Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-129/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin Cavabdeh (İİİ şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsi Cavabdeh (İİİ şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində, yəni Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi özbaşına qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən, Xırdalan Bələdiyyəsinin mülkiyyətində, lakin cavabdehin istifadəsində olan torpaq sahəsinin prospektə baxan hissəsində Xırdalan Bələdiyyəsinə məxsus daş hasarı 8-10 metr enində sökərək təxmini 100 kv.m sahədə qeyri-yaşayış obyekti inşa etmişdir. Cavabdeh tikintiyə dair aidiyyəti orqanlardan icazə almamış, o cümlədən məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin cavabdehə verilməsi barədə Xırdalan Bələdiyyəsində hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Bundan əlavə Xırdalan Bələdiyyəsinin nümayəndələri tərəfindən sözügedən torpaq sahəsinə, o cümlədən qanunsuz tikiliyə və sökülmüş daş hasara baxış keçirilmiş qanunsuz tikinti işlərinin dayandırılması barədə cavabdehə rəsmi xəbərdarlıq olunmuş, yerli baxış zamanı akt tərtib olunmuş, cavabdeh rəsmi xəbərdarlıq vərəqəsini və aktın bır nüsxəsini qəbul etməkdən imtina etmişdir. Qanunvericilik aktlarına əsasən bələdiyyələr onlara ayrılmış və sonradan mülkiyyətləri kimi qeydiyyatdan keçirilmiş sahələrdə sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi səlahiyyətinə malikdir. Qeyd edilən həmin torpaq sahələrindən bələdiyyənin icazəsi və razılığı olmadan istifadə edilməsi hallarının qarşısını almaq üçün bələdiyyə tərəfindən mütəmadi monitorinqlər keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan sahədə, yəni Xırdalan şəhəri, Heydər Əliyev prospektində özbaşına tikinti aparmışdır. X5 və Xırdalan şəhər icra Nümayəndəliyi tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək bu işi yubatmış və hal-hazırda tikinti-təmir işlərini davam etdirməkdədir. Bu hərəkətləri ilə cavabdeh Xırdalan Bələdiyyəsinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqlarını kobudcasına pozmuşdur. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmənın əvvəlki iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi, məhkəmənin sonrakı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Z.Tağıyev küçəsi ev 35 ünvanında mülkiyyətində evi var və həmin evin yerləşdiyi 1022,0 kv.m. torpaq sahəsi və ev 1990-cı illərdən onun istifadəsində olmuş,1997-ci ildə evin dövlət qeydiyyatını rəsmiləşdirmişdir. Həmin torpaq sahəsinin daxilində 70 kv.m-lik birmərtəbəli qeyri-yaşayış sahəsi inşa etmişdir. Torpaq sahəsinin hasarını öz vəsaiti ilə tikmişdir, özü də sökmüşdür, həmin sökülmüş hasarın Xırdalan bələdiyyəsinə heç bir aidiyyatı yoxdur. Xırdalan Bələdiyyəsinin əməkdaşlarının qanunsuz təzyiqlərinə məruz qalmışdır. Bələdiyyə onlardan qanunsuz tələblər edir. Bu barədə müxtəlif orqanlara şikayət etmişdir. Qanunla həmin torpaq sahəsini mülkiyyətinə almaqda üstünlük hüququna malikdir. Bir də ki, həmin torpaq sahəsi Xırdalan Bələdiyyəsinin mülkiyyətinə aid deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İİİ şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddia tələbini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 470.0 ha torpaq sahəsi Abşeron rayonu Xırdalan Bələdiyyəsinin adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 125 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində 18.03.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Abşeron rayon Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, həmin qeydiyyat vəsiqəsi Abşeron rayon İH Başçısının sərəncamına və 27 mart 1997-ci il tarixli 66 saylı Qərarına əsasən Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi Z.Tağıyev küçəsində yerləşən bir otaqlı yaşayış sahəsi 20,7 kv.m, köməkçi sahəsi 9,2 kv.m olan ev Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İşin materiallarında olan fevral 2001-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan evinin üzərində yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 1022,0 kv.mdir. İşin materiallarında olan Abşeron rayonu Xırdalan Bələdiyyəsinin Nəzərəliyev Rauf Əbülfət oğluna ünvanladığı 29 mart 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, ərizəçinin Abşeron rayonu Xırdalan şəhəri Tofiq İsmayılov küçəsi ev 35 ünvanında uzun illər istifadəsində olan 0.10 ha torpaq sahəsini həmin sahə yüksək gərginlikli elektrik xəttinin altında yerləşdiyi üçün adına sənədləşdirmək mümkün olmamışdır. İş materiallarında olan 13.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Xırdalan şəhəri, H.Əliyev pr-də apardığı qeyri-qanuni tikinti işlərini dayandırmağını, sökdüyü 810 metr enində Xırdalan Bələdiyyəsinə məxsus daş hasarın 3 gün müddətində bərpa etmələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-də yerli baxış keçirilən zaman Cavabdeh adlı şəxsin qanunsuz olaraq qeyri-yaşayış obyekti tikdiyi aşkar edilmişdir. Tikinti zamanı bələdiyyəyə məxsus daş hasarın təxminən 8-10 metr enində söküldüyünü və həmin ölçüdə qeyriyaşayış obyektinə qapı qoyulduğu müəyyən edilmişdir. Vətəndaşa tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq olunaraq akt tərtib olunmuşdur. İş materiallarında olan AB Consulting tərəfindən verilmiş 24.01.2022-ci il tarixli mübahisə predmeti olan daşınmaz əmlak haqqında mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası, Abşeron rayon DTİ və MHQİ tərəfindən 2001-ci ildə qeydiyyata alınmış fərdi yaşayış evinin texniki pasportunda göstərilən 1022 kv.metr torpaq sahəsinin hüdudları daxilindədir. Sözügedən tikilinin çöl divarı ilə avtomobil yolunun hərəkəti hissəsi arasındakı məsafə 1.85 metr təşkil edir. Dövlət Şəhərsalma Norma və Qaydalarının 8.18 maddəsinə əsasən küçə və yolların hesabi parametrlərində göstərilən yaşayış tikililəri ərazisində olan küçələrdə səkinin piyada hissəsinin eni 1.5 metr nəzərdə tutulur. Yekun olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin torpaq sahəsində inşa edilən qeyri - yaşayış binası və tikilinin çöl divarı ilə avtomobil yolunun hərəkət hissəsi arasındakı məsafə tikinti normalarını pozmur. Abşeron rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(012)-1785/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza xərcini tərəflər çəkmədiyindən rəy alınması mümkün olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan evi 1022,0 kv.m. torpaq sahəsinin üzərində yerləşməklə 1990-cı illərdən onun istifadəsində olmuş, 1997-ci ildə evin dövlət qeydiyyatını rəsmiləşdirmişdir. Həmin torpaq sahəsinin daxilində küçə tərəfdən təxminən 70 kv.m-lik birmərtəbəli qeyri-yaşayış sahəsi inşa etmişdir. Həmin torpaq sahəsini adına rəsmiləşdirilməsi ilə bağlı cavabdehin iddiaçıya müraciətinə iddiaçı 29 mart 2020-ci il tarixli məktubu ilə həmin sahə yüksək gərginlikli elektrik xəttinin altında yerləşdiyi üçün adına sənədləşdirmək mümkün olmaması ilə imtina olunmuşdur. Sonradan bələdiyyə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi Abşeron rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(012)-1785/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza xərcini tərəflər çəkmədiyindən rəy alınması mümkün olmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunan AB Consulting tərəfindən verilmiş 24.01.2022-ci il tarixli mübahisə predmeti olan daşınmaz əmlak haqqında mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası, Abşeron rayon DTİ və MHQİ tərəfindən 2001-ci ildə qeydiyyata alınmış fərdi yaşayış evinin texniki pasportunda göstərilən 1022 kv.metr torpaq sahəsinin hüdudları daxilindədir. Sözügedən tikilinin çöl divarı ilə avtomobil yolunun hərəkəti hissəsi arasındakı məsafə 1.85 metr təşkil edir. Dövlət Şəhərsalma Norma və Qaydalarının 8.18 maddəsinə əsasən küçə və yolların hesabi parametrlərində göstərilən yaşayış tikililəri ərazisində olan küçələrdə səkinin piyada hissəsinin eni 1.5 metr nəzərdə tutulur. Yekun olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin torpaq sahəsində inşa edilən qeyri - yaşayış binası və tikilinin çöl divarı ilə avtomobil yolunun hərəkət hissəsi arasındakı məsafə tikinti normalarını pozmur. Həmçinin, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin hasarı bələdiyyə tərəfindən yox, cavabdeh tərəfindən öz vəsaiti hesabına inşa olunmuş, sonradan özü tərəfindən də sökülmüşdür. Həmçinin, işin məhkəmə baxışında mübahisəli torpaq sahəsinin Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olması da sübut olunmamışdır. Abşeron rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(012)-1785/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza xərcini tərəflər çəkmədiyindən rəy alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Qanunun 16.3.maddəsinə görə Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası, Abşeron rayon DTİ və MHQİ tərəfindən 2001-ci ildə qeydiyyata alınmış fərdi yaşayış evinin texniki pasportunda göstərilən 1022 kv.metr torpaq sahəsinin hüdudları daxilində olmaqla, həmin torpaq sahəsi 2001-ci ilədək hələ 1990-cı illərdən cavabdehin faktiki istifadəsində olduğundan, həmin torpaq sahəsinin hasarlarının isə Xırdalan bələdiyyəsi tərəfindən inşa edilməsi sübut olunmadığından, habelə qeyri-yaşayış sahəsinin sökülməsini tələb etmək üçün iddiaçı subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları, bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin qeyd edilən əsasla iddia ərizəsi verərkən dövlət rüsumunu ödəməkdən azad olunduğunu, habelə iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid olan dövlət rüsumunun cavabdehdən tutula bilmədiyini nəzərə alaraq, hesab edir ki, iddia üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin Cavabdeh (İİİ şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-129/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-129/2022
31.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver