Məhkəmə qərarları › İş №2(012)-188/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-188/2023

16.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-188/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qonşuluq mübahisəsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş 2000 manat maddi ziyan, 500 manat mənəvi zərərin ödənilməsi və onun tərəfindən evinin arxa divarı və yan hissəsində tikinti norma və qaydalarına zidd olaraq qanunsuz tikilmiş yardımçı tikililərin (hamam, mətbəx və təsərrüfat anbarının) sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçının yaşadığı ev ünvan 1 ünvanında yerləşir. Ümumi sahəsi 600 kv.m olan torpaq sahəsində 244 kv.m kürsülü ikimərtəbəli ev qonşusu Cavabdeh tərəfindən yararsız hala salınmışdır. Belə ki, evin arxasında 120 kv.m və yan tərəfində 40 kv.m olan ərazidə qonşusu Cavabdeh tərəfindən yardımçı sahələr (mətbəx, hamam, sanitar qovşağı və təsərrüfat anbarı) tikilmişdir. Mətbəx və hamamdan axan çirkli sular nəticəsində fərdi yaşayış evinin divarları, döşəməsi yararsız hala düşmüş, zirzəmidə rütubət yaranmış, evin divarlarında çatlar əmələ gəlmiş və ev qəzalı vəziyyətə düşmüşdür. Cavabdehə hər dəfə bu barədə məlumat verilməsinə baxmayaraq o, bu barədə heç bir tədbir görməmiş, əksinə cavabdeh və ailə üzvləri tərəfindən təhqirlərə məruz qalmışlar. Qonşunun hərəkəti nəticəsində iddiaçıya külli miqdarda, təqribən 2.000 min manat məbləğində ziyan dəymişdir. Bu barədə Abşeron rayon İcra Hakimiyyətinin Qobu qəsəbə Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir, eyni zamanda evin fotoşəkilləri çəkilmişdir. Cavabdehin məsuliyyətsiz hərəkətləri üzündən evin təmiri mümkün deyildir. Orada rütubət iyindən və döşəmə çürüdüyünə görə yaşamaq mümkün deyildir. Cavabdeh tərəfindən tikinti norma və qaydalarına zidd olaraq tikilmiş yardımçı tikililər sökülməli, onun hesabına ev təmir olunmalı və vurulmuş ziyan aradan qaldırılmalıdır. Eyni zamanda iddiaçı keçirdiyi stress və əsəbi vəziyyətə görə dəfələrlə həkim müayinəsindən keçmiş və qonşunun hərəkətləri nəticəsində ona 500 manat məbləğində zərər dəymişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda bildir ki, iş üzrə alınmış ekspert rəyi ilə razıdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o xəstə xanımdır və yetim uşaqları baxır. Yaşadığı ev təxmini 40 il bundan əvvəl tikilmişdir. Həyat yoldaşı, qaynanası və qayınatası vəfat etmişdir. İddiaçının iddia elədiyi hanan onun evindən aralıda yerləşir, onun evinə aidiyyatı yoxdur. İddiaçının evini təmir etməyə maddi imkanı yoxdur. Ailəsini güclə dolandır, xəstəyə baxır. Yaşadığı ev çoxdan tikilmişdir. O da həmin evə gəlin gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN-Sumqayıt tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zaidov X5 rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, ev 27 ünvanında qeydiyyatdadır. -xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-843A saylı 30800076 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 59 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Abşeron rayon Qobu qəsəbə sakini X4 mülkiyyətinə verilmiş və bu barədə 843 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron RİH-nin Qobu qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş Abşeron rayonu İcra Hakimiyyəti başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini icra edən X6, Qobu qəsəbə sakinləri X1 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE ********), X3 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE ********) və Cavabdeh iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Qobu qəsəbəsi Əli Bayramov küçəsi, ev 27 ünvanında yerləşən kürsülü, ikimərtəbəli İddiaçı məxsus olan fərdi yaşayış evinə baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı qonşusu yuxarıda adı keçən fərdi yaşayış evinə qonşusu Cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Belə ki, İddiaçı fərdi yaşayış evinin arxa hissəsində 120 kv.m, yan hissədə isə 40 kv.m olan ərazidə onun qonşusu Cavabdeh tərəfindən yardımçı sahələri (mətbəx, hamam, sanitar qovşağı və təsərrüfat anbarı) tikilmişdir. Mətbəx və hamamdan axan çirkli sular nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinin divarları, döşəməsi yararsız hala düşmüş, zirzəmidə rütubət yaranmış, evin divarlarında isə çatlar əmələ gəlmiş və ev qəzalı vəziyyətə düşmüşdür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 10/3198 saylı rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinin konstruktiv elementləri (divar, döşəmə) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, Abşeron rayon İcra Hakimiyyətinin Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən tərtib olunmuş Aktda göstərilənləri, cavabdeh tərəfindən inşa olunan hamam tikilisinin iddiaçının fərdi yaşayış evinə bitişik olmasını, hamamın divarlarının nəmişlikdən yaşıl rəng aldığını, hamam tikilisinin təmirinin və izolyasiyasının zəif olduğunu nəzərə alaraq, 27 saylı fərdi yaşayış evinə 25 saylı fərdi yaşayış evindən su axdığı müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində əməl gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1697 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh yaşadığı fərdi yaşayış evindən su sızması nəticəsində yaşayış üçün yararsız hala düşmüşdür. Göstərilən halla bağlı yaşayış binasının səlahiyyətli nümayəndələri tərəfindən akt tərtib olunmuş və mənzilə baxış zamanı yaşayış sahəsinə zərər dəydiyi öz təsdiqini tapmışdır. Mənzilə dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı mənzilinə dəymiş 2000 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4.-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Zaidova X7 rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, ev 27 ünvanında, Cavabdeh isə sözügedən ünvana yaxın yerləşən evdə yaşamaqla tərəflər arasında qonşuluq münasibətləri yaranmış və tərəflərin birgə yaşayış qaydalarına, onların hər birinin qonşuluq hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına riayət olunmasına dair öhdəlikləri yaranmışdır. Hazırda, iddiaçının cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədiyini iddia edərək həmin hərəkətlər nəticəsində ona vurulmuş maddi ziyanla bağlı tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı mülki iş materiallarına əlavə olunmuş akt əsasında müəyyən olunmuşdur ki, İddiaçı qonşusu yuxarıda adı keçən fərdi yaşayış evinə qonşusu Cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Belə ki, İddiaçı fərdi yaşayış evinin arxa hissəsində 120 kv.m, yan hissədə isə 40 kv.m olan ərazidə onun qonşusu Cavabdeh tərəfindən yardımçı sahələri (mətbəx, hamam, sanitar qovşağı və təsərrüfat anbarı) tikilmişdir. Mətbəx və hamamdan axan çirkli sular nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinin divarları, döşəməsi yararsız hala düşmüş, zirzəmidə rütubət yaranmış, evin divarlarında isə çatlar əmələ gəlmiş və ev qəzalı vəziyyətə düşmüşdür. Beləliklə də, iddiaçı evinə dəymiş zərərin həmin zərərin vurulmasında təqsirli olan cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Məhkəmə, evə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 10/3198 saylı rəyi əsasında, Qərardadın birinci sualı üzrə: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinin konstruktiv elementləri (divar, döşəmə) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, Abşeron rayon İcra Hakimiyyətinin Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən tərtib olunmuş Aktda göstərilənləri, cavabdeh tərəfindən inşa olunan hamam tikilisinin iddiaçının fərdi yaşayış evinə bitişik olmasını, hamamın divarlarının nəmişlikdən yaşıl rəng aldığını, hamam tikilisinin təmirinin və izolyasiyasının zəif olduğunu nəzərə alaraq, 27 saylı fərdi yaşayış evinə 25 saylı fərdi yaşayış evindən su axdığı müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində əməl gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1697 manat məbləğində olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə Ədliyyə Nazirliyi tərəfindən verilmiş ekspert rəyini əsas sübut növü kimi qəbul edir və həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib iddiaçının evinə dəymiş zərərin 1697 manat məbləğində olması qənaətinə gəlir ki, mülki hüquq pozuntusu nəticəsində İddiaçı mənzilinə dəymiş zərərin əvəzini zərər vuran Cavabdeh tam həcmdə ödəməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh məxsus evdən İddiaçı məxsus ünvan 1 ünvanına vurulmuş zərərin əvəzi olaraq 1697 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı sağlamlığına vurulmuş 500 manat mənəvi zərərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”ndakı hüquqi mövqeyə görə, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi\ zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə Plenum Qərarlarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, baş vermiş hadisə nəticəsində həmin hadisənin baş verdiyi tarixdən hazırki müddətədək iddiaçı mənəvi sarsıntı keçirməsi ilə bağlı iddia ərizəsinə sübutlar təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə iddiaçının iddia tələbindəki cavabdeh tərəfindən evinin arxa divarı və yan hissəsində tikinti norma və qaydalarına zidd olaraq qanunsuz tikilmiş yardımçı tikililərin (hamam, mətbəx və təsərrüfat anbarının) sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin tikililərin mövcudluğunda dair sübutlar təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 50 manat (25+25=50 manat) pul vəsaitinin 25 manat hissəsi iddiaçının özünə, 25 manat hissəsi isə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən onun Cavabdeh məxsus evdən İddiaçı məxsus ünvan 1 ünvanına vurulmuş zərərin əvəzi olaraq 1697 (min altı yüz doxsan yeddi) manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar