Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-517/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X5 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(012)-3895/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(012)-2590/2020 nömrəli qətnaməsinə əsasən, iddiaçı X4 cavabdeh İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi, İddiaçı 8 manat məbləğində dövlət rüsumuna görə pul tutulub X3 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı ilə X4 arasında olan nikaha 07 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı, **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 622 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində İddiaçı adına xx.xx.2014-cü il tarixdən qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilən “X8 və Ekspertiza mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 225 nömrəli ekspert rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 120 m2 fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun olaraq icarə dəyəri təqribən 180 (bir yüz səksən) manat təşkil edir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 120 m2 fərdi yaşayış evinin hazırkı bazar qiymətinə uyğun olaraq orta bazar dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X3 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0.03 ha torpaq sahəsində yerləşən fərdi evdən əşyaları ilə birlikdə 10 000 (on min) manat kompensasiya ödənilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə nikahda olmuş və nikahları pozulmuşdur. Boşandıqdan sonra cavabdeh ona qarşı məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0,03 ha onun mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi evə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin evdə yaşamır, ayda bir dəfə evə gəlir, əşyaları olan bağlı otağın qapısını açır, sonra isə qapını bağlayıb çıxıb gedir. Cavabdeh faktiki olaraq həmin evdən istifadə etmir. Məhkəmə qətnaməsi ilə ona verilən hüququndan istifadə edərək onun üçün məhdudiyyətlər yaratmağa çalışır. Bugünkü gündə o, həmin evdəki bağlı otaqdan istifadə edə bilmir. Belə ki, cavabdehin əmlakları orada olduğundan onun həmin otaqdan istifadə etməyi qeyri-mümkündür. Torpaq üzərində yerləşən həmin tikili-fərdi ev onun vəsaiti hesabına tikilib və ona məxsusdur. Həmin tikiliyə, ona sərf olunan materiallara mülkiyyət hüququ var. Cavabdehin yaşamağa başqa yaşayış yeri var. Ayda bir dəfə evə daxil olmaqdan ötrü oraya köçürülməsini israrla istədiyini anlaya bilmir. Cavabdehin evdən çıxmasının qarşılığında cavabdehə 10 000 manat təzminat təklif edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3895/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X3 10000 manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0,03 ha torpaq sahəsində yerləşən fərdi evindən X2 əşyaları ilə birlikdə çıxarılması, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 80 manat məbləğindəki dövlət rüsumunun cavabdeh X1 tutularaq ona ödənilməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətçi olaraq iddiaçı tərəfindən cavabdehə təklif edilən 10000 manat məbləğində kompensasiya hazırkı bazar qiymətlərinə uyğundur. Belə olan halda hesab olunmalıdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın. Məhkəmə iddiaya cavabdehin etirazına münasibətdə qeyd edir ki, daha yüksək məbləğdə kompensasiya iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 228.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilərək cavabdeh X3 15000 manat kompensasiya ödənilməklə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə tərəfindən yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi bildirilsə də, onun tətbiq edilməsi zamanı yanlışlığa yol verilmişdir. Məhkəmə tərəfindən ona Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmağı üçün 10000 kompensasiya ödənilməsi qənaətinə gəlinməsi onun qanunla müəyyən olunan hüquqlarına toxunur. Sözügedən fərdi yaşayış evinin bu gün real bazar qiyməti iddiaçının qeyd etdiyi kimi 65000 manat təşkil etmir. İddiaçı tərəf əsassız olaraq heç bir hüquqa əsaslanmayan sənəd təqdim edərək mübahisəli fərdi yaşayış evinin guya bazar dəyərinin 65000 manat olduğunu qeyd etmişdir. Bu isə iddiaçının kompensasiya məbləğinin azaldılması üçün təqdim etdiyi əsassız sübutdan başqa bir şey deyildir. Mübahisəli mənzilin bugünkü bazar qiymətini müəyyənləşdirmək üçün məhkəmə öz təşəbbüsü ilə addım atmalı, işin tam araşdırılmasına müvəffəq olmalı idi. Məhkəmə isə yanlış qənaətə gəlmiş, beləliklə onun hüquqları məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Mülki iş üzrə mübahisə tam, hərtərəli araşdırılmaqla həyata keçirilməli olduğu halda birtərəfli mövqedən yanaşaraq ədalətsiz yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə ilk növbədə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin real bazar qiymətini tam şəkildə araşdırmalı, müəyyən etməli idi. Həmin məbləğ əsasında isə ona müvafiq kompensasiyanın ödənilməsi qət edilməli idi. Lakin məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilən əsassız “X8 və Ekspertiza mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 225 nömrəli ekspert rəyinə əsaslanmış fərdi yaşayış evinin 65000 manat təşkil etməsini qəbul etmiş, kompensasiya məbləğini də olduqca aşağı müəyyən etmişdir. Müəyyən edilmiş kompensasiya məbləği istifadə hüququ müqabilində real məbləğ deyil, o, həmin kompensasiya məbləği ilə yaşayış sahəsinə olan tələbatını ödəyə, özünə ev ala bilməz. Bundan savayı o, mübahisəli fərdi yaşayış evinin təmirinə xeyli xərc çəkmişdir. Müəyyən edilən kompensasiya məbləği heç təmir xərcinin ödənilməsinə belə kifayət etmir. Məhz bu səbəbdən də, apellyasiya instansiya məhkəməsi tərəfindən kompensasiya məbləğinin artırılmasına dair yekun aktın qəbul edilməsi qanunauyğundur. Məhkəmə mülki işi tam, obyektiv araşdırması üçün öz təşəbbüsü ilə ekspertiza keçirməli idi. Belə ki, mübahisəli əmlaka dair iddiaçı tərəfindən “X8 və Ekspertiza mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 225 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə həmin rəyin əsaslı olub olmadığını müəyyən etməmiş, həmin rəydə qeyd edilən fikirlərlə razılaşmışdır. Halbuki məhkəmə öz təşəbbüsü ilə əmtəəşünsaslıq ekpertizasının keçirilməsinə dair prosessual hərəkət etmiş olsaydı həmin ekspert rəyində qeyd edilənlərin əsassız və qanunsuz olduğunu müəyyən etmiş olardı. Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi yerləşdiyi əraziyə, ümumi sahəsinə və istifadə edilməyə yararlılıq səviyyəsinə görə 65000 manatdan daha çox dəyərə malikdir. Həmin fərdi yaşayış evinin iki otaqlı və təmirli olması da nəzərə alınsa onun real bazar qiymətinin 65000 manat məbləği olması absurddur. Belə olan halda, kompensasiya məbləğinin 10000 manat məbləğində müəyyənləşdirilməsi onun hüquqlarını pozduğundan kompensasiya məbləği artırılaraq 15000 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı̇ oğlu apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilərək cavabdeh X3 15000 manat kompensasiya ödənilməklə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası “kompensasiya verilməklə yaşayış sahəsindən çıxarılma” tələbini bölünməz hesab etdiyindən, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd olunmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.2-ci maddəsin’ istinad etmişdir. Belə ki, qeyd olunan hüquq normasının tələblərindən də görünür ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmadığından hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyindən yanaşıldıqda da aydın olur ki, hazırkı iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırkı hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(012)-3895/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(012)-3895/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-517/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-517/2023
01.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver