Məhkəmə qərarları › İş №2(012)-1180/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1180/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1180/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 10 aprel 2024-cü il tarixdə doğulmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləği kimi 235 (iki vüz otuz beş) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 17 avqust 2023cü il tarixdə rəsmi nikah bağlanmışdır. Bu barədə Mingəçevir Regional ‘‘ASAN” xidmət mərkəzində, Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2023-cü ilin 17 avqust tarixində 527 № ilə qeyd edilmişdir. El adəti ilə evlənmişdir. Bu evlilikdən 10 aprel 2024-cü il tarixdə övladı X4 doğulmuşdur. İlk əvvəllər münasibətləri normal olsa da, sonradan cavabdehin ona qarşı münasibəti soyuq olmuş və hal-hazırda 2023-cü ilin oktyabr ayından bu günə qədər ayrı yaşayır. Cavabdeh uşaq doğulandan bu günə qədər gəlib onu bir dəfə də olsun görməmiş və mənəvi-maddi dəstək göstərməmişdir. Bütün bu olanlar səbəbindən uşağa aliment tələb etmək fikrindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aramızda bağlanmış 17 avqust 2023-cü il tarixdə, 527 № ilə Mingəçevir Regional “ASAN” xidmət mərkəzində qeyd olunmuş nikahın ləğv edilməsi, 10 aprel 2024-cü il tarixdə birgə nikahdan doğulmuş X3, anası X1 yanında və himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, nikahın pozulmasına, uşağın anasının himayəsində saxlanılmasına razıdır. Lakin uşağın saxlanılması üçün maksimum 200 manat aliment ödəyə bilər. O, 364 manat əmək haqqı alır. Qərar verilərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZ-İİ 584729 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə 527 saylı akt qeydi ilə Cavabdeh ilə X6 arasında Mingəçevir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikah bağlanmışdır. Nikahdan sonra ərə Tanrıverdiyev, arvada Tanrıverdiyeva soyadı verilmişdir. - AZ-İV 990859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Münasibətlər pisləşdiyi üçün onlar faktiki olaraq ayrılmışlar. İddiaçı mübahisə üzrə 2024-cü ilin oktyabr ayında müvafiq mediasiya təşkilatına müraciət etmişdir. Hazırda tərəflər arasında ailə münasibətləri pozulmuşdur və onlar birgə təsərrüfat aparmırlar. İddiaçı məhkəməyə müraciət edərək nikahın pozulmasını və birgə nikahdan doğulmuş uşağın onun himayəsinə verilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində iddianı bu hissədə tam qəbul etmişdir. Ailə Məcəlləsinin 14-cü maddəsinin 2-ci hissəsinə əsasən ər-arvaddan hər hansı birinin və ya onların hər ikisinin ərizəsi əsasında məhkəmə qaydasında nikaha xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı ilə cavabdehin ər-arvad kimi birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflərin hər ikisi nikahın pozulmasında israrlı olduğundan məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlə iddiaçı arasında olan nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalı, iddia bu hissədə təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, tərəflər faktiki ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaq anasının himayəsində qalmışdır. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin razılığı, uşağın mənafeyi nəzərə alınmaqla, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları nikah pozulduqdan sonra İddiaçı (ananın) yanında qalması məqsədəuyğundur. Eyni zamanda bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilmiş, həmin qərarın 1.2.8-ci bəndi üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4- 1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər “8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından – uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, onların aliment barədə razılığı üzrə izahatları, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Miray adlı uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment barədə iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında qeydə alınmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş Miray adlı uşaq anasının himayəsində qalmalı və onun saxlanılması üçün cavabdehdən İddiaçı xeyrinə xx.xx.2024-cü ildən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 527 nömrə ilə qеyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra İddiaçı (ananın) himayəsində saxlanılsın. xx.xx.2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit məbləğdə aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar