Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1825/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 və X1 üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında rəsmi nikah bağlanmış, daha sonra Zərdab Rayon Məhkəməsinin 2(035)-567/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Onların birgə nikahından xx.xx.2020-сi il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Övladları hazırda onunla birlikdə yaşayır, belə ki, övladları azyaşlı olduğundan və onunla qalmaları uşaqların mənafeyinə zidd olmadığından anası ilə qalmaları daha qanunidir və məqsədəuyğundur. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunla müəyyən edilmiş qaydada aliment hesablandıqda alimentin miqdarı cüzi olarsa, məhkəmə aliment ödəyicisinin imkanlarını nəzərə alaraq aliment miqdarını ağlabatan miqdarda artıra bilər. Bu zaman valideynin qeyri-rəsmi əldə etdiyi gəlirləri də nəzərə alınır. Aliment ödəyən valideynin qazancı müntəzəm olmadıqda və yaxud onun qazancını müəyyən etmək mümkün olmadıqda və s. bu hallarda sabit məbləğdə tutmaq zərurəti yaranır. Alimentin sabit məbləğdə tutulması dedikdə, ödəmənin konkret məbləğdə təyin edilməsi başa düşülür. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsinin məzmunu qanunvericilikdə konkretləşdirilməmişdir. Belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyacları təmin etmək daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsində göstərilmişdir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən olunmuşdur. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi uşaqların doğulduğu vaxtdan əmələ gəlib, onlar yetkinlik yaşına çatana kimi davam edir. Cavabdeh övladının normal böyüməsi üçün ona qayğı göstərməli, onun bütün ehtiyaclarını ödəməlidir. Bu onun həm atalıq borcudur, həm də qanunun birmənalı tələbidir. Onlar boşanarkən məhkəmə tərəfindən uşaqların saxlanılması üçün aliment təyin edilməmişdir. O, əvvəllər sosial yardım almış, lakin sonradan ona sözügedən yardımın verilməsi dayandırılmışdır. Cavabdeh uşaqlara maddi cəhətdən kömək etmir, bu səbəbdən o, cavabdehdən hər ay hər uşaq üçün 235 manat aliment tutulmasını istəyir. Qeyd edir ki, onun hazırda gəlir yeri yoxdur, atasının evində yaşayır, Cavabdeh isə rayonda işləyir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Zərdab Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 412567 saylı doğum haqqında şəhadətnamənin və AA2736501 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 29 iyun 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-567/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 № ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Zərdab RİHB-nin Şıxbağı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 643097 saylı doğum haqqında şəhadətnamənin və AA5208120 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 10 avqust 2022-ci ildə Bakı şəhəri, Sabunçu xəstəxanasında doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini, həmçinin cavabdehin aliment ödəməyə maddi cəhətdən imkanının olması barədə sübutlar müəyyən olunmadığını və uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, 29 iyun 2020-ci il təvəllüdlü X2 və 10 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq 29 iyun 2020-ci il təvəllüdlü X2 və 10 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1825/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1825/2025
07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver