Məhkəmə qərarları › İş №2(105)-2060/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2060/2021

10.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2060/2021 10.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı4, Maraqlı şəxs1 iştirakı ilə, iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi, özbaşına tikilmiş fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair birgə iddia ərizələrinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)- 792/2021 saylı qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-792/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1242 (köhnə Xırdalan şəhəri, X6 prospekti, ev 19) ünvanında Cavabdeh tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması, bina tikilərkən İddiaçı4 dəymiş 4000 manat maddi zərərin, 3000 manat mənəvi zərərin, ümumilikdə 7000 manat pul məbləğinin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələbinə dair birgə iddialarının təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı4 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-792/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi, özbaşına tikilmiş fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair birgə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı2 məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-792/2021 saylı qərardadı ilə iddia tələbi həmin iddiaçıya aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə baxışı zamanı Abşeron rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə birgə ərizə verərək, iddia ərizəsində mübahisəli evin ünvanının səhv yazılması səbəbindən dəqiqləşdirmə aparılması zərurəti yarandığını göstərmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1242 (köhnə Xırdalan şəhəri, X6 prospekti, ev 19) ünvanında Cavabdeh tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması, bina tikilərkən İddiaçı4 dəymiş 4000 manat maddi zərərin, 3000 mənəvi zərərin, ümumilikdə 7000 manat pul məbləğinin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması; məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. . A P E LL Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, uzun müddətdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 10 ünvanında yaşayır. Əvvəllər evdə rahat yaşamış və gündəlik qayğıları ilə məşğul olmuşdur. Amma ötən ilin iyun ayında, evlərinin yanında, yolun kənarında cavadeh X4 220 kvadrat metr yer aldı və həmin ərazidə dördmərtəbəli bina tikdi. Həmin ərazidə yaşayan qonşular ona burada binanın tikilməsinin yolverilməz olduğunu, evlərinə girişçıxışa, evlərə və həyətlərə günəş işığının düşməsinə mane olacağını, evlərinin içərisinə pəncərələrin baxacağını bildirərək etiraz etdikdə, qəti sürətdə bildirdi ki, burada bina tikilməyəcək. Cavabdeh qəti surətdə əmin etdi ki, ikimərtəbəli ev tikir və gələcəkdə qonşu olacaqlar. Onun bu sözlərinə inanıb evinin tikintisinə razılaşdılar. Amma zaman keçdikcə onun özü üçün tikdiyi “iki mərtəbəli ev”dörd mərtəbəli binaya çevrildi. Respublikada xüsusi sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu və hamının evdə qaldığı bir vaxtda həmin dörd mərtəbəli ev hər gün tikilmiş, tikintidə olan səs-küy onlara narahatlıq yaradırdı. Evlərin içinə dolan tozdan rahat nəfəs ala bilmirdilər. Bu da onların normal həyatına mane olur, hər gün evdə dava-dalaşa, mənəvi iztirab və sarsıntı keçirmələrinə səbəb olmuşdur. Gecə-gündüz tikintinin getdiyi bir vaxtda uşaqların həyatının təhlükəsizliyi və psixologiyasının pozulmaması üçün rayonda kirayə ev tutub ora göndərmişlər. Demək olar ki, tikinti aparılan zaman heç bir təhlükəsizlik qaydalarına əməl olunmurdu. Aparılan tikinti işləri elə bir formada həyata keçirilirdi ki, evdə səsdən və gurultudan oturmaq belə mümkün deyildi. Eyni zamanda ağır zərbələr və titrəyişlər nəticəsində evinin divarları bərpa olunmaz dərəcədə çatlamağa başladı. Hər gün evin uçması təhlükəsi ilə üz-üzə qalmışlar. Eyvanın dəmirlikləri tikinti nəticəsində dağıdıldı. Daş parçaları eyvana düşərək mebelləri yararsız hala saldı. Eyvana və çölə çıxarkən hər an üzərlərinə daş və tikinti materiallarının tökülcəyindən qorxurdular. Evlərin yanında təxminən 10-a qədər ağac var idi. Cavabdeh X4 ağacları kökündən kəsərək həm onların isti yay günlərində istirahətini pozmuş, həm də Xırdalan şəhərinin yaşıllıqlarına ağır zərbə vuraraq özünün dörd mərtəbəli binasını tikmək üçün şərait yaratdı. Daha sonra bildirdi ki, yaşadığı evə dair çıxarışı var, 2003-cü ildən ailəsi ilə birlikdə orada yaşayır. Tələbi odur ki, cavabdeh ya binanı söksün, ya da ona dəymiş ziyanı tam olaraq qarşılasın ki, nə binanın sakinlərinin nə də onun mülkiyyət hüququ pozulmasın. Qeyd etdilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)- 792/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı1 apellyasiya şikayətinin qəbul edərək təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-792/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs1 izahat verərək göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Belə ki, o, sözügedən binadan mənzil alan sakinlərdən biridir. Mənzili 2020-ci ilin yanvar ayında "xxxx" MMC-dən alıb. Bina elə əvvəl yaşadığı küçədə yerləşirdi, evinə yaxın idi. Bu səbəbdən həmin binadan mənzil almaq qərarına gəldi. Onun mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı var. Mənzili alanda və sənədləşdirmə zamanı heç bir problem yaşamayıb. Məhkəmə mübahisəsindən isə göndərilən bildirişin sayəsində xəbərdar olub, halbuki bu günə qədər belə bir mübahisənin mövcudluğundan xəbərsiz idi. Hər bir halda 12 sakinin yaşadığı binanı sökmək adekvat deyil. Bütün sakinlərin mülkiyyət hüququnu təsdiq edən çıxarışları var. İddiaçının hüquqlarının müdafiəsi məqsədilə 12 nəfərin hüququ pozula bilməz. Ortaq məxrəcə gəlmək lazımdır və iddiaçıya dəymiş ziyan da təqsirli şəxs tərəfindən kompensasiya olunmalıdır. Burada alıcı olaraq maraqlı şəxslərin təqsiri yoxdur. Qeyd olunanlara əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı1, Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, proses iştirakçılarını dindirərək, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-792/2021 saylı qətnaməsi qismən, İddiaçı4 münasibətdə dəymiş maddi zərərin ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 657 manat pul cavabdehdən tutularaq ona ödənilməli, qətnamə İddiaçı4 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsi ev 5-də yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda 27 iyul 2013-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi ev 8-də yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 03 oktyabr 2009-cu il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsindəki 42,9 kv.m yaşayış sahəsi, 54,3 kv.m köməkçi sahəsi olan 3 otaqlı fərdi yaşayış evi Abşeron rayon İHB-nın 27 mart 1997-ci il tarixli 66 saylı sərəncamı əsasında İddiaçı4 adına qeydiyyata alınmışdır. İş materiallarında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti. ev 10A-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda 05 may 2015-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 03 dekabr 2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, İddiaçı4 Abşeron rayonu, Xırdalan şəhərində 31,95 kv.m sahədə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir. "xxxx" ASC-nin Texniki departamentinin 31 avqust 2020-ci il tarixli, 6- 02/06/Ə396/2697 saylı məktubundan görünür ki, İddiaçı4 müraciətində qeyd olunan bina "xxxx" ASC-nin balansında olan 10 kv-luq hava EVX-nin mühafizə zonasında tikilmişdir və bu barədə Abşeron rayon İH-nə və aidiyyəti orqanlara 17 yanvar 2020-ci il tarixdə tərəflərindən yazılı məlumat verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 30 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Hacıyev X3 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Maraqlı şəxs2 satmışdır. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş alğısatqı müqavilələrindən görünür ki, Hacıyev X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti b.1282 ünvanında yerləşən mənzilləri Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda iddiaçılar həmin cavabdehə qarşı onun tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi, maneələrin aradan qaldırılması və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin ilkin hissəsi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1242 (köhnə Xırdalan şəhəri, X6 prospekti ev 19) ünvanında Cavabdeh tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi ilə bağlıdır. Lakin iş materiallarından görünür ki, sökülməsi tələb edilən dörd mərtəbəli fərdi yaşayış evinin özbaşına tikilməsinə, ümumiyyətlə hüquqi rejiminə dair müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən və 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, yaşayış binasının texniki pasportu tərtib edilmiş, müvafiq mütəxəssis tərəfindən yoxlanılaraq təsdiq edilmişdir. Yəni iddiaçı tərəfindən özbaşına tikildiyi iddia olunaraq sökülməsi tələb edilən dörd mərtəbəli fərdi yaşayış evi faktiki olaraq tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində tikilmişdir, mülkiyyət hüququ üzrə qeydə alınmaqla texniki pasportu tərtib edilmişdir, bu hüquqmüəyyənedici sənədlər isə hazırda qüvvədədir. Mübahisələndirilən binanın buna lazımi icazələr alınaraq və ya şəhərsalma və tikinti normalarını və qaydalarına əməl edilərək tikilməsinin müəyyən edilməsi isə hazırkı iddianın predmeti deyildir. Bundan başqa tikintinin qanunsuz olması müəyyən edildiyi halda isə, onun sökülməsi məsələsini araşdırmaq və mübahisələndirmək Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. İş materiallarından görünür ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmış 712,1 kv.m sahəsi olan çoxmərtəbəli yaşayış binasının müvafiq sahələrini notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında digər vətəndaşlara satmış, binanın həmin sahələri ayrı-ayrı vətəndaşların istifadəsində və sərəncamındadır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh (eləcə də maraqlı şəxslərin) mülkiyyətində, sərəncamında olan dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsinə dair hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbinin maneələrin aradan qaldırılması, bina tikilərkən İddiaçı4 dəymiş 4000 manat maddi zərərin, 3000 mənəvi zərərin, ümumilikdə 7000 manat pul məbləğinin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələblər məhkəmənin hüquqi qiymət verərək təmin olunmasına hüquqi əsaslar olmadığını müəyyən etdiyi iddia tələbinə nisbətdə törəmə tələblərdir, əsas tələb təmin edilmədiyi halda törəmə tələblərin əsaslılığının müəyyən edilib yoxlanılmasına əsaslar qalmır, ona görə həmin törəmə tələblər də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması, bina tikilərkən İddiaçı4 dəymiş 3000 manat mənəvi zərərin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddinın təmin edilməməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşsa da hesab edir ki, İddiaçı4 maddi ziyanın ödənilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli ərazi, yəni Əhmədov Musa Vəliş oğluna məxsus ev və mübahisə predmeti olan cavabdehə və maraqlı şəxslərə məxsus dördmətəbəli bina yerində müayinə olunarkən müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında yerləşən yaşayış binası tikilərkən İddiaçı4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 10 ünvanında yerləşən ev arasında normativlərə uyğun ara məsafəsi gözlənilməyib, evlə yaşayış binası arasında təxminən 1-1,50 metr, evə bitişik yardımçı tikili ilə yaşayış binasının arasında 20 santimetr məsafə mövcuddur. Eyni zamanda elektrik naqilləri yaşayış evinin qarşısından hərəkətə açıq sahədən çəkilməklə təhlükə yaradır. Binada sakinlər yaşamaqdadır. Bina tikilərkən iddiaçının mənzilinin divarlarında müəyyən çatlar əmələ gəlmişdir. Binanın tikilməsi zamanı iddiaçıya müəyyən miqdarda ziyan dəyməsi müşahidə olunur. Bundan başqa iş üzrə keçirilmiş 04.10.2021-ci il tarixli, 10/3570 saylı ekspert rəyindən görünür ki, ara məsafəsi dedikdə binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə nəzərdə tutulur. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin hündürlüyünün 11.75 metr olduğunu nəzərə alaraq saxlanılmalı ara məsafəsi 3.5 metr olmalıdır. Lakin mülki iş materiallarının 134-cü səhifəsində yer alan “Texniki Pasporfun “Torpaq sahəsinin planı” hissəsində tikilinin torpaq sahəsində yerləşmə vəziyyətindən müəyyən olunmuş ara məsafəsinin gözlənilmədiyi müşahidə olunur. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin 5 pəncərəsi İddiaçı4 həyətyanı sahəsinə baxır. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili ilə həyətyanı evlər arasına dönən mübahisəli yolun eninin 3 metr olduğunu nəzərə alaraq, həmin məsafənin Azərbaycan Dövlət Tikinti Normalar, 2 6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olduğu müəyyən olundu. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin zirzəmisində hava işləməsi üçün heç bir boşluq mövcud deyildir. Tədqiq olunan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı4 fərdi yaşayış evində təqdim olunan qüsurların aradan qaldırılması üçün görülməli işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 657 manat olduğu müəyyən olundu. Beləliklə müəyyən olundu ki, cavabdeh tərəfindən mübahisəli mənzil tikilərkən bir sıra nöqsanlara ( o cümlədən, ara məsafəsi saxlanılmamış, bina tikilərkən pəncərələr iddiaçıların həyətinə baxır, həyətlərə gün işığının düşməsi çətinləşir və s.) yol verilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və maraqlı şəxslərin müvafiq sənədləri, o cumlədən torpaq sahəsinin ayrılması, tikiliyə razılıq verilməsi, alğı-satqı müqavilələri, çıxarışlar mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan iddia tələbi və apellyasiya şikayəti evin sökülməsinə, maneələrin aradan qaldırılmasına, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılmasına dair hissədə təmin edilə bilməz. Bundan başqa cavabdeh apellyasiya şikayətində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 4000 maat pulun cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Bu baxımdan iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi İddiaçı4üna maddi zərər dəyməsi hissəsində qismən, yəni ekspertiza rəyində olunan məbləğdə təmin edilməli, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası idjdiaçının apellyasiya şikayətinin dəlillərini digər hissəsində qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Belə ki, iddiaçı apellyasiya şikayətini həmin hissədə əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən, ekspertiza xərci isə iddiaçı ilə cavabdehdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-792/2021 saylı qətnaməsi qismən, İddiaçı4 münasibətdə dəymiş maddi zərərin ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 657 manat, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza xərci isə iddiaçı ilə cavabdehdən müştərək qaydada tutulmalı, qətnamə İddiaçı4 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı4 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-792/2021 saylı qətnaməsi qismən, İddiaçı4 münasibətdə dəymiş maddi zərərin ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 657 (altı yüz əlli yeddi) manat, ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat tutularaq İddiaçı4 ödənilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat pulun 25 manatı iddiaçı İddiaçı4, 25 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə aşağıdakı: Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 , Məhkəmə Ekspertizası Mərkəzi: VÖİN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Qətnamə İddiaçı4 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar