Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1444/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(012)-3764/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi üzrə aralarında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 19 iyul 2015-ci il təvəllüdlü X8 və 18 iyun 2018-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində qalması və həmin uşaqların saxlanması üçün Cavabdehdan yetkinlik yaşına çatana qədər hər ay hər bir uşaq üçün 160 (yüz altımış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğinin tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdehin maddi vəziyyəti yaxşı olmasına baxmayaraq, uşaqların maddi ehtiyaclarını tam qarşılamır. 160 manat aliment hazırki dövrdə uşağın xərcləri ilə bağlı öhdəlikləri qarşılamır. Bu günki bazar qiymətləri, geyim, ərzaq qiymətlərinin həddən artıq yüksəlməsini nəzərə alsalar, uşaqların ehtiyaclarının bir qismini belə tam ödəmir. Onların yüksək keyfiyyətli təhsil alması, istirahətinin təmin edilməsi, xəstələnməsi zamanı əlavə xərclərin ortaya çıxması kimi halları dəyərləndirsələr onun qazancı bu tələbatları ödəmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh faktiki "xxxx" MMC-də mühüm vəzifə tutur. Əmək haqqısı da 1000 AZN civarındadır. Əlavə gəlir yerləri də mövcuddur. Lakin Cavabdeh gəlirlərinin yüksək olmasına rəğmən 160 manat ödənişdən əlavə hec bir köməklik göstərmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı uşaqlarının tam ehtiyaclarını ödəyə bilmir. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə etiraz verərək etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, onun İddiaçı ilə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X7 ananın himayəsində saxlanılmış və yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 160 (yüz altmış) manat məbləğində olmaqla, ümumilikdə 320 (üç yüz iyrimi) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda iddiaçının “alimentin miqdarının artırılması" tələbi ilə bağlı iddiası üzrə məhkəmə işi Sizin icraatımzdadır. İddiaçı tələbi ilə bağlı iddia ərizəsində birgə nikahdan dünyaya gəlmiş övladarına laqeyd yanaşdığını, uşaqları ata qayğısından məhrum etdiyini, onlara maddi mənəvi heç bir köməklik göstərmədəyini bildirmişdir. Halbuki, hər həftənin cümə, şənbə və bazar günləri uşaqlar onun yanında qalır, onlara maddi mənəvi dəstək olur, bir ata olaraq bu onun borcudur. Onların ata qayğısından, ata sevgisindən məhrum böyüməklərini istəmir. Övladlarının gələcəyə sağlam fərd kimi yetişmələri üçün əlindən gələni edir. Onlara hər zaman dəstəkdir, maddi və mənəvi, təhsil, səhiyyə bütün tələbatlarını daima qarşılayır. Övladlarının ata qayğısından məhrum olmasını, atadan uzaq böyüməklərini istəmir. övladlarına çox bağlıdır. Onların təhsil aldığı məktəbə də gedib müəllimlərindən mütəmadi olaraq maraqlanır. İddiaçının özünün də işləyib, gəlir qazanc sahibi olmasına baxmayaraq, bir ata olaraq üzərinə düşən öhdəlikdən heç vaxt boyun qaçırmamışdır. Nikah pozulduqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və bir övladı dünyaya gəlib. İlk nikahdan olan övladları da birgə ikinci nikahdan olan ailəsinin və dünyaya gələn övladının da tələbatlarını, ehtiyaclarını qarşılayır. Bu səbəbdən, hesab edir ki, alimentin miqdarı hər uşaq üçün hər ay 190 (yüz doxsan) manat məbləğində olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində təyin olunsa, ikinci nikahdan dünyaya gələn övladınının da ehtiyaclarını qarşılamaqda maddi sıxıntıları yaranmaz. Öhdəsinə yüksək məbləğdə alimentin qoyulması onu çox çətin və çıxılmaz vəziyyətə sala bilər. Ona görə də, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər uşaq üçün hər ay 190 (yüz doxsan) manat məbləğində olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində alimentin təyin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində onun uşaqları ilə maraqlanmaması ilə bağlı qeyd etdikləri əsassızdır. Belə ki, o, alimenti vaxtı-vaxtında ödəyir, uşaqları ilə daim maraqlanır, onların qayğısına qalmaq üçün əlindən gələni edir. Alimentin artırılmasına etiraz etmir, lakin onun başqa qadınla evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasının da nəzərə alınmasını istəyir. Özü "xxxx" MMC-də işləyir, satışdan asılı olaraq əmək haqqısı dəyişkəndir, aylıq əmək haqqısı 750 manata qədər təşkil edir. Bundan başqa, himayəsində xəstə anası vardır. Odur ki, qanunamüvafiq qaydada qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-3764/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X5 arasında 27 fevral 2014-cü il tarixdə Abşeron rayon İHB-nın Saray İƏD üzrə Nümayəndəliyində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 19 iyul 2015-ci il təvəllüdlü X4 və 23 iyun 2018-ci il təvəllüdlü X2 anası X1 yanında qalması, 19 iyul 2015-ci il təvəllüdlü X4 və 23 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. -Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 635898 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, atası - Cavabdeh, anası- X5 yazılmışdır. -Abşeron rayon İHB-nın Saray İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 123659 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, atası - Cavabdeh, anası- X5 yazılmışdır. -2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013cü il tarixdə verilmiş AZ-İV № 873387 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası - Cavabdeh, anası- X6 yazılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 19 iyul 2015-ci il təvəllüdlü X8 və 23 iyun 2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-3764/2019 saylı qətnaməsinə əsasən Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-3764/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, alimentin miqdarı dəyişdirilərkən cavabdehin ailə vəziyyətində və maddi təminatında dəyişiklik olması nəzərə alınmalıdır. Belə ki, iddiaçı ikinci dəfə ailə həyatı qurmuş, birgə nikahdan X9 adlı uşağı doğulmuşdur. Yeni uşağın doğulması və onun saxlanılması cavabdehin maddi vəziyyətində təsir edir, ona görə də məhkəmə hesab edir ki, göstərilənlər nəzərə alınmalıdır. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq müəyyən edir ki, iddia ərizəsi qismən təmin edilməli, 19 iyul 2015-ci il təvəllüdlü X4 və 23 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)- 3764/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması təmin edilməli, iddia ərizəsi qalan hissədə rədd eilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni (200-160=40 manat, 40 manat x 2 (uşaq) = 80 manat, 80 manat x 12 ay = 960 manat) ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-3764/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 19 iyul 2015-ci il təvəllüdlü X4 və 23 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov