Məhkəmə qərarları › İş №2(012)-116/2025

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-116/2025

13.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-116/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5429,28 manat ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün 5 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7175 manat ödəncin, 416,67 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin, mənəvi zərərə görə 8500 manat pulun və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan 60 manat ilkin mediasiya sessiyası xərcinin, ümumilikdə 21580,95 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixli Cavabdeh MMC-də konstruktor vəzifəsində işləmişdir. xx.xx.2020-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2020ci ildə Cavabdeh MMC-də konstruktor vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə öz xahişi ilə işdən azad edilmişdir. Cavabdeh MMC-də (bundan sonra cavabdeh) inzibatçı vəzifəsində çalışdığı zamanı vergi, sosial sığorta haqqı və icbari ödəmələr tutulandan sonra kart hesabına aylıq olaraq 250 manat əmək haqqı köçürülüb. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verildikdə ona son haqq-hesab ödənilərkən yalnız istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilmişdir. Üç il bir ayın, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək əmək haqqı ona ödənilməmişdir. Pozulmuş əmək hüququnun bərpası üçün üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə şikayət ünvanlamışdır. Cavab olaraq cavabdehin rəhbərliyi barəsində müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan sonra, ödənilməmiş əmək haqqının ona ödənilməsi üçün cavabdehə mediasiya təklifi göndərilmiş, lakin təklifə cavab verilməmişdir. Daha sonra ilkin mediasiya sessiyası üçün Bakı 12 saylı Mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər həlli mümkün olmadığından pozulmuş əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5429,28 manat ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün 5 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7175 manat ödəncin, 416,67 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin, mənəvi zərərə görə 500 manat pulun və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan 60 manat ilkin mediasiya sessiyası xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1259/K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə Cavabdeh MMC-də inzibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli 401/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 446,46 manat əmək haqqı, xx.xx.2023-cü il tarixdə 163,98 manat son haqqhesab ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq- hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172.3-cü maddəsinə əsasən, əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək xx.xx.2022-ci il tarixli əmrlə Cavabdeh MMC-də inzibatçısı vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, öz təşəbbüsü işdən azad edilmişdir. İddiaçı cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə 446,46 manat əmək haqqı, xx.xx.2023-cü il tarixdə 163,98 manat son haqq-hesab ödənilmiş, iddiaçının iddia etdiyi kimi 2022-ci ilin dekabr, 2023- cü ilin yanvar və fevral aylarının əmək haqqısı ona ödənilməmişdir. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddiaçıya əmək haqqının ödənilməməsini inkar etməmiş, bunu iddiaçının həmin aylarda işləməməsi ilə bağlı olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının vaxtında verilmədiyi üçün hər gecikdirilmiş günə görə hesablanmış məbləğin ən azı beş faizi həcmində gündəlik ödəncin verilməsi ilə bağlı tələblər əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İddiaçıya 2022-ci ilin dekabr ayı üçün ödənilməli olan 446,46 manat əmək haqqının 05 yanvar 2023-cü il tarixdə verilməli olduğunu nəzərə aldıqda və həmin tarixdən hazırkı qətnamənin qəbul edildiyi tarixə, yəni 23 noyabr 2023-cü il tarixə hesablandıqda müəyyən olunur ki, 2022-ci ilin dekabr ayı üçün iddiaçıya ödənilməli olan əmək haqqı 264 gün gecikdirilmişdir. Eyni qayda ilə hesabladıqda müəyyən olunur ki, 2023-cü ilin yanvar ayı üçün iddiaçıya ödənilməli olan 446,46 manat əmək haqqı (01 fevral 2023-cü il tarixdə verilməli olan) 236 gün, 2023-cü ilin fevral ayı üçün iddiaçıya ödənilməli olan 446,46 manat əmək haqqı (01 mart 2023-cü il tarixdə verilməli olan) 208 gün gecikdirilmişdir. İddiaçının cavabdeh təşkilatda işlədiyi müddətdə ona ödənilməli olan əmək haqlarının gecikdirildiyini nəzərə alaraq və Əmək Məcəlləsinin 172 və 195-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, hər itirilmiş gün üçün əmək haqqının 5%-i həcmində ödənc hesablanmaqla, vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi cəmi 4000,26 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, 5429,28 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 5 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7175 manat ödənc, 416,67 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi və mənəvi zərərə görə 500 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, yuxarıda təsvir olunanlara və aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 500 manat məbləğində mənəvi zərərin tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5429,28 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 5 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7175 manat ödənc, 416,67 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi və mənəvi zərərə görə 500 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesi üçün ödənilmiş 60 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar