Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-146/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi və dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızının və Cavabdeh1 ünvan 1 ünvanında özbaşına tikili inşa etmələrinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızı və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında (onun evinə və həyətin divarına bitişik) tikilən yarımçıq (özbaşına) tikililərin cavabdehlərin hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən divarların əvvəlki vəziyyətinin bərpa olunması və ona dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızından və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 45,3 kv.m-dən ibarət olmaqla xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı göstərilən evi 2002-ci il tarixdə Cavabdeh2 anası Xədicə xanımdan pulunu ödəməklə alqı-satqı əsasında almış və 2008-ci il tarixdən ailə üzvləri ilə birlikdə həmin evə köçərək bu günə kimi də orada yaşayır. Evin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən qeydiyyat nömrəsi ********** olan, 26 avqust 2011-ci il tarixli, DƏDRX-in hüquqların dövlət qeyiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarış və həmin tarixli reyestr nömrəsi **********66-10301 saylı olan Daşınmaz Əmlakın Texniki Pasport mövcuddur. İddia tələbi üzrə cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 iddiaçının qonşularıdır. Qonşu kimi iddiaçı ilə cavabdehlər arasında münasibətlər kəskindir. Belə ki, iddiaçı yuxarıda göstərilən ünvana köçən zaman cavabdehlər orada yaşamamışdır və iddiaçı mişar daşından hasar çəkdirmişdir. Əvvəllər evlərinin arasında 1 m enində yol keçmişdir və bunu sübut edəcək qonşular da vardır, hansı ki əvvəllər evlərinə iki evin, yəni iddiaçının və cavabdehlərin evlərinin arasından keçib getmişdirlər. Sonralar cavabdehlər həmin hissəni zəbt edib həyətlərinə qatmışdırlar. İddiaçı tərəfindən çəkilən hasarın və yaşayış evinin otaqlarından birinin divarı cavabdehlərin həyət tərəfinə düşür. Cavabdehlər uzun illərdir ki, iddiaçının xəbəri və razılığı olmadan iddiaçının evi ilə cavabdehlərin evlərinin arasında əvvəlcədən boş qalmış sahəyə yarımtikili tikərək iddiaçının evinə birləşdirib oradan anbar və ya tualet kimi istifadə edirlər. Hətta 05 yanvar 2010-cu il tarixdə həmin yarımtikilidə kustar üsulla əldə düzəldilmiş sobanın partlaması nəticəsində iddiaçıya maddi ziyan da vurmuş, mənəvi əziyyətlər çəkdirmiş və çətinliklərlə üzləşmişdir. Hadisədən sonra iddiaçı dəfələrlə cavabdehlərə evinə bitişik tikilmiş tikililərin sökülərək əvvəlki vəziyyətin bərpa olunmasını xahiş etsə də hər dəfə faydasız olmuş, sonda iddiaçı özü hadisə barəsində Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdir. Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 1-ci Ərazi X6 İdarəsi tərəfindən etdiyi şikayət ilə əlaqədar olaraq araşdırılma aparılmış və sonuncu təşkilat tərəfindən şikayət ərizəsində qeyd olunan faktın təsdiqi barədə müvafiq yoxlama keçirilərək akt tərtib olunmuşdur. Akt 01 fevral 2010-cu il tarixli, xx/xx-0062 saylı məktubla müvafiq qaydada tədbirlərin görülməsi üçün X4 rəsmi olaraq göndərilsə də cavabdehlər iddiaçının evinə bitişik yarımtikilini sökməmişdirlər. Keçən bu müddət ərzində cavabdehlər heç nəyə məhəl qoymadan qanunsuz hərəkətlərini davam etdirirlər. Hazırda da cavabdehlər tərəfindən iddiaçının evinin divarına yarımtikilini tikib birləşdirmişlər, bunun da nəticəsində iddiaçının evinin divarları rütubətdən nəm çəkmiş, evin divar kağızları nəmişlikdən korlanmış və eyni zamanda iddiaçının səhhətində də problemlər yaranmışdır. Hazırda cavabdehlərin səhlənkarlığlı və qanunlara tabeçilik göstərməmələri nəticəsində iddiaçıya maddi ziyan vurmaları nəticəsində iddiaçı məcbur olaraq mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının yaşadığı fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, lakin cavabdehlər özlərinə məxsus evin həyətində iddiaçının yaşadığı evə bitişik qanunsuz tikililər tikməklə iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçının səhhətində ciddi problemlər yaranmışdır. Dəfələrlə cavabdehlərə tikdirdikləri qanunsuz yarımçıq tikililərin sökülməsini xahiş edilsə də hər dəfə iddiaçının xahişi faydasız olmuşdur. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının evinə maddi ziyan vurulmuş, otağın divar kağızları rütubətdən nəm çəkərək çürümüş, eyni zamanda nəticə olaraq iddiaçının səhhətində də problemlər yaranmışdır. İddiaçı imkansızlıqdan evinin həmin otağını təmir edə bilmir. Əlavə olaraq bildirir ki, o, ekspert rəyi ilə tanış olmuşdur. İddiaçıya məxsus evin alt tərəfi rütubətlidir və həmin yerə 4 növ divar kağızı vurulmuşdur. İddiaçı cavabdehlər tərəfindən inşa edilmiş anbarın sökülməsini, saxlanc yerinin onun divarından aralı saxlanılmasını və üstdəki şiferin onun divarından ayrılmasını istəyir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddia ərizəsində qeyd edilənləri təsdiq edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 onun qonşularıdır. Belə ki, ona məxsus evin bir daş divarı cavabdehlər tərəfindən zəbt olunmuş, həmin divara sayğac quraşdırılmışdır. Daha sonra o, evinin divarına quraşdırılmış sayğacı polis əməkdaşlarının köməyi ilə sökdürmüşdür. Onun evinin cavabdehlərə məxsus evin həyətinə doğru hissəsində yerləşən divarı cavabdehlərin qanunsuz istifadəsi səbəbindən rütubətlənmişdir, məhz bu səbəbdən o, dəfələrlə evinin oboylarını dəyişdirmək məcburiyyətində qalmışdır. Hətta 05 yanvar 2010-cu il tarixdə həmin yarımtikilədə kustar üsulla əldə düzəldilmiş sobanın partlaması nəticəsində ona məxsus evi su basmış, bununla da ona maddi ziyan vurulmuşdur. O, işdə olarkən cavabdehlər onun evinə məxsus sözügedən divarın üstünü bağlamışdırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, onlar tərəfdə olan tikililər İddiaçı tərəfindən balta ilə sökülmüşdür. Onlara məxsus fərdi yaşayış evinin plan və ölçü sənədləri vardır. İddiaçı onların həyətinə pəncərə açmaq istədiyi üçün onları məhkəməyə vermişdir. Həyətdə usta işləyərkən onlarla İddiaçı “penoplast” vurulması barədə razılığa gəlmiş, lakin materialların pulunun iddiaçı tərəfindən, ustanın xidmət pulunun isə onlar tərəfindən ödənilməsini təklif etsələr də iddiaçı buna razı olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, artıq 20 ildir ki, İddiaçı ilə qonşudurlar. Belə ki, iddiaçının hazırda yaşadığı evi 2002-ci ildə onun qaynanası iddiaçıya 3500 manata satıb. Onlar evi təmir etmişdirlər, lakin iddiaçının qeyd etdiyi yarımtikili onun divarından aralı yerləşir. Divar 2010-cu ildən hörülmüşdür. İddiaçı isə öz mənzilində 2008-ci ildən tək yaşayır. O, içəridən “penoplast” vurmuşdur və iddiaçının da çöl tərəfdən “penoplast” vurmasına razıdır. Onlar iddiaçıya ziyan vurmamışdırlar, əksinə onlar şifer vuraraq iddiaçının evinə düşəcək yağışın qarşısını almışdırlar, həmçinin onların evlərinə quraşdırdıqları kombi iddiaçının evinin divarını qışda isidir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 23876 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 34,1 kv.metr, köməkçi sahəsi 11,2 kv.metr olan, 3 otaqdan ibarət 94 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0055 ha torpaq sahəsi **********66- 10301 qeydiyyat nömrəsi, xx.xx.2011-ci il qeydiyyat tarixi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 37363 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Vİİ küçəsi ünvanında yerləşən yaşayış sahəsi 26,7 kv.metr, köməkçi sahəsi 27,4 kv.metr olan, 2 otaqdan ibarət 109 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamına əsasən Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən 31 dekabr 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə ərizə ilə müraciət edərək, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, ev 53 ünvanında qonşuluğunda yaşayan Lətafət və Azər adlı şəxslərin onun həyətini qanunsuz zəbt etmələri, orada qanunsuz tikinti işləri aparmaları və həmçinin onu sözlə öldürməklə hədələmələri barədə məlumat vermişdir. Həmin material xx.xx.2023-cü il tarixdə qərar qəbul edilməsi üçün Abşeron RPİ-nə göndərilmiş və Abşeron RPİ-də HK-1-13204 sayda qeydiyyata alınaraq icraatına daxil olmuş, materialda cinayət tərkibi müəyyən olunmadığından qərarın təsviri hissəsində göstərilənlərə əsasən Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin məktubu əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İzahatı alınmış İddiaçı bildirmişdir ki, 2002-ci il tarixdə yaşadığı ünvanı Xədicə adlı şəxsdən 5000 manata almış və o zamandan orada yaşamağa başlamışdır. Həmçinin Xədicə adlı şəxs özünə məxsus torpağı bir neçə şəxslərə satmışdır. O, həmin evdə 2008-ci il tarixdən yaşamağa başlamışdır.O, Xədicədən evi aldıqdan sonra onun qızı Lətafət anasının oradan getməsindən istifadə edərək əri Azər ilə birlikdə həmin ünvanda qonşuluğunda yaşamağa başlamışdır. Lətafət və Azər öz tikdikləri evin onun evi ilə olan arasını yarımtikili tikərək onun evinin arxa tərəf divarını öz yarımtikilisinə birləşdirmişdir. O, dəfələrcə Azər və Lətafətə evin həmin hissəsinin sökülməsini, həmin evin kənarından 80 sm məsafə saxlamasını bildirsə də Lətafət və Azər bu məsələ ilə ona hədə-qorxu gələrək hətta oradakı daşları başına tökərək deyə bildirmiş və Lətafət isə “Səni o evdə yaşamağa qoymayacam” deyərək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidməti mərkəzinə zəbtlə bağlı məlumat vermiş və xx.xx.2023-cü il tarixdə ona cavab olaraq məhkəməyə müraciət etməyi ilə bağlı məktub gəlmişdir. İzahatı alınmış Cavabdeh2 bildirmişdir ki, X3 onun qonşuluğunda yaşamasını və 2010-ci il tarixdən onunla mübahisə etdiyini qeyd etmişdir. Sonuncu dəfə onun Cavahirlə çöl qapıları olan divarın təmiri zamanı ora vurduğu kafel metlaxın 10 sm Cavahirin divarına tərəf keçdiyini əsas gətirərək onlarla mübahisə etmiş və Cavahir əlinə balta götürərək həmin kafeli öz divarı tərəfindən sındırmışdır. Cavabdeh2 izahatına əlavə olaraq, İddiaçı hədələmədiyini və ona hər hansı bir xəsarət yetirmədiyini, Cavahirin izahatında yazdıqlarının əsassız olmasını qeyd etmişdir. İzahatı alınmış Cavabdeh1 bildirmişdir ki, 1994-cü il tarixdən Cavabdeh2 ilə ailə həyatı qurmuş və 2002-ci il tarixdə həyat yoldaşı Cavabdeh2 adına ünvan 5 ünvanında yaşamağa başlamışdır. Qaynanası Xədicə özünə məxsus torpaq sahəsini bölərək digər şəxslərə satdığı üçün həmin şəxslərdən biri də İddiaçı olmuşdur. Cavahir qonşuluqda yaşadığı zamandan aralarında mübahisələr yaranmış, həmin mübahisələrə səbəb isə Cəvahirin onunla bitişik darvaza tərəfdən divara kafel vurduğu üçün onun hasarı hissəsinə 10 sm keçdiyi üçün yaranmışdır. Bundan sonra Cavahir əlinə balta alaraq kafeli öz divarı tərəfindən sökmüşdür. Bundan sonra onların arasında heç mübahisə olmamış və kafeli sökdüyü yer indiyədək qalmışdır. Cavabdeh1 izahatına əlavə olaraq İddiaçı izahatında qeyd etdiyi xüsusatların heç birinin əsasının olmamasını qeyd etmişdir. iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 10/5522 saylı ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin sahəsi 18.9 kv.m olan yaşayış otağının girişə nisbətdə sağ divarının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Vİİ küçəsi ünvanında yerləşən iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə düşdüyü və iş üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin sahəsi 18.9 kv.m olan yaşayış otağının girişə nisbətdə sağ divarına bitişik olmaqla, sahəsi 5.73 kv.m olan texniki otağın inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin sözügedən ekspert rəyində mübahisə predmeti olan tikilinin iddiaçıya məxsus fərdi yaşayış evinə mənfi təsirinin olub-olmamasının müəyyən edilməsinin mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın həmin hissəsi üzrə tədqiqat aparılmadığı qeyd edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətin divarına bitişik hissədə qonşuları olan cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızı və Cavabdeh1 tərəfindən özbaşına tikililər inşa edildiyini, bununla da onun mülkiyyət hüququnun pozulduğunu, həmçinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun evinə maddi ziyan vurulduğunu, otağın divar kağızlarının rütubətdən nəm çəkərək çürüdüyünü, eyni zamanda nəticə olaraq onun səhhətində də problemlər yarandığını bildirərək, cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızının və Cavabdeh1 ünvan 1 ünvanında özbaşına tikili inşa etmələrinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən ünvan 1 ünvanında (onun evinə və həyətin divarına bitişik) tikilən yarımçıq (özbaşına) tikililərin cavabdehlərin hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən divarların əvvəlki vəziyyətinin bərpa olunması və ona dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmiş və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 152-ci, 157.2-ci, 157.4-cü, 180.1-ci, 180.2-ci və 180.4-cü maddələrinə istinad etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında yaranan mülki hüquq münasibətlərini tənzimləyən normalar Azərbaycan Respublikası Konstitusiyasının 13cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 152.1-ci, 152.5ci, 157.2-ci, 157.4-cü, 170.1-ci, 170.2-ci, 171.1-ci, 172.1-ci, 172.2-ci və 172.3-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Lakin iddiaçı tərəf mülkiyyət hüququ ilə ona məxsus olan onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətin divarına bitişik hissədə qonşuları olan cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızı və Cavabdeh1 tərəfindən özbaşına tikililər inşa edildiyini, bununla da onun mülkiyyət hüququnun pozulduğunu, həmçinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun evinə maddi ziyan vurulduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Belə ki, obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli, 2(012)-2399/2024 saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 10/5522 saylı ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin sahəsi 18.9 kv.m olan yaşayış otağının girişə nisbətdə sağ divarının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Vİİ küçəsi ünvanında yerləşən iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə düşdüyü və iş üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin sahəsi 18.9 kv.m olan yaşayış otağının girişə nisbətdə sağ divarına bitişik olmaqla, sahəsi 5.73 kv.m olan texniki otağın inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin sözügedən ekspert rəyində mübahisə predmeti olan tikilinin iddiaçıya məxsus fərdi yaşayış evinə mənfi təsirinin olub-olmamasının müəyyən edilməsinin mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın həmin hissəsi üzrə tədqiqat aparılmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 130 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 14 mart 2025-ci il tarixli, 10/5522 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızının və Cavabdeh1 ünvan 1 ünvanında özbaşına tikili inşa etmələrinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızı və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında (onun evinə və həyətin divarına bitişik) tikilən yarımçıq (özbaşına) tikililərin cavabdehlərin hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən divarların əvvəlki vəziyyətinin bərpa olunması və ona dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 Bəxşeyiş qızından və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 14 mart 2025-ci il tarixli, 10/5522 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-146/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-146/2025
04.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver