Məhkəmə qərarları › İş №2(012)-1280/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1280/2022

28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1280/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı iştirak ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 11.04.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 07 dekabr 2018-ci il tarixdən başlayaraq 193 manat sabit pul məbləğində alimentin Cavabdeh oğlundan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-35/2014 saylı, 19 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 sentyabr 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 11 aprel 2011-ci il tarixdə anadan olmuş X5 onun himayəsində saxlanılması qət edilmişdir. Cavabdehlə ayrılan zaman cavabdeh ona məhkəmə ilə aliment tələb etməməsini, hər ay övladına aliment verəcəyini bildirmişdir. O da cavabdehin dediklərinə inanaraq məhkəmədə aliment tələb etməmişdir. Lakin, cavabdeh işləmədiyini hər dəfə bəhanə gətirərək, alimenti ən qısa zamanda ödəyəcəyini bildirmişdir. O, da insanlıq naminə ona vaxt verir, doğma övladına aliment ödəyəcəyini düşünmüşdür. Lakin 7 ildir ki, bircə dəfə də olsun övladı üçün aliment ödəməmiş,nəinki aliment ödəmək heç vaxt öz doğma övladının nə səhhəti, nə də ki, maddi vəziyyəti ilə maraqlanmamışdır. Qeyd etmək istəyir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, 22ci məhəllə, Ş.Qurbanov küçəsində yerləşən 7 saylı evdə məskunlaşmışdır. Ahıl yaşlı valideynləri ilə birlikdə yaşayır, onlar işləmir və maddi cəhətdən çox əziyyət çəkir. Ona görə də məcbur olub iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və cavabdehdən 11.04.2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 150 manat alimentin tutulmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 22.02.2022-ci il tarixdə məhkəməyə daxil olan etirazında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli 2(012)- 35/2014 saylı, məhkəmə qətnaməsinə əsasən İddiaçı ilə aralarında Oğuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 sentyabr 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 11 aprel 2011-ci il tarixdə anadan olmuş X2 Əliyevanın himayəsində saxlanılmışdır. Aralarında olan nikah 2014-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulan zaman İddiaçı uşağın saxlanması üçün ondan aliment tələb etməmişdir.8 il keçdikdən sonra aliment tələb etməsini qəbul etmir. Belə ki, o hazırda Oğuz rayonunda yaşayır və heç bir yerdə işləmir. Hesab edir ki, maddi vəziyyəti imkan vermədiyinə görə qızı Aişə üçün iddiaçı ondan aliment tələb etsə də ondan hər hansı məbləğin məcburi qaydada alınıb iddiaçıya verilməsi ədalətli deyildir. Maddi imkanı yaxşılaşacağı təqdirdə özü könüllü olaraq iddiaçıya qızı Aişənin saxlanması üçün maddi yardım edəcəkdir. Ondan məcburi şəkildə hər ay vəsait tutulmasını ədalətli hesab etmir. Ona görə də aliment ödəməkdən azad olunmağını istəyir. Heç yerdə işləmir. Özünə məxsus evi, mal-qarası və ya başqa əmlakı yoxdur. Keçən müddət ərzində maddi vəziyyətində yaxşılığa doğru hər hansı bir dəyişiklik olmamışdır. Övladının qarşısında olan borcunu başa düşür. Qızı Aişənin yetkinlik yaşına çatana qədər saxlanması üçün imkanı daxilində ona maddi cəhətdən kömək etməyə də hazırdır. Ancaq, maddi imkanı çox aşağı səviyyədədir və özü də hazırda heç yerdə işləmir. İddiaçı iddiasını qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(012)-35/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Oğuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 sentyabr 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 11 aprel 2011-ci il tarixdə anadan olmuş X2 Əliyevanın himayəsində saxlanılmışdır. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 yanvar 2015-ci il tarixdə verilmiş AZ-İ 208076 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv olunmuşdur. -Oğuz rayon qeydiyyat şöbəsi tərəfindən 02 may 2011-ci il tarixdə verilmiş AZ- İİ № 631674 nömrəli X3 kserosurətindən görünür ki, X6 11.04.2011-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -X4 iştirak edilməsi barədə 10 yanvar 2022-ci il tarixli MŞİH-11902 nömrəli arayışdan görünür ki, bu Arayış İddiaçı ilə Cavabdeh arasında aliment tələbinə dair mübahisə üzrə 10.01.2022-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan X4 Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən yaşadığı ünvana məktub göndərilməklə məlumatlandırılmışdır. İddiaçı X4 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4 maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin hazırda işləməməsini,heç bir gəliri olmamasını və iddiaçının hər ay cavabdehdən 150 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyini nəzərə alaraq, cavabdehdən 11.04.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmasının məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı alimentin tutulmasının əvvəlinin 07 dekabr 2018-ci il tarixdən hesablanmasını xahiş etmiş, lakin bu hissədə iddiasını əsaslandırmamış və eyni zamanda Ailə Məcəlləsinin 100.3 maddəsində nəzərdə tutulan iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı müəyyən edilmdiyindən iddia bu hissədə təmin edilməməlidir Ailə Məcəlləsinin 100.3.maddəsinə görəməhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikahından olan uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, Cavabdeh 14.01.2022-ci il tarixdən başlayaraq 11.04.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehdən 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14.01.2022-ci il tarixdən başlayaraq 11.04.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulsun. Aliment tutulmasının əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablansın. Cavabdeh tərəfindən 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar