Məhkəmə qərarları › İş №2(012)-1311/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1311/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1311/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş İsmayılsoy Turan Möhsün oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, İddiaçı xx xxxxxx 1989-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx xxxxxx 2018-ci il tarixdə İsmayılsoy Turan Möhsün oğlu anadan olmuşdur. Cavabdeh uşağının saxlanılmasında iştirak etmir, bu səbəbdən onun aylıq əmək haqqının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması zəruridir. Odur ki, xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş İsmayılsoy Turan Möhsün oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etdi və etiraf barədə ərizəsini məhkəməyə təqdim etdi. O, məhkəmədən etirafının qəbul edilməsini və müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxx 2017-ci il tarixdə Ağcavədi rayon Qeydiyyat şöbəsində rəsmi qaydada nikah bağlamaqla evlənmişlər. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılsoy Turan Möhsün oğlu xx xxxxxx 2018-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, atası - Cavabdeh, anası - İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə iddia tələbi cavabdehin nümayəndəsi tərəfindən etiraf edildiyindən, cavabdehin etirafı məhkəmə tərəfindən təsdiq olunmalı və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, xx xxxxxx 2018-ci il təvəllüdlü İsmayılsoy Turan Möhsün oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Məhkəmə hesab edir ki, alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Buna görə də iddia tələbi dərhal icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Cavabdeh nümayəndəsi X1 iddianı etirafı qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il təvəllüdlü İsmayılsoy Turan Möhsün oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Hazırki miqdarda alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar