Məhkəmə qərarları › İş №2(012)-1454/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1454/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1454/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdən 18 oktyabr 2011-ci il təvəllüdlü X11 oglu və 17 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər hər uşağa 175 (yüz yetmiş beş) manat cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X7 ilə 25 yanvar 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 18.10.2011-ci il təvəllüdlü X8 və 17 iyun 2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Evləndikləri ilk vaxtlar çox xoşbəxt bir ailə olmuşlar, lakin son zamanlar münasibətləri pozulmağa başlamışdır. Hal hazırda nikahları olsa da, bir yerdə bir evdə yaşasalar da həyat yoldaşı anası ilə bir otaqda, onunla uşaqları bir otaqda yaşayırlar. Cavabdeh onlarla bir evdə yaşasa da onların nə yeyib içdiklərindən xəbərsizdir. O, Gürcüstan vətəndaşıdır. Azərbaycanın qanun qaydalarını bilmir, işləyə bilmir. Oğlu xəstədir hər ay iki kurs müalicəyə aparır. Ailəsini dağıtmaq istəmir, amma uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Odur ki, nikahları pozulmasa da ailment tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hərbidə işləmiş, müqavilə müddəti bitdiyindən işdən çıxmışdır. Pul olduqca iddiaçıya yardım etmişdir. Sonra kərpic zavoduna işə düzəlmiş, oradan da işdən çıxmışdır. Hazırda "xxxx" MMC-də işləyir, 480 manat məbləğində əmək haqqı alır. Odur ki, alimentin miqdarını müəyyən edərkən nəzərə alınmasını xahiş etdi. . Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 25.01.2011-ci il tarixdə verilmiş AZ-İ № 646921 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Sharaeva Gülçiçək 25.01.2011-ci ildə Abşeron rayon qeydiyyat şöbəsində 27 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. -AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 14.01.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Qocayev X6 rayonu, Pirəkəşkül H/Ş, ev 122, mənzil 30 ünvanında qeydiyyatdadır. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 09.12.2011-ci il tarixdə verilmiş AZ-İİ № 803315 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 18.10.2011-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 13.07.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 115495 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 17.06.2013-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Məhkəmənin elektron sorğusuna cavabdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir, 425 manat əmək haqqı alır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdehlə rəsmi nikahından olan və onun yanında qalan uşaqların saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər uşağa 175 (yüz yetmiş beş) manat cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2. maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, оnlаrı tərbiyə еtmək vаlidеynlərin həm hüququ, həm də bоrcudur. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. İddia tələbində cavabdehdən hər uşağa 175 (yüz yetmiş beş) manat cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması xahiş edilmişdir. Eyni zamanda məhkəmənin elektron sorğusuna cavabdan müəyyən olunmuşdur ki, cavabdeh rəsmi qaydada işləyir və hər ay 425 manat məbləğində əmək haqqı alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hazırda işlədiyindən və sabit əmək haqqına malik olduğundan qanunun qeyd edilən normasına uyğun olaraq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdehin əmək haqqının göstərilən hissədə tutulması uşaqların qanunla nəzərdə tutulan yaşayış ehtiyaclarını ödəyə bilməz və ona görə də aliment məbləğinin hazırkı il üçün müəyyən edilmiş yаşаyış minimumu səviyyəsinə çatdırılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində əlavə olaraq aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 18.01.2021-ci il tarixdən hesablanmalıdır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18.10.2011-ci il təvəllüdlü X5 və 17 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 18.01.2021-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar