Məhkəmə qərarları › İş №2(012)-1724/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1724/2022

28.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1724/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, eyni zamanda, onların nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndələri Cavabdeh2 və Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik payının müəyyən edilməsi və əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik payının müəyyən edilməsi və əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.025 ha torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və **-SA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz B180 minik markalı nəqliyyat vasitəsi üzərində ½ hissə və digər qalan hissəsinə dair vərəsəlik payının müəyyən edilməsi ilə ümumilikdə ¾ hissə müəyyən edilərək həmin əmlaklara dair vərəsəlik hüququ şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində mülki işə cəlb edilməsini məhkəmədən xahiş etmiş, Cavabdeh3 cavabdeh qismində cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2003-cü il tarixdə X18 ilə nikaha daxil olmuş, xx.xx.2021-ci il tarixədək X18 vəfat edənədək onunla birgə təsərrüfat aparmış və həmin nikah dövründə Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.025 ha torpaq sahəsi, üzərində yerləşən fərdi yaşayış evi və **-SA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz B180 minik markalı nəqliyyat vasitəsi əldə olunmuşdur. Həmin əmlaklar birgə nikah dövründə ümumi vəsait hesabına alınmışdır. Bu səbəbdən də yoldaşı vəfat etdikdən sonra miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün xx.xx.2021-ci il tarixdə ünvan 5 müraciət edilmişdir. Bundan sonra vərəsə Cavabdeh1 da ərizə ilə müraciət etmiş və ona xx.xx.2021-ci il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 4338 saylı qərar verilsə də bu günədək məhkəməyə müraciət edilməmişdir. Notariusa ərizə ilə müraciət etdikdən 6 ay sonra iddiaçıya 27 yanvar 2022-ci il tarixli 310 saylı məktubla Abşeron rayon 1 saylı notariat ofisi vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də hüquqlarının müdafiəsi və həmin əmlaklara dair payların müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış yeri alındığı andan indiyədək iddiaçının faktiki sahibliyindədir. Həmin əmlaklar birgə nikah dövründə ümumi vəsait hesabına alındığından iddiaçı ½ hissəsi qanun üzrə və digər ½ hissəsi üzrə isə qanuni vərəsədir. Həyat yoldaşı vəfat etdikdən sonra da həmin yaşayış yerində məskunlaşmış və başqa heç bir sığınacaq yeri yoxdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyərinin qiymətləndirilməsi barədə hesabat əsasında müəyyən olunmuşdur ki, mübahisə edilən evin alınan vaxta bazar dəyəri 58000 manat təşkil edir. Lakin buna baxmayaraq, cavabdeh evin 23000 manata alındığını qeyd edir. Hazırda isə mübahisə edilən əmlak Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi, üzərindəki fərdi yaşayış evi, eyni zamanda, avtomobil təşkil edir. Belə ki, sözügedən əmlaklar iddiaçı ilə mərhum şəxsin birgə nikah dövründə alınmışdır. Əvvəlki əmlaklarla bağlı hər hansı bir sənədi yoxdur, olsa belə, vərəsələr arasında bölünmüş, həlli üsulunu tapmışdır. Beləliklə də, mübahisə edilən əmlakların Sovetskidə satılmış əmlak hesabına alınması real deyildir. İddia ərizəsinə qarşı məhkəməyə təqdim olunmuş etiraz ərizəsindən görünür ki, İddiaçı Abşeron rayon Məhkəməsinə vərəsəlik payının müəyyən edilməsi və əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 01 avqust 2003-cü il tarixdə X18 ilə nikaha daxil olmuş, həyat yoldaşı 19 aprel 2021-ci il tarixdə vəfat etmiş və ümumi nikah dövründə əldə edilmiş vəsait hesabına ünvan 2 ünvanda yerləşən bağ evi və «Mersedes» markalı **-SA- *** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilmiş, həmin əmlaklara dair iddiaçı ½ paya mülkiyyət hüququ olmaqla digər ½ paya isə qanun üzrə vərəsədir. Qeyd olunur ki, müvafiq ərizə ilə Abşeron rayon 1 saylı notariat kontoruna müraciət olunmuş, lakin digər vərəsələr, yəni iddia ərizəsində qeyd olunan cavabdehlər iddiaçı ilə razılaşmadıqlarına görə notariat kontoru notariat hərəkətindən imtina etmişdir. İlk öncə, iddia əsassız, qanunsuz və qeyd olunan miras əmlakın bölünməsi qanun üzrə vərəsələr arasında tam bərabər şəkildə bölünməlidir. X40 cavabdehlərin atasıdır. Notariat kontoruna müraciət etdikdə cavabdehlər, yəni üç övlad tərəfindən müraciət edilmiş və üç övlada dair sənədlər təqdim edilmişdir. Hal-hazırda, cavabdeh Axundova X25 olduğundan o, vərəsəlik işlərinin aparılmasına dair qardaşına etibarnamə vermiş və qardaşı onu təmsil etmişdir. Valideynləri boşandıqlarına görə ataları 2003-cü ildə iddiaçı ilə nikaha daxil olmuş və nikaha daxil olarkan atalarının 58 və iddiaçının 48 yaşı olmuşdur. O zaman, artıq uzun müddət idi ki, mərhum heç bir yerdə işləmirdi, övladlarının himayəsində olmuşdur. Eyni hal iddiaçı ilə də olmuşdur, iddiaçı heç bir yerdə işləmirdi və nikahdan sonra da heç bir yerdə işləməmişdir. Nikaha daxil olandan sonra iddiaçı ailəlikcə yaşadıqları 1995-ci ildən mülkiyyətlərində olan ünvan 3 ünvanda yaşadıqları evə ataları ilə birlikdə yaşamağa gəlmişdir. Həmin ev köhnə «Sovetskiy» deyilən ərazidə yerləşirdi və 2018-ci ildə məlum olan dövlət layihəsi əsasında sökülmüşdür. Ataları, iddiaçı və ya cavabdehlər həmin evin nə vaxtsa sökülməsini bilə-bilməzdilər, həmin evin dövlətə təhvil verilib, kompensasiya alınmasını düşünməmişlər. Bu, o deməkdir ki, iddiaçı da ataları ilə birgə həmin ünvanda yaşayış şəraitini və hüquqi hallarını qəbul etmiş, yəni, o zaman məlum idi ki, sökülən evə dair nikahdan əvvəl olaraq 1995-ci ildə X5 adına çıxarış alınmışdır. Evin söküntü zamanı icra hakimiyyətinin nümayəndəsinə satılmasına dair alqı-satqı müqaviləsi tərtib olunmuş və həmin müqavilədən açıq-aydın məlum olur ki, həmin alqı-satqıdan əldə olunmuş vəsait hesabına mübahisələndirilən Novxanı kəndində yerləşən bağ evi və avtomobil əldə olunmuşdur. Ataları artıq ahıl yaşında olduğundan, şəhərdən qismən kənarda, təmiz havası olan ərazidə ev və müəyyən hərəkətlərin rahat olması üçün avtomobil almağı övladları ona məsləhət görmüşdür. Eyni zamanda qərarlaşmışlar ki, təmir işləri və ev şəraiti nisbətən yaxşılaşdırıldıqdan və tam başa çatdıqdan sonra övladları onunla yaşamağa, mübahisəli evə köçməli, bağ evi kimi hamısı istifadə etməli idi. Bununla əlaqədar, Cavabdeh1 digər yaşayış evi olmadığından, bu günə qədər ağır maddi şəraitdə, övladı ilə birgə kirayələrdə yaşadığından atası onu həmin bağ evinə qeydiyyata salmış, Cavabdeh1 atası ilə birgə yaşayırdı. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisəli bağ evi ümumi nikah zamanı əldə edilmiş vəsait hesabına alınmış, lakin buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıdakı hallardan məlum olur ki, mübahisəli ev iddiaçının mərhum ilə nikahdan xeyli əvvəl əldə olunan, qəfildən sökülən və məcburi satılmaya məruz qalan evin hesabına olmuşdur. Mübahisəli avtomobilin əldə olunması da eyni qaydada olmuşdur. Ev söküldükdən sonra dərhal bağ evi və avtomobil əldə olunmuş, ev sökülməyənə qədər nə bağ evi, nə də avtomobil olmuşdur. İddiaçı iddia ərizəsində bu işin hüquqi tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-24-cü maddələrini qeyd etmiş və düzgün olaraq qeyd olunmuşdur ki, həmin qanunlara müvafiq olaraq ümumi nikah zamanı əldə olunmuş vəsait hesabına alınan əmlak ər və arvad arasında bölünür. Hazırki işin halları onu göstərir ki, mübahisələndirilən əmlak nikah münasibətlərindən xeyli əvvəl əldə olunmuş əmlak və vəsait hesabına əldə edilmişdir. Cavabdeh tərəf hesab edir ki, miras əmlak iddiaçı və cavabdehlər arasında qanun üzrə vərəsə payları əsasında, yəni, hər bir vərəsəyə ¼ hissə payda müəyyən olunmalıdır. Belə halda, iddiaçının iddiası qismən təmin olunmaqla, qeyd edilən bölgüyə uyğun olaraq qətnamə qəbul olunmalıdır. Ona görə də iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh, eyni zamanda, digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək tələbin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, mənzil dövlət ehtiyacları üçün 2018-ci ildə sökülmüş və həmin ildə də əldə olunmuş pul vəsaiti hesabına hazırki torpaq sahəsi və avtomobil alınmışdır. Söküntüdən onlara 38481 manat pul vəsaiti verilmişdir. X34 və bacısı Cavabdeh3 Türkiyədə yaşamış, digər bacısı Cavabdeh1 isə sözügedən evdə qeydiyyatda olmuşdur. Atası ilə onun X34 ayrılmışdır. Valideynləri çoxdan ayrılmalarına baxmayaraq, bir müddət bir yerdə yaşamışlar. 2003-cü ildə anası bacısı Cavabdeh3 ilə birlikdə Türkiyəyə getdikdən sonra atası İddiaçı ilə evlənmişdir. Atası həmin pul vəsaitindən 23000 manat hissəsinə evi, 10000 manata isə avtomobili almışdır. Belə ki, Abşeron rayonu Novxanı kəndinə gedən yolların əlverişsiz olması avtomobilin alınmasını zəruri etmişdir. Hətta evin alınmasını təşkil edən, evi tapan o, olmuşdur. Sovetskidə yerləşən ev 5 mərtəbəli olmaqla, həmin evi atası 1995-ci ildə almış, 2018-ci ilədək həmin evdə yaşamışlar. Torpağın çıxarışı olsa da, evin çıxarışı olmadığından sonrakı müddətdə onun təşəbbüsü ilə çıxarış alınmışdır. Lakin buna baxmayaraq, ev daha əvvəl alınmışdır. Torpaq sahəsi alınanda evin sənədi olmamışdır. Ona görə də göstərilənlərə əsasən, miras qalmış əmlaklar üzərində ¼ hissədə payların müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili, eyni zamanda, Cavabdeh3 nümayəndəsi Vəkil2 iddia ərizəsini qismən qəbul edərək tələbin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəmə tədqiqatı zamanı sübut olundu ki, İddiaçı mərhum ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesabına mübahisəli əmlakları əldə etməmişdir, belə ki, heç bir yerdə işləmədiklərindən ümumi gəlir hesabına əmlaklar əldə edilməmişdir. Bu səbəbdən də hesab edir ki, ümumi qaydada vərəsələr arasında miras əmlak ¼ hissə olmaqla bölünməlidir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatı ilə eyni məzmunlu izahat verərək göstərilənlərə əsasən, miras qalmış əmlaklar üzərində ¼ hissədə payların müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 onun əmisi nəvələridir, İddiaçı isə onun rəhmətlik əmisi oğlunun ikinci yoldaşı olmuşdur. 1994-cü ildə əmisi oğlu onunla birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində Mirzəağayev küçəsində, hazırda isə Qış Parkının yanında yerləşən 5 mərtəbəli həyət evində yaşamışdır. 1994-cü ildə həmin evi satıb Sovetskidəki evi almışdır. Mərhumun birinci arvadı həmin dövrdə onunla birlikdə yaşayırdı. Lakin mərhumun birinci arvadı ilə nə vaxt boşanmasını xatırlamır. Bildiyi budur ki, mərhum əmisi oğlu 2003-cü ildə İddiaçı ilə evlənmişdir. Beləliklə də, əmisi oğlu 1994-cü ildən 2018-ci ilə kimi Sovetskidə yaşamışdır. Sovetskidəki yaşadığı evdə mərhum qızı Cavabdeh1 ilə birlikdə yaşamışdır. Oğlu Böyükağa atası ilə yaşamış olsa da, sonradan öz evində yaşamışdır. Digər qızı Lalə isə sonradan Türkiyəyə getmişdir. Sovetskidə söküntü olmuşdur. Mərhum onun doğma əmisi oğlu olduğundan tez-tez bir-birlərinin evinə gedib gəlmişlər. Ona görə də yaxşı bilir ki, Sovetskidə yerləşən ev 38400 manata satılmışdır. Əmisi oğlu işləmirdi, pensiya yaşına çatıb-çatmadığını, pensiya alıb-almadığını isə bilmir. Sovetskidə yerləşən ev dövlət hesabına alındıqdan sonra 2018-ci ildə Abşeron rayonu Novxanı kəndində yerləşən evi həmin pul vəsaiti hesabına almış, Novxanıya gələndə isə mərhumun ikinci arvadı Səriyyə mərhumla birlikdə yaşayırdı, mərhumun ikinci arvadı da işləmirdi. Mərhum Abşeron rayonu Novxanı kəndində yerləşən evi 23000 manata, avtomobili 10000 manata, qalan pula isə evin əşyalarını almışdır. Belə ki, alqı-satqı olan zaman o, mərhum əmisi oğlu, arvadı və qızı iştirak etmişlər. Bu səbəbdən də əldə olunmuş bütün əmlaklar dövlət tərəfindən verilmiş pul vəsaiti hesabına alınmışdır. Pandemiya dövründə əmisi oğlu vəfat etmişdir. Əmisi oğlu vəfat etməmişdən qabaq demək olar ki, hər gün onun evində olurdu. Eyni zamanda, ev alınanda təmirsiz ev olmuş, sonradan təmir olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bir il onun qonşuları olub. Belə ki, onun evi Sovetski küçəsindən iki tin aşağıda yerləşirdi. Həmçinin, o, Cavabdeh2 ilə bir məktəbdə oxumuş, onlar 2018-ci ildə Sovetskidən köçəndə o da əşyaların daşınmasında yardım etmişdir. 2018-ci ildə Sovetskidəki evlərin sökülməsi planı olmuşdur. Onun evinin yerləşdiyi Təzə Pir adlanan ərazidəki evlər isə 2008-ci ildə sökülmüşdür. Onun evi sahəsi 47 kv.m olmaqla iki otaqlı ev olmuş və ona kvadratına görə 2500 manatdan hesablanmaqla təxminən 138000 manat pul verilmişdir. Evinin sökülməsi müqabilində cavabdehlərə nə qədər pul verildiyini bilmir, lakin bildiyi qədərilə, onların evinin ölçüsü balaca olmuşdur. Onun evi 2008-ci ildə söküldüyündən həmin vaxt evlər də baha idi. Çünki o, birotaqlı evi 55000 manata almışdır. 2018-ci ildə isə evlər satılanda təxminən kvadrat metrə görə 1300-1500 manat verilirdi. Bildiyi qədərilə, mənzilin satılmasından sonra mərhum və uşaqları Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsini və evi almışlar. Mərhum işləməsə də, arvadı İddiaçı işləməsi barədə məlumatı yoxdur. Cavabdehlərin Sovetskidə yerləşən evi balaca olmuş, Cavabdeh1 isə həmin evdə yaşaması barədə dəqiq məlumatı yoxdur. Üçüncü şəxs Abşeron rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayonu X50 tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli İİ-AZ № 044670 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə İddiaçı xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 428 nömrəsi ilə qeyd edilmişdir. -Satıcı X23 ilə alıcı Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 82.4 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 2 otağını alıcıya 38481 manata satmışdır. -X2 ilə alıcı X23 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsini alıcıya 3000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsi X5 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 4ə-2771 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsi X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 280 saylı reyestr kitabının 9 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********55 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2018-ci il tarixli 01/29589 saylı arayışdan görünür ki, Abşeron rayonu Novxanı kəndində 0.025 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 88.8 kv.m olan iki otaqlı fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixinə olan bazar dəyəri 58000 manat dəyərində müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsində inşa edilmiş 88.8 kv.m olan fərdi yaşayış evi X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 198 saylı reyestr kitabının 21 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********55-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 130 saylı arayışdan görünür ki, X9 məxsus olan fərdi yaşayış evi həqiqətən də ünvan 4 ünvanında yerləşir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndi M.F.Axundov küçəsində yerləşən 0.025 ha torpaq sahəsində inşa edilmiş 88.8 kv.m olan 36 saylı fərdi yaşayış evi X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 198 saylı reyestr kitabının 21 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********55-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 149745 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 991 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X21, anası X7r. -Bakı şəhəri Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli XXİİ-ЖГ № 647901 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 oğlu xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1289 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X21, anası X7r. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-T № 908755 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3544 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X18, anası X8r. -İddiaçı ünvan 5 ünvanlandığı xx.xx.2021-ci il tarixli 8V-99 reyestr nömrəli ərizələrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində yaşamış əri X10 vəfat etdiyini, mirasın tərkibi olaraq Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.025 ha torpaq sahəsi, üzərində yerləşən fərdi yaşayış evinin və **-SA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz B180 minik markalı nəqliyyat vasitəsinin qaldığını, həmin əmlakları miras olaraq qəbul etdiyini, eyni zamanda, ondan başqa Cavabdeh2, Gülnarə Axundovanın və Cavabdeh3 vərəsə olduğunu qeyd etmişdir. -3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 196552 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 406 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 4338 saylı notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında Qərarından görünür ki, vərəsəlik işinin materiallarını nəzərdən keçirib müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş atası X6 miras qalmış Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.025 ha torpaq sahəsi, üzərində yerləşən fərdi yaşayış evinə və ** SA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz B180 minik markalı nəqliyyat vasitəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Göstərilənlərə əsasən, Notariat haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilmişdir. -Abşeron rayonu 1 saylı Notariat Ofisinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli 310 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1 xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirmiş, Cavabdeh1 müraciəti əsasında xx.xx.2021-ci il tarixdə notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 4338 nömrəli qərar verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X48 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ***-*******22 saylı məktubdan görünür ki, DİN Baş X48 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə sorğu edilən Mercedes Benz B180 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən hazıradək 617783 nömrəli gömrük vəsiqəsi (ABGİ) əsasında X5 adında qeydiyyatdadır. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Fərzəliyev küçəsi keçid 3, 11 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Ağayeva X24 rayonu Novxanı ərazi dairəsi Novxanı kəndi M.F.Axundov küçəsi 36 saylı evdə, Cavabdeh2 isə Bakı şəhəri Səbail rayonu 1128-ci keçid, 21 saylı evin 86 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı, eyni zamanda, şahid ifadələri əsasında müəyyən olunmuşdur ki, mərhum X23 ilə İddiaçı xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçı ilə nikaha daxil olana qədər mərhum Axundov X11 Mahirə Rəhman qızı ilə nikahda olmuş və tərəflərin həmin nikah münasibətlərindən cavabdehlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Mərhum X18 müxtəlif fərdi yaşayış evlərində məskunlaşmış, belə ki, 1994-cü ildə Bakı şəhərinin Sovetski küçəsində yerləşən fərdi yaşayış evində 2018-ci ilədək məskunlaşmış, daha sonra isə Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 88.8 kv.m olan fərdi yaşayış evində məskunlaşmışdır. X1 ilə ailə nikah münasibətlərinə xitam verildikdən sonra İddiaçı ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmaqla xx.xx.2021-ci il tarixədək, yəni vəfat etdiyi günədək iddiaçı ilə rəsmi nikah münasibətində olmuşdur. Mərhumun xx.xx.2021-ci il tarixdə vəfatından sonra miras əmlak olaraq Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi, eyni zamanda, **-SA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz B180 minik markalı nəqliyyat vasitəsi qalmışdır. Hazırda, İddiaçı sözügedən miras əmlakların birgə nikah dövründə əldə olunmasını iddia edərək həmin əmlaklar üzərində ½ hissədə olmaqla qanuni payın, qalan hissəyə dair isə ¾ hissədə payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin növbədə, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı X18 ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmaqla, mərhumun xx.xx.2021-ci il tarixdə vəfat etdiyi günədək rəsmi nikah münasibətində olmuşlar. Tərəflər nikah münasibətində olduğu müddətdə bir neçə daşınar və daşınmaz əmlaklar, yəni Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi, eyni zamanda, **-SA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz B180 minik markalı nəqliyyat vasitəsi əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı mərhum X5 xx.xx.2021-ci il tarixdə vəfatından sonra miras əmlaka vərəsə olmaq hüququnun müəyyən edilməsi üçün aidiyyəti notariat qurumuna müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 36-cı bəndinə əsasən, notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 4338 saylı notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında Qərarı əsasında, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirdiyindən notariat hərəkətinin aparılmasından imtina edilmiş və bununla da, İddiaçı məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Beləliklə, iddiaçının məhkəməyə müraciət etməyə subyektiv hüququ meydana çıxmışdır. Məhkəmə ilkin növbədə, üzərində payın müəyyən edilməsi xahiş olunan mübahisəli əmlakların hüququ rejiminə qiymət verərək qeyd etməyi zəruri hesab edir: Müəyyən olunur ki, mərhum X18 tərəfindən Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0.025 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi X2 ilə bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, 3000 manata alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, həmin torpaq sahəsi X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 280 saylı reyestr kitabının 9 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********55 reyestr nömrəsi ilə, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında isə torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 88.8 kv.m olan 36 saylı fərdi yaşayış evi X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 198 saylı reyestr kitabının 21 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********55-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda, mülki iş materiallarına əlavə olunmuş Baş X48 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ***-*******22 saylı məktub əsasında, Mercedes Benz B180 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdən X5 adında qeydiyyatda olması müəyyən olunmuşdur. Göründüyü kimi, mübahisə edilən əmlaklar, yəni xx.xx.2018-ci il tarixdə alınmış torpaq sahəsinin və xx.xx.2019-cu il tarixdə alınmış Mercedes Benz B180 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əldə olunması İddiaçı mərhum əri X18 ilə rəsmi nikah münasibətində olduğu dövrə təsadüf edir. Məhkəmə İddiaçı miras qalmış daşınar və daşınmaz əmlak üzərində ər-arvadın birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymət verilərək ½ hissədə payının müəyyən olunması üçün ilkin növbədə, həmin əmlakların iddiaçı ilə mərhumun birgə nikah dövründə əldə olunmuş əmlak olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Mülki Məcəllənin: 225.1. maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı və şahid ifadələri əsasında müəyyən olundu ki, mərhum X18 tərəfindən alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi, eyni zamanda, **-SA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz B180 minik markalı nəqliyyat vasitəsi tərəflərin rəsmi nikah münasibətində olduğu dövrdə əldə olunmuş olsa da, həmin əmlaklara ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş, birgə nikah dövründəki ümumi birgə mülkiyyət kimi qiymət verilə bilməz. Belə ki, mülki iş materiallarında olan satıcı X23 ilə alıcı Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 82.4 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 2 otağını alıcıya 38481 manata satmışdır ki, həmin əmlak da mərhumun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş çıxarış əsasında qeydə alınmışdır. Bununla da, iddiaçının mərhum ilə rəsmi nikah münasibətinə daxil olduğu tarix xx.xx.2003-cü il tarixə təsadüf edir. Başqa sözlə, sözügedən əmlak iddiaçının mərhumla nikaha daxil olduğu tarixdən əvvəlki dövrə təsadüf edir ki, həmin evin satışından əldə olunmuş pul vəsaiti hesabına evin satışından iki gün sonra, yəni xx.xx.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, mərhum Abşeron rayonu Novxanı kəndində yerləşən 0.025 ha torpaq sahəsini almışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadələri əsasında İddiaçı və mərhum X5 işləmədiyi, əmək fəaliyyəti ilə məşğul olmadığı, hər hansı bir yerdən gəlir əldə etmədikləri təsdiq olunmuşdur ki, bu, miras qalmış əmlakların, yəni torpaq sahəsinin və avtomobilin birgə nikah dövründə əldə olunmadığının sübutudur. Bununla da, həmin əmlaklar birgə nikah dövründə əldə olunmadığından İddiaçı Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən birgə mülkiyyətdən ona çatası payının olmaması təsdiq olunmuşdur. Belə ki, sözügedən maddənin tələbinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Məhkəmə qanunun tələblərinə, Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, mərhum Axundov X4 miras əmlakla bağlı vəsiyyətnamə vermədiyindən, eyni zamanda, sözügedən əmlaklar birgə nikah dövründə əldə olunmadığından mülki iş üzrə tərəflər hər biri, yəni mərhumun arvadı – İddiaçı, uşaqları – cavabdehlər Cavabdeh1, X19 və Cavabdeh3 bərabər pay hüquqlu vərəsələr sayıldığından, miras əmlaklar bərabər şəkildə tərəflər arasında bölünməli, yəni hər birinin ¼ hissədə payları müəyyən edilməlidir. Beləliklə, məhkəmə qanunun tələblərini, mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Novxanı kəndi M.F.Axundov küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə, onun üzərində inşa edilmiş ümumi sahəsi 88.8 kv.m olan 36 saylı fərdi yaşayış evinə və Mercedes Benz B180 minik markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ¼ hissədə payları müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. İnsan hüquqlarının və X15 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Mərhum X3 miras qalmış Abşeron rayonu Novxanı kəndi M.F.Axundov küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə, onun üzərində inşa edilmiş ümumi sahəsi 88.8 kv.m olan 36 saylı fərdi yaşayış evinə və Mercedes Benz B180 minik markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ¼ hissədə vərəsəlik payları müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar