Məhkəmə qərarları › İş №2(012)-1714/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1714/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1714/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 sprel 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 67, 30 saylı mənzildən çıxarılması, 07 oktyabr 2021-cı ıl tarixdən mənzilindən məhrum olduğuna görə əldən çıxmış fayda kimi faktiki olaraq mənzili təhvil verilən günədək hər ay üçün 280 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan Xırdalan şəhəri, Qalubiyyə küçəsi ev 67, 30 ünvanında yerləşən mənzili 2021-ci ilin may ayında aldıqdan və təmir etdikdən sonra kirayə vermək qərarına gəlmişdir. Ötən ilin oktyabr ayında həmin mənzilin kirayə verilməsi ilə bağlı elan vermişdir. Bir neçə gün keçdikdən sonra Cavabdeh telefon vasitəsi ilə onu yığaraq kirayə evə ehtiyacı olduğunu bildirdi. Onlar aylıq 280 manat müqabilində mənzilin kirayə verilməsi barədə razılaşmışlar. Cavabdeh evə əşyalarını gətirdikdən sonra müqavilə bağlayacağını bildirdi. 2021-cı ilin oktyabr ayının 7-də Cavabdeh həyat yoldaşı ilə birlikdə mənzilə köçdülər. Köçdükdən sonra müqavilənin bağlanmasını, evin kirayə haqqının ödənilməsini tələb etdikdə əvvəlcə şəxsiyyət vəsiqəsinin rayonda olduğunu, bir-iki günə gətircəyini, pulu ödəmək üçün bir həftə möhlət verilməsini bildirdi. İddiaçı da onun müqavilə bağlayacağını, kirayə haqqını ödəyəcəyini gözləmişdir. İlk dəfə idi ki, ev kirayə verdiyindən kirayəçi ilə necə davranacağında çətinlik çəkmişdir. Onun müqavilə bağlaması və kirayə haqqının ödənilməsi ilə bağlı möhlət götürdüyü günlər aylara çevrilmiş, sonra isə müavilə bağlamayacağı və kirayə haqqını ödəmədiyinə görə evdən çıxmasını tələb etdikdə ümumiyyətlə onunla kobud danışaraq evi boşatmayacağını, pul ödəməyəcəyini bildirmişdir. O da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə cavabdeh bu günə qədər işıq, qaz, su və digər kommunal xərclərin də ödəməmiş, yeni təmir etdiyi evi xaraba qoyacağını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında cavadeh iddianın mənzildən cıxması hissəsini qəbul etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qlubiyyə küçəsi, b.67, mənzil 30 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində 08.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyətindədir, tərəflər arasında şifahi razılaşmaya əsasən mnzil cavabdehə və onun ailəsinə kirayəyə verilmiş, kirayə haqları cavabdeh tərəfindən ödənilməmiş, mənzili isə zəbt etməkdə davam etməkdədir.İddiaçı isə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Göründüyü kimi cavabdehin və onun ailə üzvlərinin mübahisəlndirilən mənzildən istifadə hüququ yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənzildən cavabdehin çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 07 oktyabr 2021-cı ıl tarixdən mənzilindən məhrum olduğuna görə əldən çıxmış fayda kimi faktiki olaraq mənzili təhvil verilən günədək hər ay üçün 280 manat məbləğində pulun cavabdehdən alıanaraq iddiaçıya ödənilməsi hissəsi iddaçı tərəfindən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və cavabdehin ailə üzvlərinin kimliyi məlum olmadığından bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh və ailəsi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 67, 30 saylı mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Kərimov X1 rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 67, 30 saylı mənzildən çıxarılsın. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq ona ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar