaslar üzrə eyni tələbi daha əvvəl Abşeron rayon Məhkəməsinin 2(012)-2019/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən təmin olunmadığından, həmin qətnamə qanuni qüvvəyə mindiyindən və eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmet üzrə mübahisəyə prosessual qanunvericiliklə yol verilmədiyindən hazırki iş üzrə iddia ərizəsi də yolverilməz hesab edilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin qəbul edilməsindən imtina və ya iddia ərizəsinin qaytarılması barədə qərardad çıxarılması, işə mahiyyəti üzrə baxılması davam etdirildiyi halda isə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 149866 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 nömrəsi ilə qeyd edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X11 Azərbaycan Respublikasının vətəndaşıdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2019/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3532/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -“Özül can kız ögrenci yurdu evrak bilgiləri” adlı yurd kayıt sözləşməsindən görünür ki, X4 yataqxanada qalması üçün avqust ayından may ayına qədər olan müddət üçün 500 Tl pul vəsaiti depozitə qoyulmuşdur. -X10 Aydın Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 universitetdə təhsil haqqı 5000 ABŞ dolları təşkil edir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı X4 təhsil xərcinə görə ödənişlər etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Hökməli qəsəbə ərazi dairəsi Hökməli qəsəbəsi At Yalı yaşayış massivi Zəngəzur küçəsində, Cavabdeh isə Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X11 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2019/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X6 ölkə xaricində təhsil aldığından iddiaçı uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, həmçinin, X4 təhsil haqqı xərci ilə əlaqədar olaraq cavabdehin əlavə xərclərə cəlb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 42-ci maddəsinin İ hissəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 42-ci maddəsinin İİ hissəsinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən, dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.2. maddəsinə əsasən, Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. Qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, hər bir vətəndaşın pulsuz ümumi icbari orta təhsil almaq hüququ vardır ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Qanunvericiliklə valideynlər uşaqlarının maraqları nəzərə alınmaqla ümumi orta təhsil almaq hüququnun təmin edilməsinə yönələn, yəni, təhsil formasını və təhsil müəssisəsini seçmək hüquqlarına malikdir. Lakin yetkinlik yaşına çatmış şəxsin ali təhsil alması, ali təhsil müəssisəsini və formasını seçmək onun sərbəst seçiminə aiddir. Beləliklə də, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. İddia ərizəsindən də göründüyü kimi, özəl təhsil müəssisəsində təhsil almaq seçimini edən xx.xx.2005-ci il təvəllüdlü X6 “İstanbul Aydın Universiteti”ndə illik təhsil haqqı 5000 ABŞ dolları olmaqla hüquq fakultəsində təhsil alır. Ailə Məcəlləsinin: 80.1. maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.1. maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında alimentin ödənilməsi barədə saziş olmadığından iddiaçı cavabdeh ilə birgə nikahlarından olan, yetkinlik yaşına çatmamış, maddi yardıma ehtiyacı olan uşağının təhsil xərclərinə cəlb olunması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, valideynlər yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün əlavə xərclərlə bağlı öz aralarında bağlanmış saziş əsasında razılıq əldə edə bilərlər, qeyd olunan saziş bağlanmadığı təqdirdə isə məhkəmə valideynin müraciəti əsasında digər valideyni əlavə xərclərdə iştirakına cəlb edə bilər. Hazırki iddia tələbinin mahiyyətindən də göründüyü kimi, cavabdeh yetkinlik yaşına çatmayan qızının təhsil xərci ilə əlaqədar əlavə xərclərdə iştirak etmədiyindən iddiaçı həmin xərclərin məhkəmə qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarındakı hüquqi mövqeyə görə, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. “Təhsil haqqında” Qanunun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Beləliklə, qanunvericiliyin və Plenum Qərarının hüquqi mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, valideynlər yetkinlik yaşına çatmamış uşaqlarının əlavə xərcləri ilə bağlı aralarında bağlanmış saziş əsasında razılığa gələ bilərlər, maddi yardıma ehtiyacı olan və yetkinlik yaşına çatmış övladlarına münasibətdə isə əlavə xərclərdə iştirakları onların uşaqlara göstərilən, eləcə də gələcəkdə göstəriləcək birbaşa və ya ondan yaranan əlavə tibbi xidmətlərin göstərilməsi ilə əlaqədardır. Təhsil hüququ isə ümumi icbari orta təhsil məcburi və pulsuz olmaqla ali təhsil almaq həmin təhsilin xüsusiyyəti, təhsil alınacaq müəssisənin yerləşdiyi yer, eyni zamanda, təhsil formasını seçmək şəxsin seçimi ilə əlaqəlidir. İş materiallarından da göründüyü kimi, Türkiyə Respublikasının İstanbul şəhərində hüquq fakultəsində illik təhsil haqqı 5000 ABŞ dolları olmaqla oxumaq seçimini edən tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasında dövlət müəssisələrində pulsuz ali təhsil almaq seçimi də olduğu halda, ali təhsil almaq hüququnu ölkə xaricindən kənarda, ödənişli əsaslarla almaq istiqamətində etmişdir. Göründüyü kimi, qanunvericilik valideynin uşağın təhsil xərci ilə əlaqədar əlavə xərclərdə iştirak etmək öhdəliyini nəzərdə tutmamışdır. Beləliklə, məhkəmə iddia ərizəsini, qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, İddiaçı “cavabdehin əlavə xərclərə cəlb olunması” tələbinə dair iddia ərizəsi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2019/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün alimentin tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq müəyyən edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2019/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni (220-170=50 manat, 50 manat x 2 (uşaq) = 100 manat, 100 manat x 12 ay = 1200 manat) ödənilməli olan 32 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2019/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 32 (otuz iki) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar