Məhkəmə qərarları › İş №2(012)-1850/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1850/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1850/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı üzrlü səbəblərə görə aliment borcunun ödənilməsindən azad edilmə və alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı üzrlü səbəblərə görə aliment borcunun ödənilməsindən azad edilmə və alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi əsasında üzrlü səbəbə görə yaranmış 4080 manat aliment borcunun tamamilə silinməsi və İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh ilə bağladığı nikaha xitam verilmiş və birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə, 340 manat aliment məbləğinin tutulması qət edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri bir dəfə də olsun, ödəməmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırkı həyat tələbatlarına görə uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. İlkin iddiaçı uşaqları tək böyüdür, buna görə də maddi problemlərlə üzləşir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də “alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ilkin iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi ilə aliment məbləği təyin edilmiş, uşaqların hər ikisi hazırda, məktəbli olmaqla azyaşlıdır. Təlim-tərbiyəsi ilə əlaqədar xərclər artdığından, tək qadın olaraq uşaqları böyütmək ona çətin olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia ərizəsi ilə razı deyildir. Cavabdeh cəzaçəkmə müəssisəsində olduğu zaman 3 il yarım müddətdə mütəmadi şəkildə getmiş və ondan sonra isə getməməsi boşanma səbəbi olmuşdur. Aliment borcunun silinməsi ilə razı deyildir. Belə ki, cəzaçəkmə müəssisəsində olan şəxslərdən çalışanlar var idi. Cavabdeh isə ona cəzaçəkmə müəssisəsində işləyənlərə yaxşı baxılmadığını bildirməklə əsaslandırmışdır. Cavabdeh təyin edilməsini xahiş etdiyi aliment ödənişi endirilsə 45-50 manat məbləğ yaradır ki, bu da bir aylıq ödəniş deyildir. Həmçinin, onun tələb etdiyi aliment ödənişi aşırı məbləğ də deyildir. Cavabdeh maddi vəziyyəti nəzərə alınmaqla aliment ödənişinin 210 manat müəyyən olunmasına razı ola bilər. Həmçinin, o, özü də işləyir, 6-da işdən çıxıb saat 11-ə qədər başqa əmək fəaliyyəti ilə məşğuldur. Cavabdeh cəzaçəkmə müəssisəsində olanda onun yaxınları Cavabdeh maddi cəhətdən təmin etmiş, lakin o, özü təkbaşına uşaqlarını saxlamışdır. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqların İddiaçı yanında qalması və uşaqların saxlanması üçün alimentin tutulması qət edilmişdir. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-134/2017 saylı hökmünə əsasən, Cinayət Məcəlləsinin 204.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-855/2017 saylı qərarı ilə hökm dəyişdirilmiş və 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Daha sonra “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanuna əsasən ərizəsi əsasında məhkum olunduğu maddə CM-nin 204.2-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası 07 il 10 ay müddətinə endirilmişdir. Həmin qərardan narazı qaldığı üçün şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 07 il müddətinə endirilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə Cavabdeh həbsdə olduğunu bilsə də bunu nəzərə almamış və həbsdə olmağına baxmayaraq aliment tutulması barədə qərar qəbul etmişdir. Cəzaçəkmə müəssisəsində Cavabdeh heç bir gəliri olmamış, işləyib qazanc əldə etməmiş, hərəkəti məhdud olmuş, üzrlü səbəbdən aliment ödəyə bilməmiş, həbsdə olduğu müddətdə 4080 manat aliment borcu yaranmışdır ki, bu məbləği də ödəyə bilmir. Cavabdeh uşaqlarının saxlanılması üçün aliment olaraq həbsdən azad olduqdan sonra 6 aya xx.xx.2023-cü il tarixdə 2040 manat pul ödəmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi ilə onun İddiaçı ilə nikahına xitam verilmişdir. Məhkəmə prosesi ərəfəsində o, həbsdə olmuş və həbsdən çıxdıqdan sonra işlə təmin olunmaqda çətinlik çəkmiş, həmin müddətdə isə borc alaraq 6 aylıq aliment borcu olan 2040 manat ödənişi etmişdir. Hazırda, 381 manat əmək haqqı alır və əmək haqqının 340 manatı aliment ödənişi edir. Əmək haqqından ona 41 manat pul vəsaiti qalır və başqa dolanışıq yeri yoxdur. Bu səbəbdən də, alimentin artırılması ilə razı deyildir. Hesab edir ki, bir uşağın saxlanılması üçün ödəniş az deyildir. Lakin cəzaçəkmə müəssisəsindən çıxan biri olaraq normal iş yeri tapa bilmir və 7 il müddətinə cəza çəkmişdir. Aliment borcunun silinməsini xahiş etdiyi borc onun cəzaçəkmə müəssisəsində olduğu müddətdə yaranmış borcdur. 2022-ci ilin avqust ayında cəzaçəkmə müəssisəsindən çıxmış və həmin müddətdə əmək fəaliyyəti olmamışdır. Böyük qızı təhsil alır, ona görə də çalışdığı qədər ona yardım etmək istəyir. Bu səbəbdən də, hesab edir ki, aliment ödənişi 1/3 hissədə təmin edilməlidir. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi qismən təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ № 143529 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 156 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 044543 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 71 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ № 406610 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 359 nömrəsi ilə qeyd edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, İddiaçı və Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Goranboy rayon VVADQ şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 81 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 boşanmadan sonra İddiaçı (ananın) yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh dövlət nəfinə 30 manat dövlət rüsumuna görə pulun tutulması qət edilmişdir. -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1441/2022 saylı qərarından görünür ki, Cavabdeh cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və onun çəkilməmiş 5 ay 28 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi qərara alınmışdır. -Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək haqqı 329.14 manat olmaqla usta vəzifəsinə işə qəbul edilmişdir. -İddiaçı imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi üzrə borclu Cavabdeh 2040 manat alimenti Abşeron rayon İcra şöbəsi vasitəsilə qəbul etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evdə, Cavabdeh isə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 48 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflərin ailə nikah münasibətləri pisləşdiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan olan uşaqların anasının yanında saxlanılmaqla uşaqların hər biri üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda, İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə ilkin iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, həmçinin, cavabdehin stabil əmək haqqı almasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 170 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan yetkinlik yaşına çatmayanların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq ilk iddia ərizəsinin qismən təmin edilməsi, xx.xx.2008ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırkı iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırkı halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı iddia tələbində Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə təyin edilmiş 4080 manat aliment ödənişinin silinməklə aliment məbləğinin 1/3 hissədə müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ailə Məcəlləsinin 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Məhkəmə qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3379/2021 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının hazırkı gün üçün yaşayış minimumundan az olmasını, uşaqların yaşını, qida, təhsil və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, 1/3 hissədə aliment məbləğinin yetkinlik yaşına çatmayanların ehtiyaclarının təmin edilməsi nöqteyi-nəzərindən yetərli olmadığı qənaətinə gəlir. İlkin olaraq, məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarının 8.2. bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ona görə də qarşılıqlı iddia ərizəsi aliment ödənişinin 1/3 hissədə müəyyən olunmasına dair hissədə təmin edilə bilməz. Belə ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı) Məhkəmə eyni zamanda, qeyd edir ki, tərəflərin nikahının pozulmasından asılı olmayaraq uşaqların saxlanılması, onların maddi ehtiyaclarının təmin edilməsi bir valideyn kimi cavabdehin də öhdəliyi olduğundan, qarşılıqlı iddiaçının 4080 manat aliment borcunun yaranması müddətində cəzaçəkmə müəssisəsində olması və qeyd olunan hal yaranmış aliment borcunun silinməsinə əsas olmadığından qarşılıqlı iddia ərizəsi həmin hissədə də əsaslı hesab edilməməklə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 66.1. maddəsinə əsasən, tələb, islah işləri növündə cəza çəkən məhkumların qazancına, məhkəmənin hökmünə və ya qərardadına əsasən tutulan məbləğlər çıxıldıqdan sonra, bu Qanunun 64cü və 65-ci maddələri ilə müəyyən edilmiş qaydada yönəldilir. Eyni zamanda, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 99.1. maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır. 99.2. maddəsinə əsasən, məhkumların əmək haqqından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlər tutulur. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır. Göründüyü kimi, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş azyaşlı uşaqların saxlanılması üçün alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmış və qarşılıqlı iddiaçının cəzaçəkmə müəssisəsində olması aliment borcunun silinməsinə və ya alimentin tutulması öhdəliyindən azad edilməsinə əsas yaratmır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən ilkin iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair ilkin iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, (200-170=30 manat, 30 manat x 2 (uşaq)=60 manat, 60 manat x 12 ay = 720 manat) ödənilməli olan 30 manat dövlət rüsumu ilkin cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği həmin tələb üzrə qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İlkin iddia ərizəsi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı üzrlü səbəblərə görə aliment borcunun ödənilməsindən azad edilmə və alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar