Məhkəmə qərarları › İş №2(012)-1769/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1769/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1769/2021 04.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı faktiki nikahdan olan uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə faktiki nikahlarından anadan olmuş xx xxx 2007-ci il təvəllüdlü X1 və xx xxxx 2010-cu il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması, azyaşlı uşaqlar yetkinlik yaşlarına çatanadək onların saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 2004-cü il tarixdə faktiki nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Onların faktiki nikah münasibətlərindən xx xxx 2007-ci il təvəllüdlü X3 və xx xxxx 2010-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Buna dair Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il və xx.xx.2010-cu il tarixlərdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Hazırda uzun müddətdir ki, cavabdehlə ailə münasibətləri faktiki olaraq dağılmış, cavabdehlə bir yerdə yaşamır və birgə təsərrüfatı idarə etmirlər. Cavabdeh uşaqlarının maddi təminatını ödəmək üçün hər hansı addım atmır. Faktiki nikahlarından doğulan övladları məktəblidir və özü əmək fəaliyyəti ilə məşğul ola bilmir. Buna görə də, onların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən, aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, birgə faktiki nikahlarından anadan olmuş xx xxx 2007-ci il təvəllüdlü X1 və xx xxxx 2010-cu il təvəllüdlü X2 onun yanında saxlanılması, azyaşlı uşaqlar yetkinlik yaşlarına çatanadək onların saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh izahatında bildirdi ki, iddiaçı ərizəsində qeyd etdikləri yalandır, o, həmişə bir ata kimi ailəsinə qayğı və diqqət göstərmişdir. Cavabdehlə faktiki nikahlarından anadan olmuş X1 və X2 iddiaçının yanında saxlanılmasına və uşaqlarının saxlanması üçün ondan hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına razıdır. Cavabdeh bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - İddiaçıdır. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - İddiaçıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Tərəflərin faktiki nikahdan olan 2 azyaşlı uşaqlarının ana qayğısına daha çox ehtiyacı olduğunu və uşaqların iddiaçının himayəsində qalması barədə cavabdehin razılığı olduğunu nəzərə alaraq, Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, xx xxx 2007-ci il təvəllüdlü X3 və xx xxxx 2010-cu il təvəllüdlü X4 İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanununvericiliyin sadalanan normalarının mənasına görə alimentin müəyyən edilməsi birinci növbədə uşaqların mənafeləri təmin edilməklə, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına cəlb olunmasından ibarətdir. Alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alınır, lakin bu zaman əsasən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır və bu məqsədlə hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu qanunla müəyyən edilir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit pul məbləğində alimentin miqdarı cari il üçün uşaqların yaşayış minimumu üçün nəzərdə tutulan məbləğ nəzərə alınmaqla hər bir uşaq üçün 175 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, xx xxx 2007-ci il təvəllüdlü X3 və xx xxxx 2010-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalmalı, azyaşlı uşaqlar yetkinlik yaşlarına çatanadək onların saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Buna görə də iddia tələbi dərhal icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx xxx 2007-ci il təvəllüdlü X1 və xx xxxx 2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları müəyyən edilsin. xx xxx 2007-ci il tarixdə anadan olmuş X1 və xx xxxx 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Alimentin tutulma müddəti xx xxxxxx 2021-ci il tarixdən X3 və X4 yetkinlik yaşlarına çatana qədər müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar