Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1461/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2012-ci il tarixdə doğulmuş Ümüd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə Ümüd adlı uşaq doğulmuşdur. Cavabdeh 2004-cü ildən "xxxx" MMC-də işləyir. Hər ay vaxtlı-vaxtında əmək haqqı alır. Eyni zamanda, aylıq maaşdan da əlavə məvacib alır. Cavabdeh 2004-cü ildən "xxxx" MMC-də işlədiyinə görə təcrübəli işçi olduğundan aylıq maaşı o biri işçilərə nisbətən yüksəkdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, onlar rəsmi olaraq boşanmasalar da, birgə təsərrüfat aparmırlar. Cavabdeh valideyn kimi öz öhdəliklərini layiqincə yerinə yetirmədiyindən hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, öz uşağına hər zaman qayğı göstərmişdir. Hazırda o, ''EMBAWOOD” MMC-də fəhlə işləyir və ayda 400 manat əmək haqqı alır. Hər ay aliment kimi 180 manat vəsait ödəyə bilər. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın qismən, yəni aylıq gəlirin ¼ hissəsi həddində təmin edilməsini xahiş etdi. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 609200 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2010-cu il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Əzizova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 73 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2010-ci il tarixdən "xxxx" MMC-də Binəqədi satış anbarında fəhlə işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı, o cümlədən "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanunu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Ümüd adlı uşağa görə xx.xx.2023-cü ildən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin, o cümlədən azyaşlının mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün hər ay 220 manat məbləğdən yüksək həddə alimentin tutulması barədə iddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İşdə olan arayışdan görünür ki, cavabdeh fəhlə işləyir və ayda 400 manat əmək haqqı alır. Başqa sözlə, iddiaçı bu hissədə tələbinin əsasını mötəbər dəlillər və sənədlərlə sübuta yetirə bilməmişdir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya mərhələsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1461/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1461/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver