Məhkəmə qərarları › İş №2(012)-1412/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1412/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1412/2020 09.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X5iştirakları ilə, İddiaçı Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxx” ASC-yəqarşı pultələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Park Solero evlər kompleksində Cavabdeh MMC tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə 187 kv.metr sahə arasındakı fərqin hər 1 kv.metrinin 550 manat vurulmaqla müəyyən edilən məbləğin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi, mülkiyyətində olan 0.0278 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin sahəsi dəqiq müəyyən edildikdən sonra həmin hissənin dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədəərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10000 manat, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri 3500 manat və ödədiyi 30 manat dövlət rüsumu olmaqla cəmi 13530 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X2iddia tələbini müdafiə edərək bildirdi ki, o, fərdi ev inşa edilməsi üçün Cavabdeh MMC-nin təkliflərini qəbul edərək, həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə razılığa gəlmişlər. Cavabdeh MMC-nin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin "xxxxxxxxxxxxxxx" ASC tərəfindən həyata keçirildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirmişdir. Qeyd etmək lazımdır ki, onunla yanaşı digər şəxslər də Cavabdeh MMC tərəfindən inşa edilən həmin yaşayış kompleksində fərdi ev alınması üçün "xxxxxxxxxxxxxxx" ASC-dən eyni şərtlərlə kreditlər almışlar. Kredit alınan zaman pul vəsaitləri bank tərəfindən birbaşa Cavabdeh MMC-nin nümayəndəsinə verilmişdir. Lakin həmin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Tikinti başa çatdıqdan sonra Cavabdeh MMC evlərin təhvil verilməsini həyata keçirməmiş, yalnız oraya köçmək üçün icazə verildiyini bildirmişdir. Ev təhvil verildikdən sonra məlum olmuşdur ki, inşa edilmiş fərdi evlərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Belə ki, razılaşmaya əsasən, ona təhvil verilməli olan evin sahəsi 187 kv.metr olmalı idi, lakin evə köçdükdən sonra məlum olmuşdur ki, evin faktiki sahəsi 140 kv.metrdir. Cavabdeh MMC-nin özünün verdiyi maliyyə arayışından da görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Park Solero evlər kompleksi Cavabdeh MMC-yə məxsusdur, həmin kompleksdə tikilən fərdi yaşayış evlərindən biri də ona məxsusdur və Cavabdeh MMC-yə onun tərəfindən pul vəsaiti ödənilmişdir. Qəbzlər və müqavilə "xxxxxxxxxxxxxxx" ASC tərəfindən ondan alınsa da, qəbzin biri onda qalmışdır. Hətta hazırda məlum olmuşdur ki, Cavabdeh MMC ondan pul vəsaiti qəbul edərkən fəaliyyəti dayanmışdı. Evin inşasının başa çatmasından uzun müddət keçməsinə baxmayaraq, ona evə dair hər hansı hüquqverici sənəd verilməmişdir. Cavabdeh MMC ilə danışıqlar zamanı bildirmişdir ki, guya həmin binaya aidiyyəti yoxdur və bu səbəbdən mülkiyyət hüququna dair çıxarış alınması üçün heç bir məsuliyyət daşımır. Halbuki, eyni predmet barəsində digər sakinlərin məhkəmədə qaldırdığı iddia üzrə məhkəmə tərəfindən Abşeron rayon İcra hakimiyyətindən həmin binanın inşası üçün verilmiş sərəncam tələb edilmiş və məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən də məlum olmuşdur ki, sərəncam Cavabdeh MMC-nin adına verilmişdir. O cümlədən cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, tikintinin aparılması barədə sərəncam cavabdehin adına verilsə də tikintini cavabdeh aparmamış, həmin torpaq sahəsi 20-25 sot olaraq fiziki şəxslərə satılmış və tikintini də həmin şəxslər aparmışlar. Hazırda Cavabdeh MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guyahəmin evlərin tikintisinə aidiyyəti olmaması görüntüsü yaratmağa cəhd edir. Bundan əlavə ünvan 1indəki 0.0278 ha torpaq sahəsi onun mülkiyyətindədir və Cavabdeh MMC tərəfindən də onun üçün inşa edilən fərdi yaşayış evi həmin torpaq sahəsində tikilməli idi. Lakin evin inşası prosesində həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh MMC tərəfindən zəbt edilərək, başqa məqsədlər üçün istifadə edilmişdir. Belə ki, hazırda onun fərdi evinin altındakı torpaq sahəsi də azalmışdır. Belə olan halda, xüsusi mülkiyyətində olan, Cavabdeh MMC tərəfindən zəbt edilmiş torpağın sahəsi də dəqiq müəyyən edilərək, ona qaytarılmalıdır. Göründüyü kimi onunla cavabdeh arasında faktiki olaraq podrat razılaşması olmuşdur və bu razılaşma əsasında evin tikintisi üçün onun "xxxxxxxxxxxxxxx" ASC-dən aldığı vəsaitləri cavabdehin nümayəndəsi qəbul etməklə, tikintiyə başlamış, tikinti başa çatdıqdan sonra ev ona təhvil verilmişdir. Başqa sözlə desə razılaşmanın şərtləri onun tərəfindən tam yerinə yetirilərək, "xxxxxxxxxxxxxxx" ASC-dən xx xxxxxx 2013-cü il tarixli Kredit müqaviləsi üzrə alınmış vəsaitlər tam olaraq, cavabdehə verilmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona verilməli olan 187 kv.m sahəsi olan ev əvəzinə sahəsi 140 kv.m. olan ev verilmişdir, evin təhvil-təslimi həyata keçirilməmiş, iş qüsurla icra edilmişdir. Bundan əlavə onun xüsusi mülkiyyətində olan torpağın bir hissəsi də Cavabdeh MMC tərəfindən zəbt edilmişdir. Həmçinin cavabdeh tərəfindən həyətyanı sahə də abadlaşdırılmamışdır.Hazırki iş üzrə xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında heç bir müqavilə öhdəliyi olmamış və ödənilmiş pu! vəsaitinin isə hansı şəraitdə və hansı əsasla iddiaçıdan qəbul edilməsini bilmir. Yəni, cavabdeh müqavilənin və ödəniş qəbzlərinin bir qismini onlarda olmadığını və artıq onlardan götürüldüyünü bildiyi üçün və bu barədə məhkəməyə sübut təqdim etmək iqtidarında olmamağımızı bildiyindən iddia tələbinə qarşı bu məzmunda etiraz təqdim etmişdir.Ona görə də hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və çeki onda olan 10000 (on min) manat pul vəsaiti və həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göründüyü kimi külli miqdarda iddiaçıya məxsus pul vəsait cavabdehdə qalmış və iddiaçının mülkiyyəti olan pul vəsaiti halhazıra kimi geri qaytarılmamış, cavabdeh iddiaçıya məxsus olan vəsaiti əsassız istifadə etmiş və ondan fayda götürmüşdür. Ona görə də hesab edir ki, cavabdeh iddiaçıya məxsus olan 10000 (on min) manat, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri (10000x5%x7=3500, cəmi: 13500 manat pul vəsaitini və ödədiyim 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh MMC-dən 10000 (on min) manat, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri 3500 (üç min beş yüz) manat və ödədiyim 30 (otuz) manat dövlət rüsumu - cəmi: 13530 manat (on üç min beş yüz otuz) manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X6 etiraz ərizəsi təqdim edərək bildirdi ki, “Cavabdeh A” MMC-yə qarşı iddiaçının hazırki iddia tələbi tamamilə əsassızdır. Belə ki, "Cavabdeh A” MMC-nin mülkiyyətində ünvan 1i ərazisində, duzlu gölün yamacında 17 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində kottec tipli şəhərcik salınması planlaşdırılmış və salınacaq şəhərciyin eskiz layihəsi hazırlanmış, 2008-ci ildə Abşeron RİH ilə razılaşdırılaraq təsdiq olunmuşdur. Bundan sonra bir-sıra fiziki şəxslər, “Cavabdeh A” MMC-yə müraciət edərək salınacaq kottec tipli şəhərcikdə tikiləcək kotteclərin, villaların və digər tikililərin tikintisini və satışını həyata keçirmək istəklərini bildirmişlər. Eləcə də xxxxxxxxxxxxxxx ASC-nin nümayəndələri salınacaq şəhərciyə gələrək fiziki şəxslər tərəfindən tikiləcək evlərin, kotteclərin, onların yerləşdiyi torpaq sahələrinin banka ipotekaya qoyulması yolu ilə həmin tikintiyə kredit verə biləcəklərini bildirmişlər. “Cavabdeh A” MMC və şəhərcikdə tikinti işləri aparmaq istəyən fiziki şəxslər kottec tipli şəhərcik barədə elanlar vermişlər, çox keçməmişdir ki, “Cavabdeh A” MMC-nin ofisinə və eləcə də tikinti işləri aparmaq istəyən, elanlar vermiş fiziki şəxslərə ev almaqla bağlı müraciətlər edilmiş və şəhərciyin layihəsi ilə tanış olmaq istəmişlər, şəhərciyin layihəsi ilə müraciət edən bütün şəxslər tanış edilirmiş, eləcə də kredit yolu ilə kottec tipli evlər və villalar almaq istəyən şəxslərə bildirilirmiş ki, həmin layihənin sahibi “Cavabdeh A” MMC olsa da tikinti işlərini bu sahədə təcrübəsi olan fiziki şəxslər aparacaq, ev almaq, kredit məsələləri ilə bağlı işlərlə onlara müraciət etsinlər. Layihədə tikilməsi nəzərdə tutulmuş kotteclər bir-birinə bitişik olan iki mərtəbəli 6 ədəd fərdi evlərdən ibarət idi, bu evlərin hər birinin uzunluğu 12 metr, eni isə 7.6 metr, yerdən damın üstünə isə hündürlüyü 9.6 metr olmaqla şəhərcikdə tikiləcək kottec tipli bütün evlərin eyni ölçüdə, hündürlükdə və bir layihə əsasında tikilməsi nəzərdə tutulmuşdur. Bu tipli kotteclərin tikiləcəyi ərazi, qabaq və arxa hissələrindəki yaşıllıq zonası, giriş-çıxış yolları, küçələri ilə birlikdə 0.20-0.21 ha torpaq sahəsində nəzərdə tutulmuşdur. Şəhərcikdə tikilən villalar isə sifarişçinin seçdiyi layihələr üzrə tikilirmiş, villaların tikintisini isə əksər hallarda sifarişçilər özləri və ya fiziki şəxslər sifarişçilərə satılmış torpaq sahələrində tikirmişlər. Kottecləri tikmək istəyən fiziki şəxslərlə “Cavabdeh A” MMC arasında 0.20-0.21 ha ərazi barəsində alqı-satqı müqavilələri bağlanılmış və göstərilən ölçüdə torpaq sahələri həmin fiziki şəxslərə satılırmış. Artıq 2009-cu ildən bir-neçə fiziki şəxslə bu cür müqavilələr bağlanmış, onlara torpaq sahələri satılmışdır, torpaq almış fiziki şəxslər həmin torpaq sahələri barəsində öz adlarına çıxarış aldıqdan sonra həmin ərazidə layihədə nəzərdə tutulmuş kotteclərin tikintisinə başlamışlar. Kotteclərdən kreditlə ev almaq istəyən şəxslərlə kottecləri tikən fiziki şəxslər arasında razılıq əldə edildikdə, kotteci tikən fiziki şəxs kottec tikintisi üçün aldığı torpaq sahəsini 6 hissəyə bölərək hər hissəsinin üzərində tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsini ev almaq istəyən şəxsə satır, eyni zamanda alıcı, satıcı və ipoteka saxlayan “xxxxxxxxxxxxxxx” ASC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanılır, alıcının aldığı torpaq sahəsi üzərində tikilən evlə birlikdə “xxxxxxxxxxxxxxx” ASC-yə ipoteka qoyulur, həmin alıcı ilə ipoteka saxlayan bank arasında kredit müqaviləsi bağlanılır və bank evin tikintisinin həyata keçirilməsi üçün alıcıya kredit ayırırmış. Kredit almış şəxslər aldıqları krediti evin tikilməsi üçün fiziki şəxslərə verir, fiziki şəxslər isə həmin kredit hesabına evləri tikərək alıcılara təhvil verir. Cavabdeh A” MMC bu günə kimi kotteclərin, villaların tikintisini həyata keçirən fiziki şəxslərdən başqa həmin şəhərcikdə ev alan hər hansı bir şəxslə, hər hansı torpaq alqısatqısı, ev alqı-satqısı barədə hər hansı müqavilə bağlanmamış, öz üzərinə hər hansı tikinti, torpaq sahələri ilə bağlı alıcılar qarşısında öhdəlik götürməmişdir. “Cavabdeh A” MMC-nin yalnız sahibi olduğu layihədə nəzərdə tutulmuş ölçülərdə və qaydada, ərazilərdə tikinti işlərinin aparılmasına, kottec tipli fərdi yaşayış evlərinin tikintisini həyata keçirən fiziki şəxslərin üzərinə götürdükləri öhdəlikləri vaxtında lazımı qaydada yerinə yetirmələrinə, layihədə nəzərdə tutulmuş evlərə giriş-çıxış yollarının, küçələrin saxlanılmasına nəzarət etmişdir. Göründüyü kimi “Cavabdeh A” MMC ona qarşı məhkəmədə iddia qaldırmış şəxslə hər hansı torpaq sahəsinin alqı-satqısı, ev tikintisi və sair müqavilələr bağlamamış və onlar qarşısında öz üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçının əlində hansısa qəbzin olmasından məlumatsızdır, “Cavabdeh A” MMCnin bütün maliyyə əməliyyatları yalnız bank vasitəsi ilə aparılmışdır, qəbz əsasında kimdənsə pul qəbul edilməmişdir, hazırki iddiaçı ilə "Cavabdeh A” MMC arasında hər hansı razılaşma , müqavilə olmamışdır ki , ondan hansısa pul tələb edilsin və o da hansısa pul ödəsin. Əgər iddiaçının əlində “Cavabdeh A” MMC-nin möhürü vurulmuş qəbz varsa bu tamamilə qanunsuz yolla əldə edilmişdir, yəni “Cavabdeh A” MMC-nin ofisinin qapısı açıq olarkən kimlərsə qanunsuz olaraq ofisə daxil olaraq möhürdən istifadə etmişdir. Həqiqətən belə bir hal varsa cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına müraciət ediləcəyi şübhəsizdir. Digər tərəfdən iddiaçıya satılmış torpaq sahələrinin bir hissəsinin “Cavabdeh A” MMC tərəfindən zəbt edildiyini istinad edən şəxslərin torpaq sahələri heç kim tərəfindən zəbt edilməmişdir. Həmin torpaq sahələrində hər bir torpaq sahibinin pulunu ödədiyi iki mərtəbəli fərdi yaşayış evləri tikilmiş, evlərin arxa tərəfində cavabdehin istifadəsində, sahibliyində olan yaşıllıq sahələri yaradılmış, qalan torpaq sahəsi isə cavabdehlərin özlərinin istifadəsində olan evin giriş-çıxış yoluna, küçə yolunun bir hissəsinə aid edilmişdir. Kottec tipli şəhərcikdə inşa olunmuş bütün evlər, villalar 2008-ci ildə təsdiq olunmuş layihədə nəzərdə tutulmuş qaydada, ölçüdə tikilmiş və burada da kimsə kimsənin 1 kv.metr də olsun torpağını zəbt edə bilməz. Eləcə də “Cavabdeh A” MMC-nin sahibi olduğu layihə əsasında inşa edilmiş şəhərcikdə 200-ə yaxın kottec tipli fərdi yaşayış evləri tikilmişdir, bu evlərin hamısı eyni layihə əsasında eyni ölçüdə tikilmişdir. İddiaçı cavabdehin fiziki şəxslərə satdığı ərazilərdən torpaq sahəsi almış, torpaq sahəsini banka girov qoyaraq kredit götürmüş və aldığı kredit hesabına layihədə nəzərdə tutulmuş qaydada ev tikdirmişdir. Həmin ev və torpaq sahəsi hazırda İddiaçı sahibliyində və istifadəsindədir. İddiaçı bankdan götürdüyü krediti qaytara bilmədiyindən bu cür çirkin üsullara əl atır. “Cavabdeh A” MMC ona qarşı məhkəmədə iddia qaldırmış şəxslə hər hansı torpaq sahəsinin alqı-satqısı, ev tikintisi və sair müqavilələr bağlamamış və həmin şəxs qarşısında öz üzərinə hər hansı öhdəlik götürməmiş və iddiaçıdan hər hansı pul qəbul etməmişdir.Bundan başqa iddiaçının qanunsuz yolla əldə etdiyi və məhkəməyə təqdim etdiyi həmin qəbzin əldə edilməsindən 8- ildən çox vaxt keçmişdir, İddiaçı bu günə kimi (‘Cavabdeh A” MMC -dən hansısa öhdəliyin yerinə yetirilməsini tələb etməməsi və pul tələb etməməsi bir daha onu subut edirki o, “Cavabdeh A” MMC -ilə hər hansı müqavilə bağlamayıb , -Cavabdeh A“ MMC-e iddiaçı qarşısında hər hansı öhdəlik götürməyib və o, Cavabdeh A” MMC -yə hər hansı pulu ödəməyib və məhkəməyə təqdim etdiyi qəbzidə qanunsuz yolla əldə edib.İddiaçının iddia tələbinin tamamilə əsassız olması səbəbindən qəbul etməməklə yanaşı, həm də iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.Belə ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzərə iddia müddəti şamil edilir.İddia müddətinin şamil edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zamin yaradır. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində göstərmişdir ki, onunla “Cavabdeh A” MMC arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən o, “Cavabdeh A” MMC -yə 10.000- manat ödəniş etmişdir , lakin hansı müqavilənin bağlanmasını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1 -ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Hesab ki, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barədə qərar qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan kreditor “xxxxxxxxxxxxxxx” ASC ilə borcalan İddiaçı arasında bağlanmış tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında xx.xx.2013-cü il tarixli, 040HOME395853/G saylı müqavilədən görünür ki, girov qoyan xüsusi mülkiyyətində olan ünvan 1indəki 0.0278 ha torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqlarını girov saxlayana vermiş, girov saxlayan həmin torpaq sahəsinin üzərində inşa edilməkdə olan fərdi yaşayış evinə dair hüquqları qəbul edib kredit öhdəliklərinin icrasının təmini üsulu kimi girovla yüklü etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 040HOME395853/ASİ №-li alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditor-ipoteka saxlayan “xxxxxxxxxxxxxxx” ASC, alıcıipoteka qoyan İddiaçı, satıcı X3 adından hərəkət edən nümayəndəsi X4 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli 10578 nömrəli arayışa əsasən ünvan 1i ünvanında yerləşən 0.0278 ha torpaq sahəsini alıcı-ipoteka qoyana satmışdır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2013-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən satıcıya məxsusdur. 10500 manat əmlakın dəyəri tam olaraq kreditor-ipoteka saxlayan tərəfindən xx xxxxxx 2013-cü il tarixli 040HOME395853 saylı kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 85999 ABŞ dolları, qaytarılma müddəti xx xxxxxx 2020-ci il tarixinədək, illik faiz dərəcəsi 9 % müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxx 2013-cü il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən X11 evlər kompleksi Cavabdeh MMCyə məxsusdur. Bu kompleksdə yerləşən və Baş Plana uyğun olan ümumi sahəsi 187 m2 olan 09 №-li evin 04 №-li mənzilinin dəyərinin hissə ödənişi kimi 10000 manat alıcı İddiaçı tərəfindən Cavabdeh MMC-nin xəzinəsinə ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə “Cavabdeh A” MMC arasında hər hansı torpaq sahəsinin alqı-satqısı, ev tikintisi və sair müqavilələr bağlamması,başqa sözlə tərəflər arasında hər hansı bir qarşılıqlı öhdəlik münasibətlərinin yaranması müəyyən edilmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün xx xxxx 2013-cü il tarixli maliyyə arayışı yetərli deyildir,həmin maliyyə arayışın iddianın təmin edilməsinə yetərli olması üçünsözügedən maliyyə arayışın verilməsinə səbəb olan digər sübutlar da müəyyən edilməlidir. Lakin həmin sübutlar məhkəmədə müəyyən edilməmişdir.Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə həmin sübutları iddiaçı tərəf təqdim etmək vəzifəsi daşımışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxx 2013-cü il tarixli maliyyə arayışının tərəflər arasında bağlanmış müqavilə öhdəliyindən irəli gəlməsi kimi qəbul edilsə belə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə əsas verir.Belə ki, bununla bağlı cavbdeh təşkilat iddia müddətinin tətbiq edilməsi barədə rəsmi qaydada məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı Cavabdeh MMC-dən 10000 manat, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri 3500 manat və ödədiyi 30 manat dövlət rüsumu olmaqla cəmi 13530 (on üç min beş yüz otuz) manat pulun alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar