Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1352/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment və müalicə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və müalicə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 17.02.2013-cü il təvəllüdlü X2 və 18.10.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, uşaqların müalicəsi üçün xərclədiyi 1379 manat vəsaitin birdəfəlik şəkildə cavabdehdən tutulması, uşaqların müalicəsi davam etdiyindən müalicə xərclərinin qarşılanması üçün cavabdehdən hər ay 100 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 17.02.2013-cü il təvəllüdlü X2 və 18.10.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan deyil, cavabdehin evi tərk edib uşaqları faktiki olaraq maddi təminatsız qoyduğu 20.07.2020-ci il tarixdən tutulması, iddia ərizəsi üzrə soyadının “Məmmədova” kimi qeyd edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildə eladəti ilə faktiki nikah münasibətlərinə daxil olmuş, 23.05.2013-cü il tarixdə isə nikah münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahlarından 17.02.2013-cü il təvəllüdlü X9 və 18.10.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra ilk əvvəl ailə nikah münasibətləri normal olsa da sonradan cavabdehin anasının, eyni zamanda cavabdehin özünün ona qarşı münasibəti dəyişməyə başlamışdır. Birgə münasibətlərindən ilk övladının doğulması belə cavabdehə nikahlarını rəsmiləşdirmə məsuliyyətini doğurmadı, bu səbəbdən də, 17.02.2013-cü il təvəllüdlü X7 atalığın müəyyən edilməsinə dair şəhadətnamə almışdır. 2016-cı ildə cavabdeh məhkəməyə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin aliment ödəmək öhdəliyi olduğunu öyrənəndə fikrini dəyişmiş, bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu vəziyyət onun ikinci övladı anadan olanda da dəyişməmişdir. Cavabdeh onun və uşaqlarının maddi təminatını təmin etmədiyindən, ona qardaşı və valideynləri yardım edirdi. Ailənin birgə sərbəst yaşamağını təmin etmək məqsədilə atası ona yaşadıqları həyətdə ayrıca ev vermiş, lakin bu da cavabdehi qane edib ailəsinə yaxınlaşdırmamışdır. Hər iki övladı xəstəliklərinə görə daim müalicə alır. Cavabdeh uşaqlarının müalicə xərclərini öhdəsinə götürməmişdir. Uşaqlarında qan azlığı, diabetə meyillilik var. Müəllimə kimi fəaliyyət göstərir və aldığı 330 manat əmək haqqı uşaqlarının müalicə xərclərini tam şəkildə ödəmədiyi üçün qardaşı və valideynləri ona maddi yardım edir. Nikahları pozulmasa da faktiki olaraq bir ildir ki, ayrı yaşayırlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X3 iddia tələblərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərini qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdehin ona bildirdiyinə görə iddiaçı ona uşaqlarla görüşməyə icazə vermədiyindən cavabdeh iddiaçıya aliment ödəmək istəmir. İddiaçı özü də işləyir və 430 manat əmək haqqı alır. Uşaqların maddi təminatını ödəmək hər iki valideynin borcudur. Müalicə xərclərinə gəldikdə isə qanunvericiliyin tələbinə əsasən ölkə ərazisində ödənişsiz əsaslarla mümkün deyilsə o zaman qarşı tərəfdən müalicə xərcləri alına bilər. Cavabden iddia tələblərini yalnız sabit pul məbləğində alimentin tutulması hissəsində qəbul edir. Cavabdeh əməliyyat olmuş, hazırda da işləmir. Bu səbəbdən də 350 manat alimenti tutulması hissəsində iddia tələbinin yarısını ödəməyə hazırdır. Ona görə də iddia tələblərinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.05.2013-cü il tarixli AZ-İ № 846163 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X8 13.05.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 335 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.05.2013-cü il tarixli AZ-İİİ № 08622 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 17.02.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1002 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.11.2017-ci il tarixli AZ-İV № 033076 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 18.10.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 7024 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.12.2020-ci il tarixli 2738 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayon Mehdiabad qəsəbəsi M.Əsədov küçəsi 4 saylı evdə qeydiyyatdadır. Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli 2685 saylı arayışdan görünür ki, Cavabdeh Abşeron rayon Mehdiabad qəsəbəsi İ.Qayıbov küçəsi 12 saylı evdə qeydiyyatdadır. Mehdiabad Həkim məntəqəsi tərəfindən verilmiş 07.11.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu X10 18.10.2017-ci il tarixdən Mehdiabad qəsəbə həkim məntəqəsində tibbi qeydiyyatdadır, hazırda sağlamdır. Ak.Zərifə Əliyeva adına Milli Aftolmologiya Mərkəzi tərəfindən verilmiş 23.09.2016-cı il tarixli arayışdan görünür ki, Məmmədli Elcana OS Müştərək daxili çəpgözlük diaqnozu qoyulmuş, daimi korreksiya məsləhət görülmüşdür. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 03.12.2020-ci il tarixli qəbzdən görünür ki, X2 müayinəsinə 50 manat ödəniş edilmişdir. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 24.11.2020-ci il tarixli qəbzdən görünür ki, X6 müayinəsinə 50 manat ödəniş edilmişdir. Loğman klinikası tərəfindən verilmiş 19.09.2020-ci il tarixli tarixli qəbzdən görünür ki, X6 müayinəsinə 55 manat ödəniş edilmişdir. Loğman klinikası tərəfindən verilmiş 22.09.2020-ci il tarixli tarixli qəbzdən görünür ki, X6 müayinəsinə 80 manat ödəniş edilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanası X15 tərəfindən verilmiş 724 saylı xəstənin stasionar tibbi kartından çıxarışdan görünür ki, Cavabdeh bel fəqərələrinin osteoxondrozu, L5-S1 fəqərəarası diskin soltərəfli yırtığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuş, xəstəyə qoruyucu rejim tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, tərəflərin birgə nikahlarından anadan olmuş 17.02.2013-cü il təvəllüdlü X2 və 18.10.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq olmadığından, eyni zamanda cavabdeh hazırda işləmədiyindən sabit qazanca və ya gəlirə malik olmadığından məhkənə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması hissəsində iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia tələbində uşaqların saxlanılması üçün alimentin cavabdehin evi tərk edib uşaqları faktiki maddi təminatsız qoyduğu 20.07.2020-ci il tarixdən hesablanmasını tələb etsə də buna dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə alimentin tutulmasının iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni 13.01.2021-ci il tarixdən tutulmasını məqsədəmüvafiq hesab edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.2. maddəsindən görünür ki, Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunun tələblərindən göründüyü kimi, rəsmi nikah münasibətində olubolmamasından asılı olmayaraq iddiaçı soyadının dəyişdirilməsi üçün məhkəməyə deyil, müvafiq icra hakimiyyətinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X2 və 18.10.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1352/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1352/2021
26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver