Məhkəmə qərarları › İş №2(012)-1496/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1496/2021

28.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1496/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Kazımovun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı (Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə qarşı (Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASCnin Xırdalan filialı ilə İddiaçı arasında bağlanmış CC/04608/4 nömrəli zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyul 2014-cü il tarixdə Cavabdeh1 ASCnin Xırdalan filialı ilə Şükürov Afət Nüşrəvan oğlu arasında CC/04608/43/23 №-li kredit sazişi imzalanmış və bank sonuncuya 24 ay müddətinə illik 28 % hesablanmaq şərtilə 2540 ABŞ dolları məbləğində kredit vermişdir. O, həmin öhdəliyin təminatı olaraq Afət Şükürova zamin dayanmış və zamin qismində öz öhdəliyini dərk edir. Lakin hesab edir ki, bank əsas borclu ilə bağlı lazımi hüquqi prosedurları tam yekunlaşdırmamış Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Bahadur İsmayılova müraciət etmiş, notarius onun barəsində icra qeydi aparmış və həmin icra qeydi icraya yönəldilmişdir. Bütün bu proseslər həyata keçirilərkən ona məlumat verilməmiş, həmçinin heç bir araşdırma aparılmamışdır. Əgər notarius bankın təqdim etdiyi sənədləri diqqətlə araşdırmış olsaydı, o zaman bank tərəfindən həm müqavilə üzrə ümumi iddia müddətini, həm də zaminə qarşı iddia irəli sürmə müddətini ötürmüş olduğunu aşkar edərdi. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, borclu Şükürov Afət Nüşrəvan oğlu ilə bank arasında bağlanmış 15 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı bank qarşısından kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı tam öhdəlik götürmüşdür. Borclu tərəfindən müqavilə üzrə öhdəliyi icra olunmamış, buna görə də bank tərəfindən zaminə qarşı tələb irəli sürülməklə, ondan pul məbləğinin tutulması barədə icra qeydinin aparılması ilə bağlı notariusa müraciət olunmuşdur. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlunun 05 avqust 2020-ci il tarixli icra qeydin əsasən İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 2153,28 ABŞ dollarında məbləğin tutulmasına dair qeyd aparılmışdır. Müqavilə üzrə öhdəliklər icra edilmədiyindən iddiaçının iddia müddətinin ötürülməsi və ona qarşı müəyyən edilmiş müddət ərzində tələb irəli sürülmədiyi əsası ilə zaminliyə xitam verilməsi tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq və işdə iştirak edən şəxslərin rəyini nəzərə alaraq məhkəmə işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakları olmadan baxılmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 iyul 2014-cü il tarixli, CC/04608/43/23 saylı kredit sazişindən görünür ki, Şükürov Afət Nüşrəvan oğlu “Bank of Baku” ASC-dən kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 28% olmaqla 2540 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə borclunun öhdəliyi zaminliklə təmin edilmiş və zamin İddiaçı borclunun öhdəliyinin tamamilə icra etməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən verilmiş 05 avqust 2020-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı Cavabdeh1 ASCnin xeyrinə 2153,28 ABŞ dollarında məbləğin tutulmasına dair icra qeydi aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 19 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı bankla aralarında bağlanmış CC/04608/4 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə banka müraciət etmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, borclu Şükürov Afət Nüşrəvan oğlu 15 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan kredit götürmüşdür. İddiaçı bankla aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən borclu Şükürov Afət Nüşrəvan oğlunun kredit müqavilə üzrə öhdəliyinin təminatı olaraq, yəni tam icra olunması üçün kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Borclu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, buna görə də kreditor tərəfindən borcun tutulması ilə bağlı icra qeydinin aparılması ilə bağlı notariusa müraciət olunmuş və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən 05 avqust 2020-ci il tarixdə İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə kredit müqaviləsi üzrə yaranmış 2153,28 ABŞ dollarında məbləğin tutulmasına dair icra qeydi aparılmış və həmin icra qeydi icraya yönəldilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı bankla aralarında bağlanmış zaminlik müqaviləsinin xitam verilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2 və 472.3-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun normasından aydın olur ki, zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda tərəflər arasında bağlanmış zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edilmişdir. İddiaçı borclu ilə cavabdeh bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni kredit müqaviləsinin 15 iyul 2014-cü il tarixdə 24 ay müddətə bağlandığını və həmin müddətin bitdiyi tarixdən bir il ərzində kreditorun zamin olaraq ona qarşı iddia irəli sürmədiyi əsası ilə zaminliyə xitam verilməsini tələb edir. İkinci əsas olaraq isə bank tərəfindən həmçinin müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddətinin ötürüldüyünü göstərmişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarım və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtımı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə, eləcə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Belə olan halda “Bank of Baku” ASC ilə borclu Şükürov Afət Nüşrəvan oğlu arasında 15 iyul 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış zaminlik müqaviləsi həmin müqavilə tərəflərinin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Qeyd edilən hal müqavilə üzrə tərəflərin öz aralarında iddia müddətini müəyyən etdikləri və onu öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olması ilə razılaşdırmaları anlamına gəlir. İşin müəyyən edildiyi hallarından görünür ki, borclu Şükürov Afət Nüşrəvan oğlu kredit müqaviləsi üzrə bank qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 ASC ilə borclu arasında bağlanmış 15 iyul 2014-cü il tarixli kredit müqaviləsinin müddəti 24 ay müddətinə müəyyən olunsa da, həmin müqavilə tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olduğundan kreditorun həmin müqavilə üzrə öhdəliyin icrası üzrə zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş hüququ mövcud olmuşdur və həmin hüquqdan istifadə edilməsi üçün müəyyən edilmiş müddət ötürülmədən zaminə qarşı tələb irəli sürülmüşdür. Beləliklə məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar