Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1332/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış 06.07.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 06.07.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu X2 ərazisində yerləşən mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ümumi sahəsi 2.00 ha torpaq sahəsi 06.07.2024-cü il tarixədək cavabdehə icarəyə verilmiş, həmin müqavilənin 5-ci bəndinə əsasən də aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. 01.01.2020-ci il tarixdən 01.11.2020-ci il tarixədək cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək aylıq icarə haqlarını ümumilikdə 10000 manat olmaqla ödəməmişdir. Cavabdehə dəfələrlə icarə haqqının ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də heç bir fayda verməmişdir. Bu səbəbdən də iddiaçı icarə müqaviləsinin ləğv edilməsi qərarına gəlmişdir. Cavabdehin hüquqi ünvanına və müqavilədə göstərilən ünvana məktub göndərilərək icarə müqaviləsinin ləğv edilməsinə münasibətin bildirilməsi xahiş olunmuş, lakin məktubun göndərilməsindən 30 gün müddətindən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Asan 2 tərəfindən verilmiş 18.05.2015-ci il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonu Quşçu kəndində qeydiyyatdadır. -İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 06.07.2019-cu il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən Abşeron rayonu X2 ünvanında yerləşən ümumi sahəsi 2.00 ha olan təyinatlı (ferma) torpaq sahəsi Cavabdeh MMC-yə 06.07.2024-cü il tarixədək icarəyə verilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilmişdir. Müqavilənin 5-ci bəndindən görünür ki, icarəyə verən North İnvest MMC adından X3 icarəyə verən İddiaçı aylıq 1000 manat olmaqla icarə haqqı ödəməlidir. Müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə əsasən həyata keçirilir. -İddiaçı tərəfindən North İnvest MMC-yə ünvanlanmış 03.11.2020-ci il tarixli məktubdan görünür ki, North İnvest MMC-yə 06.07.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair münasibət bildirilməsi xahiş olunmuşdur. -Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, qanuni təmsilçisi X5, Vöen ********** olan North İnvest MMC-nin hüquqi ünvanı Abşeron rayonu Xırdalan şəhəri Binəqədi Şossesi 5, 34H ünvanı olmaqla 11.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-yə Abşeron rayonu X2 ünvanında yerləşən ümumi sahəsi 2.00 ha olan təyinatlı (ferma) torpaq sahəsini 06.07.2024-cü il tarixədək aylıq 1000 manat olmaqla icarə haqqı ödənilməklə icarəyə vermiş, cavabdeh icarə müqaviləsi üzrə aylıq ödənişləri ödəməyi öhdəsinə götürsə də sonradan öhdəliklərini yerinə yetirməyərək ödənişləri etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərə əsasən müəyyən olundu ki, tərəflər iradə ifadələrini nümayiş etdirərək 06.07.2019-cu il tarixdə notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi bağlanmışlar. İcarə müqaviləsinə əsasən Abşeron rayonu X2 ərazisində yerləşən mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ümumi sahəsi 2.00 ha torpaq sahəsi 06.07.2024-cü il tarixədək cavabdehə aylıq icarə haqqı 1000 manat olmaq şərti ilə icarəyə verilmiş, lakin Cavabdeh MMC müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanməş müqavilənin 5-ci bəndində göstərilir ki, icarəyə verilən sahənin istifadəsinə görə icrarəyə götürən Cavabdeh MMC-nin adından X4, icarəyə verən İddiaçı Rəhman oğluna aylıq 1000 manat (bir min manat) icarə haqqı ödəyir. Mülki Məcəllənin 700.1. maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad) İşin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh müqavilənin qeyd edilən 5ci bəndini pozmuş və 01.01.2020-ci il tarixdən 04.11.2020-ci il tarixədək aylıq icarə haqqını iddiaçıya ödəməkdən yayındığından müqavilənin şərti əhəmiyyətli dərəcədə pozulmuşdur. Müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə əsasən həyata keçirilir. Müqavilə şərtlərinin pozuntusu İddiaçı North İnvest MMC-yə ünvanlanmış 06.07.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair 03.11.2020-ci il tarixli məktubdan öz təsdiqini tapır. Ona görə də məhkəmə iddia tələbini müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun hesab edərək təmin olunması qənaətinə gəlir. Mülki Məcəlləninm 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsində rüsum digər tərəfdən tələb edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 06.07.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 06.07.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1332/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1332/2021
22.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver