Məhkəmə qərarları › İş №2(012)-1870/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1870/2024

09.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1870/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında Abşeron rayon, Xırdalan şəhər, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın C girişi, 10-cu mərtəbəsində yerləşən, sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqı- satqısına dair xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq "Avro Qrand” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aşağıda göstərilən əsaslara görə ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından onun direktoru X1 imzalamışdır. Onun Cəmiyyətin direktoru olması barədə sənəd isə iş materiallarında yoxdur. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinə pretenziya qaydasına riayət etməsini göstərən hər hansı sənəd əlavə etməmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, İddiaçı MMC hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü il tarixdə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu (********** saylı qəbz) İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar