Məhkəmə qərarları › İş №2(012)-1565/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1565/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1565/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X9, Cavabdeh və onun vəkili-nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 dekabr 2009-cu il təvəllüdlü X11, 25 dekabr 2010-cu il təvəllüdlü X4 və 11 iyun 2014-cü il təvəllüdlü X5 yetkinllik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin 06.08.2020-ci il tarixdən hesablanmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh arasında bağlanmış 07 noyabr 2008-ci il tarixli nikah Abşeron rayon məhkəməsinin 2(012)-2099/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan dünyaya gəlmiş 14 dekabr 2009-cu il təvəllüdlü X11, 25 dekabr 2010-cu il təvəllüdlü X7 və 11 iyun 2014-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh şifahi razılıq əsasında uşaqların hər ay maddi ehtiyaclarını ödəməyi üzərinə götürmüşdür. Bu səbəbdən də əvvəlki məhkəmədə aliment tələb etməmişdir. Lakin cavabdeh uşaqlarına heç bir maddi yardım göstərməmiş və onlarla maraqlanmamışdır. O, uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X12 məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. 2008-ci ildə İddiaçı ilə nikaha daxil olub ailə qurmuşlar. Bu nikah münasibətlərindən 14.12.2009-cu ildə qızım Gulay, 25.12.2010-cu il də oğlu İsrafil və 11.06.2014-cü ildə qızı Yağmur doğulmuşdur. Bacardığı qədər çalışmışdır ki, ailəsi maddi cəhətdən korluq çəkməsin. Yaşayış sahələri olmadığından qaynatasının onlara verdiyi torpaq sahəsində, boğazından kəsib, gecəni-gündüzə qatıb ikimərtəbəli ev inşa edib ailəsini yaşayış sahəsi ilə təmin etmişdir. Lakin, iddiaçı əməyini yerə vurub xəyanətkar əməllərə yol verib ailəni dağıtmışdır. Sərbəst yaşayış tərzini seçən cavabdeh,məhkəməyə müracət edib nikahın pozulmasını və hər üç uşağın saxlanmasına dair aliment tələb etmişdir. İddiaçı ilə aralarında şifahi saziş bağlayıb razılığa gəldilər ki, onun vəsaiti hesabına inşa etdiyi tikili cavabdehə qalsın əvəzində, cavabdeh aliment tələbindən imtina etsin. Cavabdeh razılaşmanı qəbul edib məhkəmədə aliment tələbindən imtina etdi. Məhkəmə qətnaməsi ilə üç övladının cavabdehin himayəsində qalması müəyyən olundu. Nikah pozulandan sonra bir müddət cavabdehlə bir evdə yaşamaq məcburiyyətində qalmış və ailənin bütün maddi təminatını üzərimə götürmüşdür. Həmin ərəfədə cavabdeh əməliyyat olunmaq üçün bankdan kredit götürdü və o yenədə məcbur qalaraq həmin krediti öz vəsaiti hesabına ödəmişdir. Buna baxmayaraq cavabdeh xəyanətkar əməllərindən əl çəkmədi və yanvar 2021-ci il tarixdə evi tərk edəcəyini deyəndə oğlu İsrafil qətiyyətlə onunla gedəcəyini bildirdi. Oğlu İsrafil anasının əməllərindən xəbərdar idi və görüb bildiyi bəzi məqamları ona açıqladı. Cavabdehin “sərbəst həyat tərzini” əks etdirən fotoşəkillərini görəndən sonra evi tərk etmək qərarına gəldi. Cavabdeh,oğlunun münasibətini yaxşı bildiyi üçün onunla birgə evi tərk etməsinə heç bir etiraz bildirmədi. Yanvar 2021-ci il tarixdən oğlu İsrafil onunla birgə valideyinlərinə məxsus Salyan rayonunda olan evdə yaşayir və burada məktəbə gedir. Cavabdehin nə işlə məşğul olması ona nə məlumdur nədə maraqlı, amma dəqiq bilir ki, hər iki qızı keçmiş qaynanasının himayəsində yaşayır və bu səbəbdən qızlarına görə arxayındır, çünki qaynanası keçmiş olsada çox mərd və əxlaqlı qadındır. Şəxsən özünün maddi tələbatını təmin etmək üçün cavabdeh aralarında olan razılığı pozub ona qarşı 3 uşağa dair aliment tələbi irəli sürmüşdür. İddiaçının ona qarşı olan tələbi əsassızdır. Birincisi, oğlu İsrafil onunla yaşamağa üstünlük verib və onunla birgə yaşayır və tərəfindən bütün tələbatları ödənilir. İkincisi, uşaqların saxlanması öhdəliyi qanunla, hər iki valideyinə aid edilir və bu əsasla tam əməkqabliyyətli olan iddiaçı üç uşaqdan birini öz vəsaiti hesabına saxlamağa borcludur. Bu əsasla onun üzərinə yalnız bir uşağın saxlanması öhdəliyi qoyula bilər. Oğlunun 10 yaşı var və hansı valideyini ilə birgə yaşaması seçimini çoxdan etmişdir. Belə ki, iddiaçı ilə aralarındakı nikah pozulan zaman İddiaçı dövlətdən sosial yardım almaq istədiyi üçün qarşılıqlı razılaşmaya əsasən, məhkəmədən aliment kəsilməsini tələb etməmişdir. Buna baxmayaraq, aralarındakı nikah məhkəmə qaydasında pozulduqdan sonra belə 2021-ci ilin yanvar ayına qədər birlikdə yaşamışlar və bu müddət ərzində o, ailəsinin bütün ehtiyaclarını ödəmişdir. Lakin iddiaçının hərəkətləri səbəbilə artıq aralarındakı münasibətər pozulmuşdur. O, oğlu X6 zorla aparmamışdır. Oğlu ona daha çox bağlı olduğu üçün onun yanında könüllü olaraq qalır və anası ilə görüşmək istəmir. O, 138 saylı Mənzil Kommunal İstismar Birliyində işləyir. Hal-hazırda qəza keçirdiyinə görə müvəqqəti olaraq əmək qabiliyyətimi itirmiş və bu səbəbdən də oğluyla Salyan rayonunda valideyinləriylə yaşayır. Cavabdeh vəkili-nümayəndəsi X8 məhkəmədə cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-2099/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 noyabr 2008-ci ildə Abşeron rayon Mehdiabad qəsəbə İN-də bağlanmış və “nikahın bağlanması haqqında akt qeydləri kitabında” 30 №-si ilə qeyd edilmiş nikahın pozulması və birgə nikahdan dünyaya gəlmiş 14 dekabr 2009-cu il təvəllüdlü X11, 25 dekabr 2010-cu il təvəllüdlü X7 və 11 iyun 2014-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİİ 929345 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X11 14 dekabr 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİİ 929347 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X7 25 dekabr 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİİ 929346 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X10 11 iyun 2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayon məhkəməsinin 2(012)- 2099/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş 14 dekabr 2009-cu il təvəllüdlü X11, 25 dekabr 2010-cu il təvəllüdlü X7 və 11 iyun 2014-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsi qət edilmiş və qətnamə qəbul edilən zaman aliment tələb olunmadığından həmin hissəyə qiymət verilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, uşaqlardan 25 dekabr 2010-cu il təvəllüdlü X4 hal-hazırda atasının yanında qalmasına baxmayaraq sözügedən qətnamə hal-hazırda qüvvədə olduğundan İsrafil Hüseyinliyə görə də aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən, bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi və cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 100 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, 14 dekabr 2009-cu il təvəllüdlü X11 və 11 iyun 2014-cü il təvəllüdlü X10 üçün aliment 26.01.2021-ci ildən tutulmalıdır. Lakin, 25 dekabr 2010-cu il təvəllüdlü X7 hal-hazırda atasının yanında olduğundan məhkəmə hesab edir ki, Hüseyinli İsrafil üçün tutulacaq alimentin əvvəli sonuncunun faktiki olaraq anasının himayəsində saxlandığı gündən hesablanmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14 dekabr 2009-cu il təvəllüdlü X11, 11 iyun 2014-cü il təvəllüdlü X2 üçün 26.01.2021-ci il tarixindən başlayaraq, 25 dekabr 2010-cu il təvəllüdlü X1 üçün İsrafil Hüseyinlinin faktiki anasının himayəsinə verildiyi gündən başlayaraq yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar