Məhkəmə qərarları › İş №2(012)-153/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-153/2022

05.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-153/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron rayonu Masazır Bələdiyyəsi) qarşı torpaq sahəsinin yolunda, küçəsində tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin yolunun boşaldılaraq əməli istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron rayonu Masazır Bələdiyyəsi) qarşı torpaq sahəsinin yolunda, küçəsində tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin yolunun boşaldılaraq əməli istifadəyə qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanlarına dair zəbt olunmuş gediş-gəliş yolunda qanunsuz özbaşına inşa edilmiş tikililərin hamısının cavabdehlərin vəsaiti hesabına sökülməsi, həmin ünvanlara dair 06 metr enində yolun açılması küçənin əməli istifadəyə qaytarılması, həmin küçəyə kənar müdaxilənin olunmaması, cavabdehlərin qanunsuz hərəkətlərinin qadağan edilməsi, cavabdehlərin öz küçələrinə, yəni S.Rüstəm küçəsi döngə 3, ev 3 ünvanına keçirilməsi, cavabdeh ilə aralarındakı torpaq sahəsinin hasarlanması və uzun illər torpaq sahəsini, yolunu istifadə etdiyi üçün təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmələrinə səbəb cavabdehlər tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin yolunu, küçəsini zəbt etməsi və özbaşına qanunsuz tikinti inşa etməsidir. İddiaçılar 1988-ci ildə məlum hadisələrdən sonra Qafan rayonundan qaçqın düşərək Bakı şəhərində məskunlaşmışlar. 1991-ci ildə Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işə başlamışlar. Bir neçə il sovxozda işlədikdən sonra, 1996-cı ildə Xırdalan südçülüktərəvəzçilik sovxozunda işləyən şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə işçilərə , həmçinin onlara torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı1 adına ünvan 2 ünvanında həyətyanı torpaq sahəsi, İddiaçı2 Xəqani küçəsi döngə 4, 9 ünvanında həyatyanı torpaq sahəsi və İddiaçı3 döngə 4, 7/3 ünvanında Dövlət reyestrində qeydə alınmaqla Çıxarışlar verilmişdir. Buna baxmayaraq, qonşuluqda yaşayan cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsinin küçəsini və yalnız həmin torpaq sahələrinə aid olan Xəqani küçəsini zəbt edərək özbaşına fərdi yaşayış evi, sanitar qovşağı, heyvandarlıq, quşçuluq tövlələri və s. tikililər inşa edir. Cavabdehlər iddia edirlər ki, guya mülkiyyətlərində olan torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən onlara ayrılmışdır. Hazırda həmin torpaq sahəsinə dair yoldan istifadə etmək istədikdə isə cavabdehlər tərəfindən söyülür, təhqir olunur və onları öldürməklə hədələyirlər. Belə ki, cavabdeh həmin torpağı və yolu zəbt etdiyi üçün Abşeron rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127 və 188-ci maddələrinə əsasən 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cinayətkar əməllərini davam etdirirlər. Bundan başqa, Cavabdeh1 Əzizbəyov rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Cinayət məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 234.4.3: 234.4.2: 67.1: 127.1: 188: 66.2: 68.1: 68.1.3-cü maddələri ilə 08 il 02 ay azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmədikləri, heç bir torpaq sahəsini, yolu zəbt etmədiklərini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları 0.10 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********244 reyestr nömrəsi ilə İddiaçı1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları 0.098 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********50 reyestr nömrəsi ilə X2 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları 0.085 ha torpaq sahəsi xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********12 reyestr nömrəsi ilə İddiaçı3 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 885 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(012)-572/2017 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,085 ha torpaq sahəsi və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,098 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıların sahibliyinə qaytarılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-3601/2019 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında bələdiyyənin mülkiyyətində olan istifadə hüququ ilə 0.00768 ha. torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60.2 kv.m olan fərdi yaşayış evinin 45,4 kv.m hissəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********99-10301 reyestr nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli 10/3910 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə iddiaçı şəxslərin mülkiyyətində olan torpaq sahələrinə faktiki olaraq yolun mövcud olmadığı müəyyən olunmuşdur. İddia olunan ərazinin xəritə məlumatlarında yol kimi nəzərdə tutulub-tutulması ƏMDX-ə sorğu göndərilməklə müəyyən oluna bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 10/5708 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: -Elektron məlumat bazasına əsasən Abşeron rayonu, Masazır bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlarin yerquruluşu sxemində yol nəzərdə tutulmadığından qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Lakin faktiki olaraq iddiaçıların gediş-gəliş yolu cavabdehlər tərəfindən bağlanmışdır.Həmin rəyə əlavə olunan plan –sxemə əsasən cavabdehlərin faktiki istifadələrində 0.679 ha torpaq sahəsi, Masazır bələdiyyəsinin çıxarışla mülkiyyətində olan torpaq sahəsi isə 0.569 ha. torpaq sahəsidir.İddiaçıların və cavabdehlərin gediş-gəliş yolu cavabdehlərin faktiki istifadəsindədir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin tərtib etdiyi iddiaçılara ayrılan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli plan sxemindən görünür ki, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindən Xaqani küçəsinə keçir, Xaqani küçəsindən döngədən gedən yolun solunda cavabdehlərin evi, yolun sağında isə iddiaçılara aid torpaq sahəsi yerləşməklə, yol cavabdehlərə məxsus torpaq sahəsinin sonu ilə tamamlanır, yolun davamı daha yoxdur. İşin məhkəmə baxışında yerli baxış zamanı mütəxəsiss rəyində qeyd edilən iddiaçıların torpaq sahələrinə gediş-gəliş yolunun cavabdehlərin faktiki istifadəsindəsində olduğu müəyyən edildi. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir.Fotoşəkillərdən görünür ki, Xaqani küçəsindən döngə 4-dən gedən yolun solunda cavabdehlərin evi, yolun sağında isə iddiaçılara aid torpaq sahəsi yerləşməklə, yol cavabdehlərə məxsus torpaq sahəsinin sonu ilə tamamlanır, yolun davamı daha yoxdur.İddiaçıların torpaq sahələri cavabdehin evinə tərəf hissədən hasarlanmamışdır, istifadəsiz boş torpaq sahəsidir. Cavabdehlər tərəfindən evlərinə yaxın hissədə iddiaçılar məxsus torpaq sahəsinə gedən yol dəmir şifer və taxta parçaları ilə qapı və hasar quraşdırılaraq özləri üçün evin həyətyanı sahəsi kimi istifadə olunur,yolun davamı olan cavabdehlərin həyəti kimi istifadə olunan sahədə yolun alt hissəsində cavabdehlərə aid ev quşlarının saxlanması üçün istifadə olunan hinin öndən təqribən bir metr endə olan hissəsi yol sahəsinə düşür. Azərbaycan Dövlət Yikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni 2,75-3,0 metr, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün isə yolun eni 4,5 metr olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən mübahisəli yolun avtomobillər üçün nəzərdə tutulan normaya uyğun olduğu, yük avtomobilləri üçün isə nəzərdə tutulan normaya uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışlara əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı1, 0.098 ha torpaq sahəsi İddiaçı2, 0.085 ha torpaq sahəsi İddiaçı3 və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavadehlər tərəfindən zəbt olunmuş gediş-gəliş yolunda qanunsuz özbaşına inşa edilmiş tikililərin hamısının cavabdehlərin vəsaiti hesabına sökülməsi, həmin ünvanlara dair 06 metr enində yolun açılması küçənin əməli istifadəyə qaytarılması, həmin küçəyə kənar müdaxilənin olunmaması, cavabdehlərin qanunsuz hərəkətlərinin qadağan edilməsi, cavabdehlərin öz küçələrinə, yəni S.Rüstəm küçəsi döngə 3, ev 3 ünvanına keçirilməsi, cavabdeh ilə aralarındakı torpaq sahəsinin hasarlanması və uzun illər torpaq sahəsini, yolunu istifadə etdiyi üçün təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin müəyyən edilən hallarından görünür ki, faktiki olaraq iddiaçıların gediş-gəliş yolu cavabdehlər tərəfindən bağlanmışdır, faktiki istifadələrində 0.679 ha torpaq sahəsi, Masazır bələdiyyəsinin çıxarışla mülkiyyətində olan torpaq sahəsi isə 0.569 ha-dır.İddiaçıların və cavabdehlərin torpaq sahələrinə gediş-gəliş yolu cavabdehlərin faktiki istifadəsindədir.İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin tərtib etdiyi iddiaçılara ayrılan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli plan sxemindən görünür ki, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindən Xaqani küçəsinə keçir, Xaqani küçəsindən döngədən gedən yolun solunda cavabdehlərin evi, yolun sağında isə iddiaçılara aid torpaq sahəsi yerləşməklə, yol cavabdehlərə məxsus torpaq sahəsinin sonu ilə tamamlanır, yolun davamı daha yoxdur.İşin məhkəmə baxışında yerli baxış zamanı mütəxəsiss rəyində qeyd edilən iddiaçıların torpaq sahələrinə gediş-gəliş yolunun cavabdehlərin faktiki istifadəsindəsində olduğu müəyyən edildi. Fotoşəkillərdən görünür ki, Xaqani küçəsindən döngə 4-dən gedən yolun solunda cavabdehlərin evi, yolun sağında isə iddiaçılara aid torpaq sahəsi yerləşməklə, yol cavabdehlərə məxsus torpaq sahəsinin sonu ilə tamamlanır, yolun davamı daha yoxdur.İddiaçıların torpaq sahələri cavabdehin evinə tərəf hissədən hasarlanmamışdır, istifadəsiz boş torpaq sahəsidir. Cavabdehlər tərəfindən evlərinə yaxın hissədə iddiaçılar məxsus torpaq sahəsinə gedən yol dəmir şifer və taxta parçaları ilə qapı və hasar quraşdırılaraq özləri üçün evin həyətyanı sahəsi kimi istifadə olunur,yolun davamı olan cavabdehlərin həyəti kimi istifadə olunan sahədə yolun alt hissəsində cavabdehlərə aid ev quşlarının saxlanması üçün istifadə olunan hin öndən təqribən bir metr endə olan hissəsi yol sahəsinə düşür. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayonu, Masazır kəndində yerləşən iddiaçılar İddiaçı1 məxsus 0.10 ha torpaq sahəsi, İddiaçı2 məxsus 0.098 ha torpaq sahəsi və İddiaçı3 məxsus 0.085 ha torpaq sahəsinə Abşeron rayonu, Masazır qəsəbəsi Xaqani küçəsi döngə 4-dən gedən gediş-gəliş yolunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan müdaxilələr aradan qaldırılmalı, həmin torpaq sahəsinə gediş-gəliş yolu yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün yolun eni 4,5 metr nəzərdə tutulduğundan 4,5 metr enində açılmalı və iddiaçıların istifadəsinə qaytarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yolun alt hissəsində özbaşına inşa edilmiş tikili(hin) cavabdehlərin vəsaiti hesabına sökülməli,torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılmalı, iddia həmin hissələrdə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsnin əsassız olması nəticəsinə gəlir və hesab edir ki, digər hissələrdə iddia təmin edilməməlidir. Belə ki, cavabdehlərin öz küçələrinə, yəni S.Rüstəm küçəsi döngə 3, ev 3 ünvanına keçirilməsi, cavabdeh ilə aralarındakı torpaq sahəsinin hasarlanması və uzun illər torpaq sahəsini, yolunu istifadə etdiyi üçün təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə qeyd edir ki, cavabdehlərin Xaqani küçəsindən istifadələrini məhdudlaşdıran hal olmadığından və iddiaçılara cavabdehlər tərəfindən təzminat ödənilməsinin əsaslarını təsdiq edən sübutlar olmadığından iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habələ Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə cavabdehlərdən hər birindən 10 manat, cəmi 20 manat məbləğində dövlət rüsumuna görə pul tutulub dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən mütəxəssis rəyi alınması üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat məhkəmə xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin xərcin 80 manatı cavabdehlərə aid edilməli, hər birindən 40 manat, cəmi 80 manat ondan tutularaq İddiaçı1 ödənilməliduir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 30 manatı hər birindən 15 manat olmaqla və cavabdehlərdən 20 manatı iddiaçılardan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Masazır kəndində yerləşən iddiaçılar İddiaçı1 məxsus 0.10 ha torpaq sahəsi, İddiaçı2 məxsus 0.098 ha torpaq sahəsi və İddiaçı3 məxsus 0.085 ha torpaq sahəsinə Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsi döngə 4-dən gedən gediş-gəliş yolunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan müdaxilələr aradan qaldırılsın. Həmin torpaq sahəsinə gediş-gəliş yolu 4,5 metr enində açılsın və iddiaçıların istifadəsinə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar məxsus həmin torpaq sahələrinə gedən yolun alt hissəsində özbaşına inşa edilmiş tikili(hin) cavabdehlərin vəsaiti hesabına sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh1 və Cavabdeh2 hər birindən 10 manat, cəmi 20 manat dövlət rüsumuna görə pul tutulub dövlət büdcəsinə ödənildin. İddiaçı tərəfindən mütəxəssis rəyi alınması üçün ödənilmiş 95 manat məhkəmə xərcinə görə cavabdehlər Cavabdeh1 40 manat və Cavabdeh2 40 manat tutularaq İddiaçı1 ödənilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birindən 10 manat, cəmi 30 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 10 manat, cəmi 20 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar