Məhkəmə qərarları › İş №2(012)-1668/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1668/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1668/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci ildə doğulmuş X1 üçün hər ay 300 manat aliment məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş X4 anadan olmuşdur. Cavabdehlə evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan səbəbsiz olaraq mübahisələr mütəmadi hal almışdır. Hamilə olduğu ilk aylardan etibarən ona qarşı kobud davranışlar sərgiləyirdi. Bundan başqa cavabdeh uzun müddətdir ki, səbəbsiz olaraq evdə dava-dalaş edərək ailədə gərginlik yaradırdı. Cavabdehin hər gün evdə gərginlik yaratması, evdə əşyaların sındırması kimi kobud hərəkətləri uşağının tərbiyəsinə və psixologiyasına mənfi təsir etməkdədir. Cavabdeh dəfələrlə ona fiziki zor tətbiq etmiş və vuraraq xəsarətlər yetirmişdir. Cavabdeh üçün ailə anlayışı yoxdur. Cavabdeh uşağın qayğısına qalmır, uşağın səhhəti ilə maraqlanmır. Uşaq dəfələrlə xəstəxanada olduqda cavabdeh onun çağırışına heç bir münasibət bildirməyərək uşaqla ümumiyyətlə maraqlanmırdı və onu zəng etməyinə görə nalayiq küçə söyüşləri ilə təhqir edirdi. Uşağın saxlanması üçün heç bir maddi təminatı ödəmir. Cavabdeh tüfeyli həyat yaşayırdı, əxlaqsız qadınlarla gecələr vaxt keçirirdi., evə gecə saat 3-4-də gəlirdi. O, uşaqla anasıgildə olduğu zaman, onun evdə olmadığından istifadə edərək hətta evə əxlaqsız qadınlar gətirməsi barədə faktları baş vermişdir. Belə şəraitdə cavabdehlə birgə yaşamaq mümkün deyildir. Hal-hazırda cavabdehlə faktiki olaraq ayrı yaşayır, xx.xx.2018-ci il təvəllüdlü X4 isə onun yanında, onunla birgə yaşayır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: --AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan və elektron məhkəmə portalından çıxarışdan görünür ki, Sadıqov X3 rayonu, Xıl Ərazi dairəsi Xıl kəndində qeydiyyatdadır. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 125231 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdehlə rəsmi nikahından olan və onun yanında qalan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin pulu verməsi üçün maddi imkanının olubolmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, qanunla sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, uşağın mənafeyini nəzərə alaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar