Məhkəmə qərarları › İş №2(012)-1494/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1494/2025

10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1494/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-795/2023 saylı, xx.xx.2023-cü ii tarixli qətnaməsinə əsasən, onunla X2 arasında olan xx.xx.2008-ci il tarixdə Zarafşan şəhər VVAQ şöbəsi tərəfindən 652 saylı qeydlə bağlanmış nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X6 adlı uşaqların anası Cavabdeh yanında qalmaları qət edilmişdir. Belə ki, Cavabdeh üç azyaşlı övladını onun himayəsində qoyaraq bir kişi ilə Türkiyə Respublikasına qaçmışdır. Onların arasında olan nikahın pozulmasına səbəb cavabdeh olmuşdur. O, səhər evdən çıxır axşam işdən evə qayıdır. Səfurə 3 azyaşlı övladına baxdığı üçün işləmirdi. Cavabdeh onun evdə olmamağından və ona olan etibarından sui-istifadə edərək, ona xəyanət etmişdir. O, türk vətəndaşı ilə sosial şəbəkədə tanış olmuş və mobil nömrələri ilə yazışmağa başlamışdır. O, türk vətəndaşı TİR sürücüsü olmuşdur və Azərbaycan Respublikasına gələn zaman Səfurə ilə əlaqə saxlamış və cavabdeh 3 azyaşlı övladını onun himayəsinə qoyaraq qaçıb getmişdir. O, daha sonra iddia tələbi ilə məhkəməyə müraciət edərək, 3 azyaşlı övladının onun himayəsində qalmasını məhkəmədən xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-106/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 onun yanında qalması qət edilmişdir. Artıq 1 ildir ki, övladlarına o təkbaşına baxır. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsun övladları ilə maraqlanmamışdır. O, övladlarını çox sevir və xoşbəxt yaşaması üçün əlindən gələni etməyə çalışır. Cavabdeh öz həyatını yaşayır, sanki 3 azyaşlı övladı yoxmuş kimi davranır. O, bəzi səbəblərə görə cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Ağstafa Rayon Məhkəməsinin 2(015)-795/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 31 oktyabr 2008ci il tarixdə Zarafşan şəhər VVAQ şöbəsi tərəfindən 652 saylı qeydlə bağlanmış nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqların anası Cavabdeh yanında qalmaları qət edilmişdir. -Ağstafa Rayon Məhkəməsinin 2(015)-106/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmaları qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yerinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixində rəsmi nikah bağlanmış və tərəflərin həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Daha sonra tərəflər arasındakı münasibət pozulmuşdur. Hazırda iddiaçı aliment kimi hər uşağa görə 235 manat sabit pul məbləği tələb etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yerinə dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi cavabdehin vəziyyəti iddiaçının iddia tələbi ilə tələb etdiyi aliment məbləğinə adekvat deyildir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq, cavabdehin rəsmi iş yerinin olmamasına və əlilliyinə dair məlumatları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (120:400 m.ə.h =m.ə.h 0,3 misli) 0,3 misli məbləğində aliment tutulmalıdır. Məhkəmə iclası zamanı iddia qaldırılması hüquqları təklif edilsə də tərəflərin, uşaqla görüş, uşağın ölkə hüdudlarından kənara valideyinin birinin icazəsi olmadan çıxarılması, mülkiyyətlə bağlı mübahisə və tələbləri olmadı. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (120 manat x 3 uşaq= 360 x 12 =4320 manat) ödənilməli olan 63,20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli məbləğində aliment tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 63,20 (altmış üç manat iyirmi qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar