Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-149/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon. Mehdiabad qəsəbəsi, Qırat yaşayış kompleksi, bina 11, ev 91-də yerləşən 2 otaqlı mənzilə köçürülməyi və həmin mənzilə dair yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində yol verilmiş texniki yanlışlığın aradan qaldırılaraq, iddia ərizəsinin məzmun və xahiş etdi hissəsində yazılmış “Qırat yaşayış kompleksi” nin “Qarant yaşayış kompleksi” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə Qaçqın və X5 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayon, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, bina 11, ev 91-də yerləşən 2 otaqlı mənzil istifadələrinə verilmişdir. Həmin ünvanda o, mərhum X16 və həyat yoldaşı Cavabdeh yaşayırdılar. Cavabdeh qaçqın olmadığı üçün uşaqlara qaçqın statusu verilməmişdir. X16 2017-ci ildə 33 yaşında dünyasını dəyişdikdən sonra gəlini Cavabdeh evi satıb pulunu ona verməyini istədi. O, buna razı olmadı. Evi satmadığı üçün gəlini tərəfindən zorakılığa məruz qalmışdır. Bütün bu zorakılıq halları 2 ildir ki davam edir. Artıq onların bir yerdə yaşamaqları qeyrimümkündür. Ona bildirmişdir ki. oğlun vəfat etdikdən sonra sən bu evdə qala bilməzsən. Dəfələrlə ona qarşı zorakılıqları üçün hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Eyni zamanda Qaçqın və X5 üzrə Dövlət Komitəsində də olmuşdur. Lakin heç bir tədbir görülməyib. Qalacaq başqa bir yeri yoxdur. Həmin mənzil 2 otaq, sanitar qovşaq və mətbəxdən ibarətdir. Hesab edir ki, işin zəruriyyətindən irəli gələrək, həmin mənzildən 1 olaq ona verilməli, sanitar qovşaq və mətbəxdən isə istifadə qaydaları müəyyən edilməlidir. Odur ki, onun həmin mənzilə köçürülməyi və həmin mənzilə dair yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehlə birgə yaşamaq mümkün deyildir. Cavabdeh onun gəlinidir. X1 2017-ci vəfat etmişdir. Oğlunun cavabdehlə nikahından iki övladı olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş ev 7-ci mərtəbədədir, lifti vardır. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11/91 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 11 saylı evin, 2 otaqlı, 91 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri X6, Cavabdeh Nursəddin qızı, X7 və X3r. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. -Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı № 129972 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1954-cü il də Ağdam rayonunda anadan olmuşdur. -Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Məcburi köçkünlərin miqrasiyasının qeydiyyata alınması haqqında məlumatdan görünür ki, İddiaçı İbrahim qızı, X6, X8 məcburi köçkün kimi Binəqədi rayonundan qeydiyyatdan çıxarılaraq Abşeron rayonuna qeydiyyata düşmüşdürlər. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı və Cavabdeh Ağdam rayonu, Seyidli kəndində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh ilə X2 birgə nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9005 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-3223/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Mənzildən istifadə qaydalarının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 11 saylı evin, 91 saylı mənzilin mənzilin planlı yerləşməsini, yəni 7 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir sanitar qovşaq hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflər arasında bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və "Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olundu. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11/91 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 11 saylı evin, 2 otaqlı, 91 saylı mənzilini müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçının ailə üzvləri kimi X6, Cavabdeh Nursəddin qızı, X7 və X9 qeyd edilmişdir. İddiaçı X1 Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. X2 Cavabdeh ilə rəsmi nikahdan iki övladları-xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşdur. İddiaçı X1 2017-ci ildə vəfat etmişdir. Hazırda, tərəflərin bir yerdə yaşamaqları mümkün olmadığından evə köçürülmə və yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbində istifadə qaydalarının müəyyən edilməsi məhkəmədən xahiş edilmiş, məhkəmə istifadə qaydalarının müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Ekspert rəyində istifadə qaydalarının müəyyən olunması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən ekspert rəyini qiymətləndirərək hesab edir ki, iddia tələbinin istifadə qaydalarının müəyyən ediməsi hissəsi, ekspert rəyində göstərildiyi kimi mümkün olmadığından həmin hissəsdə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 27.1. maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3. maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, mülki iş üzrə İddiaçı Ağdam rayonundan məcburi köçkün statusuna malikdir və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11/91 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında iddiaçının istifadəsinə iki otaqlı mənzil verilmişdir. Həmin müqavilədən görünür ki, iddiaçı ilə bərabər digər ailə üzvləri X1nun həyat yoldaşı hazırki iş üzrə Cavabdeh və onun azyaşlı iki uşaqları ilə birlikdə mənzilə qeydiyyata düşməklə yaşayış hüququ əldə etmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 17.3.2. bəndinə əsasən, xüsusi təyinatlı mənzil fondu - bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.15 bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 99.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 11 saylı evin, 2 otaqlı, 91 saylı hazırki iş üzrə iddiaçının mülkiyyətinə cavabdeh ilə gəlini nikah münasibətlərinə daxil olduqdan sonra cavabdehin azyaşlı uşaqları ilə birlikdə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Hazırda, iddiaçının cavabdehlə mübahisəli mənzildə yaşamaq hüququnun olduğunu iddia etdiyi, cavabdeh tərəfindən mənzilə köçürülməsinə və mənzildən istifadəyə maneələr yarandığından məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Mənzil Məcəlləsinin: 68.1. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.3. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 69.1. maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 70 maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, sosial kirayə müqaviləsi üzrə kirayəçi kimi İddiaçı qeyd edilmişdir. Bununla belə, iddiaçının köçürülmək iddiasında olduğu mənzil tərəflərin müvəqqəti sahiblik və istifadəsinə verilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 11 saylı evin, 2 otaqlı, 91 saylı mənzil səlahiyyətli orqanın mülkiyyətində olduğundan və hazırki iş üzrə tərəflər bərabər hüquq və vəzifələrə malik olduğundan, iddiaçının həmin mənzildə yaşamaq hüququ əsaslıdır və ona görə də iddia tələbinin mənzilə köçürülmə hissəsi təmin edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə 50 manat ekspertiza tədqiqatının dəyəri iddia tələbinin istifadə qaydalarının müəyyən edilməsi hissəsində təmin edilmədiyindən iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 14, 36, 77, 150 və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 11 saylı evin, 2 otaqlı, 91 saylı mənzilinə köçürülsün. Cavabdeh dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************4) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-149/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-149/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver