Məhkəmə qərarları › İş №2(012)-1395/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1395/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1395/2021 30.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh Nart Şahinin nümayəndəsi və vəkili X4 iştirаkı ilə, İddiaçı Atasığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Nart Şahinə qarşı sığorta ödənişi məbləğinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Atasığorta Açıq Səhmdar Cəmiyyəti cavabdeh Nart Şahinə qarşı sığorta ödənişi məbləğinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 3056 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3586 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı AtaSığorta ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AtaSığorta ASC ilə X9 arasında 27.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Nart Şahin 20.04.2019-cu il tarixdə həmin qeydiyyat nişanlı avtomobili idarə edərkən Abşeron rayonu Masazır dairəsində yol-nəqliyyat hadisəsi törətmiş və Kia Rio markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün AtaSığorta ASC tərəfindən 3056 manat sığorta ödənişi həyata keçirilmişdir. Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin AtaSığorta ASC-yə təqdim etdiyi 23.04.2019-cu il tarixli, 128-25683-1219 saylı arayışa əsasən cavabdeh Nart Şahin yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22.10.2020-ci il tarixli, 05/1795 saylı məktubunda qeyd olunur ki, cavabdeh Nart Şahinə 15.08.2021-ci il tarixədək müvəqqəti yaşama üçün icazə verilmiş və o, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş cavabdeh Nart Şahinə məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Qeyd olunanlara əsasən cavabdeh Nart Şahin yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Cəmiyyət tərəfindən cavabdeh Nart Şahinin ünvanına 08.10.2020-ci il tarixli, AS-SHTD-20/276 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında cavabdeh Nart Şahinin nümayəndəsi və vəkili X7 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı 08.10.2020-ci il tarixli AS-SHTD- 20/276 saylı məktubunda Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 35- 1-ci maddəsinin İİ bəndinə istinad edərək cavabdeh X15 Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmədiyi səbəbindən yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Kia Sportage markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüququ olmadığını əsas gətirmiş və cavabdehə qarşı subroqasiya (geriyə tələb) hüququnun yarandığını və tərəfindən ödənilən 3056 manat sığorta ödənişini Atasığorta ASC-yə geri ödəməli olduğunu bildirmişdir. Cavabdehə qarşı yönəlmiş tələb tamamilə qanunsuz olduğu kimi, sığorta şirkətlərinin bərbad nüfuzuna dair də önəmli göstəricidir. Görünən odur ki, şirkətin hüquqşunaslarının qanunvericilikdə qeyd edilən idarə etmək hüququ olmayan şəxs anlayışının nədən ibarət olduğu haqqında heç bir məlumatı yoxdur və ya şirkətdə hər fürsətdən sui-istifadə edilərək haqsız qazanc əldə etmək istəyən şəxslər vardır. Cavabdehə qarşı irəli sürülən tələb aşağıdakı qeyd edilənlərə əsasən qanunsuz və əsassızdır: Sürücülük vəsiqəsinin xarici ölkədə dəyişdirilməməsi şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yol Hərəkəti və X1 Qaydalarının Pozulmasına dair Cinayət İşləri üzrə Məhkəmə Təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür. Ali Məhkəmə Plenumunun qeyd edilən Qərarından da açıq şəkildə görünür ki, sürücülük hüququnu bir dəfə əldə etmiş və bu hüquqdan məhrum edilməmiş şəxs idarəetmə hüququ olan şəxs sayılır. Mövcud vəziyyətdə cavabdehin Türkiyə Respublikası ərazisində verilən sürücülük vəsiqəsinin olması özü təkbaşına nəqliyyat vasitəsini idarəetmə hüququnun olduğunu bildirir. Türkiyə Respublikasında əldə edilən sürücülük vəsiqəsinin Azərbaycan Respublikasında 1 ay müddətində dəyişdirilməli olmasına gəldikdə isə qeyd edilməlidir ki, qanunvericiliyin tələbi olduğu halda xarici sürücülük vəsiqəsinin 1 ay müddətində dəyişdirilməməsi sadəcə və sadəcə sürücünün inzibati məsuliyyətinə səbəb ola bilər ki, heç belə bir inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də nəzərdə tutulmamışdır. Lap tutulsaydı belə, bu inzibati xəta idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə deyil, sürücülük vəsiqəsinin dəyişdirilməməsinə görə olacaqdı. Yuxarıda da qeyd edildiyi kimi Yol hərəkəti haqqında Qanunun 35-1-ci maddəsinin İİ bəndinə görə əcnəbi şəxs Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə aldıqda o, 1 ay müddətində sürücülük vəsiqəsini dəyişməlidir. Bu normada əcnəbi şəxsə 1 aylıq bir müddətin verilməsi özü onu təsdiq edir ki, Azərbaycan Respublikası əcnəbi şəxsin sürücülük hüququnu tanıyır ki, ona müvəqqəti olaraq yəni 1 ay müddətində əcnəbi vəsiqə ilə nəqliyyat vasitəsini idarəetməyə icazə verir. Bu isə o deməkdir ki, əcnəbi şəxsin 1 aydan sonra sürücülük vəsiqəsini dəyişdirməməsi onu sürücülük hüququ olmayan şəxs statusuna salmaz. Həmçinin, əgər həqiqətən də iddiaçının iddia etdiyi kimi cavabdehin sürücülük hüququ olmasa idi, yol nəqliyyat hadisəsi baş verən zaman hadisə yerinə gəlmiş polis əməkdaşları cavabdehin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə inzibati xəta haqqında protokol tərtib edərək onu inzibati məsuliyyətə cəlb edərdi. Lakin hadisə zamanı heç bir inzibati xəta haqqında protokol tərtib edilməmiş və cavabdeh bu səbəbdən də məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, cavabdehin beynəlxalq sürücülük vəsiqəsinin, dolayısı ilə də nəqliyyat vasitəsini idarə etmək hüququnun olduğunu və yuxarıda qeyd etdiyi bütün digər xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş edir. AtaSığorta ASC-nin məhkəməyə ünvanladığı 25.08.2021-ci il tarixli AS-SHTD- 21/1343 saylı ərizəyə əsasən iddiaçı iş həcminin çox olması səbəbindən 30.08.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına cavabdehin iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla nümayəndənin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -30.01.2018-ci il tarixli AD 146487 saylı nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. -21.02.2018-ci il tarixli AD 103703 saylı nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı Kia Rio markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. -03.02.2018-ci il tarixli ƏN-İV № 355069 saylı etibarnamənin surətindən görünür ki, X9 mülkiyyətində olan Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili 03.02.2020-ci il tarixədək idarə etməyi Nart Şahinə etibar etmişdir. -2018-ci il may tarixli X12 MMC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aktından görünür ki, Kia Rio markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 3056 manat ziyan dəydiyi hesablanmışdır. -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, AtaSığorta ASC-də 27.01.2019-cu il tarixdən 27.01.2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmış sığortalı X8 məxsus Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 100 manat, bonus-malus əmsalı 0,85 olmaqla yekun sığorta haqqı 85 manat dəyərində (100 x 0.85 = 85) sığortalanmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 20.04.2019-cu il tarixli arayışdan görünür ki, Abşeron RPŞ DYPŞ bildirir ki, 20.04.2019-cu il tarixdə Abşeron rayonu Masazır dairəsi ərazində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X5 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Nart Şahin tərəfindən idarə olunmuş Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olan və onun tərəfindən idarə olunmuş Kia Rio markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilin qabaq sağ hissəsinə ziyan vurmuşdur. -İnzibati tənbeh vermə haqqında 22.04.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, X13 20.04.2019-cu il tarixdə saat 15:00 radələrində Abşeron rayonu Masazır Dairəsi ərazisində Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 60 manat dəyərində cərimə olunmuşdur. -14.05.2019-cu il tarixli 19-04600/05/AA-3364/19 saylı sığorta ödənişi aktından görünür ki, Atasığorta ASC-də PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən 27.01.2019-cu il tarixdən 27.01.2020-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış X8 məxsus Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin 20.04.2019-cu il tarixdə Abşeron rayonu Masazır dairəsi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində faydalanan şəxs olaraq X3 mülkiyyətində olan Kia Rio markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə 3056 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq həmin pul vəsaitinin X3 hesabına ödənilməsi qərara alınmışdır. -15.05.2019-cu il tarixli 007521 saylı ödəniş tapşırığından görünür ki, AtaSığorta ASC tərəfindən Atabank ASC-nin hesabına PAA********** saylı sığorta ödənişi olaraq 3056 manat köçürülmüşdür. -AtaSığorta ASC-nin Nart Şahinə ünvanlandığı 08.10.2020-ci il tarixli AS-SHTD- 20/276 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 3556 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tələb etmək hüququna malik olduğunu bildirərək göstərilən məbləği 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Dövlət Miqrasiya Xidmətinin 22.10.2020-ci il tarixli 05/1795 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1959-cu il təvəllüdlü Şahin Narta sonuncu dəfə etibarlılıq müddəti 15.08.2021-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 57 saylı evin 12 saylı mənzilinə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Atasığorta Açıq Səhmdar Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair 25.09.2020-ci il tarixli, **********737500 nömrə ilə çıxarış verilmişdir. -24.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, AtaSığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il tarixli 9/3114 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, X12 MMC-nin 00.05.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı Kia Rio markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2712,0 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, nəzəri hesablama yolu ilə, X12 MMC-nin 00.05.2018ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı Kia Rio markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3056 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2055 manat, təmir-bərpa işlərinin qiyməti - 1001 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 3% (2-6%) aşınma nəzərə alınmaqla, 6 il (2012-2018) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 1711 manat müəyyən edilir. / 2055,0 - 3 % / x 6 dəfə. Avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı mərkəz tərəfindən işlənib hazırlanmış Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsinə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 35-1 maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Atasığorta ASC-də icbari sığorta növündə sığortalanmış, X5 mülkiyyətində olan Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Türkiyə Respublikasının sürücülük vəsiqəsinə sahib olan, lakin Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsi olmadan, Türkiyə Respublikasının vətəndaşı cavabdeh Nart Şahin tərəfindən idarə edilmiş, 20.04.2019-cu il tarixdə Abşeron rayonu Masazır dairəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Nart Şahin tərəfindən idarə edilmiş Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olan, hadisə baş verən zaman X6 tərəfindən idarə olunmuş Kia Rio markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobilə dəymiş 3056 manat məbləğində zərər iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmişdir. Mülki iş materiallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 mülkiyyətində olan və həmin şəxs tərəfindən idarə olunmuş Kia Rio markalı ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi 15.05.2019-cu il tarixli 007521 saylı ödəniş tapşırığına əsasən AtaSığorta ASC tərəfindən PAA********** saylı sığorta ödənişi olaraq 3056 manat faydalanan şəxsə ödənilmiş, nəticədə iddiaçı subroqasiya qaydasında ödənilmiş zərərin cavabdehdən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında 06 may 2016-cı il tarixli № 221-VQ saylı Sazişin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq), hər iki ölkənin ərazisində yol nəqliyyatını sadələşdirmək məqsədilə və Azərbaycan Respublikasında və Türkiyə Respublikasında verilmiş sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etmək niyyəti ilə, aşağıdakılar barədə razılığa gəldilər:

1. Tərəflərin birinin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqələrinə sahib olan, turizm və ya tranzit keçid məqsədilə digər Tərəfin ərazisində olan ticarət məqsədli nəqliyyat vasitələrinin sürücülərinin sürücülük vəsiqələri qarşılıqlı tanınır.

2. Tərəflər milli qanunvericiliklərinə müvafiq olaraq, digər Tərəfin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmək məqsədilə qarşılıqlı şəkildə tanıyırlar. Sürücülük vəsiqələri bu Sazişə Əlavədə göstərilmiş ekvivalentlik cədvəlinə müvafiq olaraq imtahanlar keçirilmədən dəyişdirilir.

3. Tərəflərdən birinin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarlı, müvəqqəti olmayan sürücülük vəsiqələrinin sahibləri, digər Tərəfin dövlətinin ərazisində yaşamaq hüququna malik olduqda, bu Sazişin müddəalarına müvafiq olaraq həmin digər Tərəfin dövlətinin ərazisində nəqliyyat vasitəsini idarə etmək arzusunda olarsa, öz sürücülük vəsiqələrini həmin digər Tərəfin verdiyi sürücülük vəsiqəsinə dəyişmək üçün istənilən vaxt həmin digər Tərəfin səlahiyyətli orqanına müraciət edə bilərlər. Yol hərəkəti və X1 qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli № 5 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan, bu hüquqdan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum edilmiş və ya həmin hüququ məhdudlaşdırılmış, habelə “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etməmiş şəxslərin CM-nin 263-1-ci maddəsi ilə təqsirləndərilmələrinə dair işlərə baxarkən belə şəxslərə nəqliyyat vasitəsini idarə etmələrini etibar etmiş nəqliyyat vasitələrinin sahiblərinin (fiziki, hüquqi və ya vəzifəli şəxslərin) bununla bağlı törətdikləri əməllərində hər hansı cinayətin əlamətlərinin olması haqqında məlumatlar aldıqda və bu haqda ibtidai araşdırma orqanları tərəfindən müvafiq qərar qəbul edilmədikdə, məhkəmə CPM-nin 207.6-cı maddəsinin tələblərinə uyğun olaraq onda olan bütün məlumatları ibtidai araşıdrmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Bununla yanaşı, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Qərardan daha sonra görünür ki, qanunvericiliyin yuxarıda göstərilən normalarının təhlilindən belə qənaətə gəlmək olar ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Qərardan daha sonra görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını iş materiallarına əlavə olunmuş sənədlərlə paralel qiymətləndirib belə qənaətə gəlir ki, 20.04.2019-cu il tarixdə Abşeron rayonu Masazır dairəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Türkiyə Respublikasının vətəndaşı olan, həmin ölkənin sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının vətəndaşı X9 tərəfindən verilmiş etibarnamə əsasında sonuncuya məxsus Kia Sportage markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozmuş cavabdeh Nart Şahinin Azərbaycan Respublikasının sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında 06 may 2016-cı il tarixli № 221-VQ saylı Sazişin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, həmin Saziş üzrə Tərəflərin milli qanunvericiliklərinə müvafiq olaraq, digər Tərəfin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmək məqsədilə qarşılıqlı şəkildə tanıması, Tərəflərdən birinin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarlı, müvəqqəti olmayan sürücülük vəsiqələrinin sahiblərinin, digər Tərəfin dövlətinin ərazisində yaşamaq hüququna malik olduqda, bu Sazişin müddəalarına müvafiq olaraq həmin digər Tərəfin dövlətinin ərazisində nəqliyyat vasitəsini idarə etmək arzusunda olarsa, öz sürücülük vəsiqələrinin həmin digər Tərəfin verdiyi sürücülük vəsiqəsinə dəyişmək üçün istənilən vaxt həmin digər Tərəfin səlahiyyətli orqanına müraciət edə bilməsi hüququnun tanınması da, həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarda cavabdehin nəqliyyat vasitəsini idarə etməyə hüququnun olmamasına dair hallar öz təsdiqini tapmadığından cavabdehin baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə etməyə hüququ olmayan şəxs qismində tanınması halını istisna edir. Beləliklə, iddia tələbinin mahiyyətindən göründüyü kimi, subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı iddia tələbində cavabdehin sürücülük hüququ olmadan avtomobili idarə etməsi səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını qeyd etsə də, yuxarıda qeyd olunmuş hökümətlərarası sazişdən və Ali Məhkəmə plenimumun Qərarından göründüyü kimi, Türkiyə Respublikasının vətəndaşı olan hazırki iş üzrə cavabdehin vətəndaşı olduğu ölkənin sürücülük vəsiqəsinə sahib olması və onun Azərbaycan Respublikasında tanınması onun sürücülük hüququnun olmamasını tamamilə inkar edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı Atasığorta Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsində qeyd olunan hallar öz təsdiqini tapmadığından və iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə öz tələblərini sübuta yetirəcək mötəbər, təkzibolunmaz sənəd və sübutlarını məhkəmə təqdim etmədiyindən, məhkəmə iddiaçı Atasığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Nart Şahinə qarşı sığorta ödənişi məbləğinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qərarına gəlir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddiaçı Atasığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Nart Şahinə qarşı sığorta ödənişi məbləğinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Atasığorta Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat Atasığorta Açıq Səhmdar Cəmiyyətindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar