Məhkəmə qərarları › İş №2(012)-1625/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1625/2025

29.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1625/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2011-ci il 25 oktyabr tarixli 2/72 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2011-ci il 25 oktyabr tarixli 2/72 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh3 ailə üzvləri ilə birlikdə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli iki otaqlı mənzil ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində və ünvan 1 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 529 kodlu evə köçmək üçün Cavabdeh3 Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər iddianın rədd olunmasını xahiş etdilər. Onlar bildirilər ki, işğaldan azad olmuş ərazidə yerləşən fərdi yaşayış evi əvvəldən Cavabdeh3 məxsus olmuşdur. Sonradan dövlət tərəfindən təmir edilsə də, hazırda istifadəyə tam yararlı olmadığından, mübahisəli mənzili tərk etmək istəmirlər. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 2/72 saylı, xx.xx.2011-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün Cavabdeh3 və 2 nəfərdən ibarət ailə üzvləri (Cavabdeh1, Cavabdeh2) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti tərəfindən yuxarıda qeyd edilən mənzili təhvil verərək Laçın rayonuna inşa edilmiş yeni yaşayış sahəsinə köçmək üçün toplanış yerinə gəlməsi Cavabdeh3 xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan aşağıdakı fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdırılmışdır. Fərdi yaşayış evləri: № 77; 85; 118; 170; 185; 242; 338; 343; 359; 372; 378; 436; 490; 529; 579; 580; 584; 643; 667; 716; 718; 728; 748; 787; 800; 805; 814; 823; 834; 841; 842. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 17.3.2-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə görə məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Həmin Qaydanın 3.6-cı bəndinə görə məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh3 Laçın rayonundan məcburi köçkündür. O və 2 nəfərlik ailə üzvləri iddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 2/72 saylı müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində məcburi köçkünlər üçün inşa edilmiş 2 nömrəli binada 72 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Lakin işğaldan azad edildikdən sonra Laçın rayonu ərazisində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən cavabdehlər yeni yaşayış sahəsi ilə təmin edilmişlər. Onlara bu sahəyə köçmələri təklif edilsə də, köçürülmə baş verməmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri və vəzifələri yerinə yetirmədiyindən iddiaçı hazırda tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və mübahisəli yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbində haqlıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh3, o cümlədən onun ailə üzvləri tərəflər arasında imzalanmış müqavilənin 2.2.6 və 2.4.3-cü bəndlərinin tələblərini pozmuş, iddiaçının isə həmin müqavilənin 5-ci bəndinə əsasən hazırki iddianı qaldırmaq hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli yaşayış sahəsindən çıxarılmalı, bu yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallardan heç birinin baş verməməsini, o cümlədən Cavabdeh3 dövlət tərəfindən köçkün düşdüyü rayonda yeni yaşayış sahəsi ilə təmin edilməsini nəzərə alır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə xüsusi təyinatlı mənzil qanuni sahiblik hüququ ilə iddiaçıya məxsus olduğundan, hazırki mərhələdə cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçının, o cümlədən bu sahəyə ehtiyacı olan digər vətəndaşların mənzil hüququnu pozur. Yeni yaşayış sahəsinin standartalara uyğun olmaması barədə cavabdehlərin dəlilləri hazırki iddianın rədd olunması üçün əsas hesab edilə bilməz, çünki onlar bu barədə müvafiq quruma qarşı aidiyyəti məhkəmədə iddia qaldıra bilərlər. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 və onun ailə üzvlərinin istifadəsinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində 2 nömrəli binadakı 72 nömrəli mənzilə dair xx.xx.2011-ci il tarixli 2/72 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi 2 saylı binadakı 72 nömrəli mənzildən çıxarılsınlar. Həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar