Məhkəmə qərarları › İş №2(012)-1506/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1506/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1506/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 14 avqust 2022-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat alimentin alınaraq ona verilməsi, hamiləlik zamanı çəkilən xərclərin (9 ay üçün ümumilikdə 2000 manat) ona verilməsi, həmçinin Miray Qurbanzadənin 03 yaşınadək onun himayəsində olması, övladına baxmağını öhdəliyinə götürməyi səbəbindən işsiz olmağını nəzərə alaraq hər ay 100 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 iyul 2022-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuşlar. Nikahlarını isə 13 avqust 2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 avqust 2022-ci il tarixdə Miray adlı qızları anadan olmuşdur. Boşanmaları rəsmiləşməmişdir. Cavabdehlə 21 dekabr 2021-ci il tarixdən ayrı yaşayırlar. Hal-hazırda o, yetkinlik yaşına çatmamış qızı Miray Qurbanzadə ilə nənəsinin himayəsində yaşayır. Cavabdeh uşağına heç bir maddi yardım etmir. O, hamilə olduğu müddətdə bütün xərcləri onun ailəsi çəkmiş, evli olduğu müddətdə onun maşın alaraq və əlində olan pulu xərcləyərək geri qaytaracağını bildirsə də, bugünədək geri qaytarmamışdır. Həmçinin, Cavabdeh onu döyməsi səbəbindən övladını itirmək təhlükəsi altında qalmış, 9 ay çox çətin və riskli hamiləlik keçirtməklə yanaşı müalicələr almışdır. Heç birində Cavabdeh onun yanında olmamış heç bir xərc çəkməmişdir. xx.xx.2021-ci il tarixdən evlərinə geri qayıtdığı zamandan bugünədək onunla və uşaqla maraqlanmamış, onlara maddi yardım göstərməmiş, baxmamışdır. O da heç yerdə işləmədiyi üçün uşağın tələbanıtını ödəməkdə çətinlik çəkir. Həmçinin, onun yaratdığı travmalara və zədələrə görə müalicə alır və müalicəsi davam etməlidir. İşsiz olduğundan və əlindəki pulları Cavabdeh xərclədiyindən səhhətində yaranmış problemlerlə mübarizə aparmaqda çətinlik çəkir. Hamiləlik dövründə səhhətində yaranmış problemlər hələ də davam edir. Riskli hamiləlik səbəbindən uşaq doğulanədək müalicələri təxirə salınmış, halhazırda isə davam edir. Qeyd etdiklərinə əsasən işsiz olduğunu, uşağın azyaşlı olmaqla onun himayəsində olmasını, onun sağlamlığı və normal həyat tərzi keçirməsini, cavabdehin maddi vəziyyətini və aylıq qazancının qeyri-müntəzəm olmasının nəzərə alınaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək, hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 456082 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlanmış, arvada Qurbanova soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 727451 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda ailə faktiki olaraq dağılmış və uşaq hazırda iddiaçının yanında qalır. İddiaçı uşağın saxlanması üçün 220 manat məbləğində aliment, hamiləlik zamanı çəkilən xərclərin (9 ay üçün ümumilikdə 2000 manat), həmçinin uşaq 3 yaşına çatanadək hər ay 100 manat aliment tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1. maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, оnlаrı tərbiyə еtmək vаlidеynlərin həm hüququ, həm də bоrcudur. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2023cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. İddia tələbindən eyni zamanda görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından 14 avqust 2022-ci il tarixdə anadan olmuş X2 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat alimentin, hamiləlik zamanı çəkilən xərclərin (9 ay üçün ümumilikdə 2000 manat) alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, iddiaçı hazırda 2000 manat çəkilən xərclə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 14 avqust 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay100 manat aliment tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı uşağın körpə olması ilə əlaqədar işləmir, cavabdehin isə kifayət qədər vəsaitə malik olması barədə məhkəməyə sübut təqdim etməmişdir.Bu halda məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, 14 avqust 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 30 manat aliment tutularaq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh 14 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, 14 avqust 2022-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək 00 manat miqdarında aliment tutularaq İddiaçı verilməli, iddia iqsmən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manata qədər olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin bir faizi (66.32 manat) hesablanır. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehdən dövlət nəfinə 66.32 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, 14 avqust 2022-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək 30 manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh 66.32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar