Məhkəmə qərarları › İş №2(012)-3895/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3895/2022

31.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3895/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı evdən çıxarılma tələbinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0.03 ha torpaq sahəsində yerləşən fərdi evdən əşyaları ilə birlikdə 10 000 (on min) manat kompensasiya ödənilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdeh X5 ilə nikahda olmuş və nikahları pozulmuşdur. Boşandıqdan sonra cavabdeh ona qarşı məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0.03 ha onun mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi evə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin evdə yaşamır, ayda bir dəfə evə gəlir, əşyaları olan bağlı otağın qapısını açır, sonra isə qapını bağlayıb çıxıb gedir. Cavabdeh faktiki olaraq həmin evdən istifadə etmir. Məhkəmə qətnaməsi ilə ona verilən hüququndan istifadə edərək onun üçün məhdudiyyətlər yaratmağa çalışır. Bugünkü gündə o, həmin evdəki bağlı otaqdan istifadə edə bilmir. Belə ki, cavabdehin əmlakları orada olduğundan onun həmin otaqdan istifadə etməyi qeyri-mümkündür. Torpaq üzərində yerləşən həmin tikili-fərdi ev onun vəsaiti hesabına tikilib və ona məxsusdur. Həmin tikiliyə, ona sərf olunan materiallara mülkiyyət hüququ var. Cavabdehin yaşamağa başqa yaşayış yeri var. Ayda bir dəfə evə daxil olmaqdan ötrü oraya köçürülməsini israrla istədiyini anlaya bilmir. Cavabdehin evdən çıxmasının qarşılığında cavabdehə 10 000 manat əzminat təklif edir. Cavabdeh X5 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddiada təklif etdiyi 5000 manatın az olduğunu, 20000 manat verəcəyi halda onun tələbi ilə razılaşdığını, iddiaçının iddiasının təmin edilməməsini barədə onun iştirakı olmadan qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2590/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi, İddiaçı 8 manat məbləğində dövlət rüsumuna görə pul tutulub X4 verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X5 arasında olan nikaha 07 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı, **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 622 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində İddiaçı adına xx.xx.2014-cü il tarixdən qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan iddiaçı tərəfindən təqdim edilən “X8 və Ekspertiza mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 225 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 120 m2 fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun olaraq icarə dəyəri təqribən 180 (bir yüz səksən) manat təşkil edir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 120 m2 fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun olaraq orta bazar dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2014-cü ildə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı cavabdehlə 08.080.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur.Ailə quran vaxtdan iddiaçıya məxsus mübahisəli tikilidə yaşamışlar,Sonradan münasibətləri pozulmuş, həmin tikilini tərk etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2590/2020 saylı qətnaməsinə əsasən iddiaçı X5cavabdeh İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən özbaşına tikiliyə köçürülmüşdür. İddiaçı iddia edir ki, cavabdeh məhkəmə qətnaməsi ilə ona verilən hüququndan istifadə edərək onun üçün məhdudiyyətlər yaratmağa çalışır. Belə ki, cavabdehin əmlakları orada olduğundan onun həmin otaqdan istifadə etməyi qeyri-mümkündür. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını pozur. Ona görə də, cavabdehə 10000 manat pul kompensasiyası verilməklə onun mübahisəli evdən çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətçiyə məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin bu hüququna xitam verilməsini tələb etmək imkanı verir. Bu cür mübahisələrə baxarkən məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğunu, hüququna xitam verilməsi tələb olunan şəxslərin yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyini və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Eyni zamanda Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil olmadığından belə işlərə baxarkən, birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, bu məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir (bənd 36-37). Məhkəmələr tərəfindən kompensasiyanın müəyyən edilməsi qaydası belə işlərə baxılması zamanı mühüm əhəmiyyətə malik olmaqla, mübahisə tərəflərinin mülkiyyət və istifadə hüquqlarının daha səmərəli müdafiəsinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinə müəyyənlik gətirilməsinə, mübahisə tərəflərinin sonsuz məhkəmə çəkişmələrinə cəlb olunmasının qarşısının alınmasına və bununla da prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan “X8 və Ekspertiza mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 225 nömrəli ekspert rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 120 m2 fərdi yaşayış evinin hazırki bazar qiymətin uyğun olaraq icarə dəyəri təqribən 180 (bir yüz səksən) manat təşkil edir. O halda məhkəmə hesab edir ki, mülkiyyətçi olaraq iddiaçı tərəfindən cavabdehə təklif edilən 10.000 manat məbləğində kompensasiya hazırki bazar qiymətlərinə uyğundur. Belə olan halda hesab olunmalıdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın. Məhkəmə iddiaya cavabdehin etirazına münasibətdə qeyd edir ki, daha yüksək məbləğdə kompensasiya iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh X4 qarşı 10 000 manat pul kompensasiya verilməklə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0.03 ha onun mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi evdən əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0.03 ha onun mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi evdən əşyaları ilə birlikdə ona 10 000 manat pul kompensasiya verilməklə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 80 manat məbləğindəki dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən cavabdeh X4 10 000 (on min) manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yaşayış massivində 0.03 ha torpaq sahəsində yerləşən fərdi evindən X5 əşyaları ilə birlikdə çıxarılsın. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 80 manat məbləğindəki dövlət rüsumu cavabdeh X2 tutularaq ona ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar