Məhkəmə qərarları › İş №2(012)-1916/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1916/2021

01.07.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1916/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 MTK ilə bağladığı 14.11.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 MTK ilə bağladığı 14.11.2018-ci il tarixli müqavilənin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli evin 3-cü blokunun 4-cü mərtəbəsində yerləşən 43.3 kv.m sahəsi olan izolə edilmiş 1 otaqdan ibarət 20 nömrəli mənzilə dair bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 MTK ilə bağladığı 14.11.2018-ci il tarixli müqavilənin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MTK ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş, 29.02.2020-ci il tarixli "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli evin 3-cü blokunun 4-cü mərtəbəsində yerləşən 43.3 kv.m sahəsi olan izolə edilmiş 1 otaqdan ibarət, 20 nömrəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin mənzilə dair onunla "xxxx" MTK arasında rəsmiləşdirilmiş 14.11.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin ona təhvil verilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, "xxxx" MTK ilə 14.11.2018-ci il tarixdə bağladığı müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli evin payçısı hesab olunmuş və həmin evin 3-cü blokunun, 4-cü mərtəbəsində yerləşən 53.02 kv.m sahəsi olan izolə edilmiş 1 otaqdan ibarət, 20 nömrəli mənzil payçı kimi ona ayrılmışdır. Müqavilənin 3.1-ci bəndinə müvafiq olaraq tərəflər mübahisəli mənzilin hər bir kv.m-nin qiymətini 450 manat məbləğində razılaşmaqla, ümumi qiyməti 23859 manat olaraq qiymətləndirmişlər. O, "xxxx" MTK-ya 14.11.2018-ci il tarixdə 10 000 manat ilkin ödəniş və həmin vaxtdan başlayaraq ayrı-ayrı vaxtlarda isə ümumi 5600 manat pul ödəmişdir. 2020ci ilin fevral ayında o, növbəti dəfə cavabdeh təşkilata pul ödəmək üçün müraciət edəndə "xxxx" MTK-nın sədri Emil Səməndərov rəhbərlik etdiyi MTK-da onun hər hansı bir evinin olmadığını, evləri istədiyi şəxslərə satmaq iqtidarında olduğunu və onun evini başqa şəxsə satdığını bildirmiş, bu səbəbdən də bununla razılaşdığı təqdirdə mənzilin dəyərinin ona qaytarılması təklifini irəli sürmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, bir mənzil bir neçə şəxsə satılmışdır. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq Emil Səməndərova razılıq vermişdir. Bu şərtlə ki, E.Səməndərov onun pulunu müqavilənin 6.1ci bəndinə müvafiq olaraq 7 gün ərzində qaytarmalı idi. E.Səməndərov onun irəli sürdüyü bu şərtlə razılaşmış və yaxın günlərdə ödədiyi pulların tam olaraq ona qaytarılacağını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilatın sədri verdiyi vədə riayət etməmiş, nəticədə bir neçə dəfəyə ona cəmi 2500 manat pul qaytarmışdır. Lakin sonradan ona mənzilinin cavabdeh təşkilat tərəfindən Cavabdeh2 satıldığı və sonuncu tərəfindən mənzilin dəyərinin tam ödənildiyi məlum olmuşdur. Eyni zamanda, "xxxx" MTK mənzilin ölçüsündə də onu aldatmışdır. Belə ki, realda mənzilin ölçüsü 43.3 kv.m olduğu halda müqavilə üzrə mənzilin sahəsi 53.02 kv.m göstərilmiş və bununla da o hesab edir ki, cavabdehin niyyəti ondan əlavə pul əldə etmək imiş. Eyni zamanda, o, "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsinin surətini əldə etmək məqsədilə vəkili vasitəsilə 22.01.2021-ci il tarixdə sorğu ilə müraciət etmiş, lakin MTK-nın sədri şifahi olaraq ona həmin sənədin verilməyəcəyini bildirmişdir. Bu səbəbdən də o, sorğunu poçt vasitəsilə göndərməli olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X3 İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MTK ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş, 29.02.2020-ci il tarixli "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli evin 3-cü blokunun 4-cü mərtəbəsində yerləşən 43.3 kv.m sahəsi olan izolə edilmiş 1 otaqdan ibarət, 20 nömrəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin mənzilə dair onunla "xxxx" MTK arasında rəsmiləşdirilmiş 14.11.2018ci il tarixli müqaviləyə əsasən mənzilin ona təhvil verilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qanunvericiliklə əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia müddəti 1 (bir) il nəzərdə tutulmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsi 29.02.2020-ci il tarixdə bağlandığı halda iddiaçı iddia ərizəsi ilə məhkəməyə 30.04.2021-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Ona görə də göstərilənlərə əsasən, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, onunla "xxxx" MTK arasında rəsmiləşdirilmiş 16.04.2016-cı il tarixli mənzil tikintisi müqaviləsi qüvvədədir. MTK tərəfindən pulu tam qaytarılacağı təqdirdə o, mənzilin digər şəxsə satılmasına etiraz etmir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh1 MTK-nın direktoru X6 ilə payçı İddiaçı arasında bağlanmış 14.11.2018-ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 20 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 450 manat təşkil edir. Sahəsi 53.02 kv.m mənzil üçün cəmi 23859 manat ödənilməlidir. - Müqavilənin 3.3-cü bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi dəyərindən 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini kooperativə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 3.4-cü bəndindən görünür ki, payçı ilkin ödənişi, həmçinin sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə ödənişi gecikdirərsə, kooperativin ixtiyarı var ki, bu müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqlar 40 gündən artıq gecikdirilərsə yalnız icraçı tərəfindən mənzil başqasına satıldıqdan sonra ödənilmiş məbləğ geri qaytarılır. - Müqavilənin 6.1-ci bəndindən görünür ki, payçı Kooperativin üzvlüyündən çıxmaq istədikdə bu barədə Kooperativi əvvəlcədən yazılı şəkildə xəbərdar etməlidir. Payçının üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa payçıya verildikdə və həmin mənzilin dəyəri başqa payçı tərəfindən ödənildikdən 7 gün sonra qaytarılır. - Cavabdeh1 MTK-nın kassa mədaxil orderlərinin qəbzindən görünür ki, İddiaçı pay haqqı olaraq 14.11.2018-ci il tarixdə 10000 manat ilkin ödəniş, 12.12.2018-ci il tarixdə 600 manat, 19.01.2019-cu il tarixdə 800 manat, 20.02.2019-cu il tarixdə 500 manat, 09.03.2019-cu il tarixdə 400 manat, 20.04.2019-cu il tarixdə 400 manat, 08.05.2019-cu il tarixdə 400 manat, 17.06.2019-cu il tarixdə 400 manat, 22.07.2019-cu il tarixdə 300 manat, 14.08.2019-cu il tarixdə 300 manat, 19.09.2019-cu il tarixdə 300 manat, 19.10.2019-cu il tarixdə 300 manat, 14.11.2019-cu il tarixdə 300 manat, 28.12.2019-cu il tarixdə 300 manat və 20.01.2020-ci il tarixdə 300 manat ödəniş etmişdir. - Cavabdeh1 MTK-nın maliyyə arayışlarının surətindən görünür ki, İddiaçı 12.10.2020-ci il tarixdə 1000 manat, 24.10.2020-ci il tarixdə 500 manat, 29.10.2020-ci il tarixdə 500 manat və 06.11.2020-ci il tarixdə 500 manat ödəniş edilmişdir. - İcraçı Cavabdeh1 MTK-nın direktoru X7 ilə payçı Cavabdeh3 arasında bağlanmış 16.04.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 20 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 420 manat təşkil edir. Sahəsi 43.3 kv.m mənzil üçün cəmi 18186 manat ödənilmişdir. - Cavabdeh3 Cavabdeh1 MTK-nın direktoru X4 ünvanladığı 05.09.2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.4 kv.m olan 20 saylı mənzilin ödənişinin iki ay müddətinə ödəyəcəyini bildirmişdir. - Cavabdeh1 MTK-nın 11.03.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 MTK-ya məxsus ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 3-cü blok 4-cü mərtəbəsində ümumi sahəsi 43.2 kv.m olan 20 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı Cavabdeh3 tərəfindən 18186 manat olmaqla ödənilmiş və MTK-ya borcu qalmamışdır. - Cavabdeh1 MTK-nın maliyyə arayışlarının surətindən görünür ki, MTK tərəfindən Cavabdeh3 pay haqqına görə 22.10.2018-ci il tarixdə 2530 manat, 06.11.2018-ci il tarixdə 1500 manat, 19.11.2018-ci il tarixdə 2000 manat, 01.12.2018-ci il tarixdə 1000 manat, 13.02.2019-cu il tarixdə 1000 manat, 06.03.2019-cu il tarixdə 1000 manat, 16.04.2019-cu il tarixdə 900 manat, 07.05.2019-cu il tarixdə 1020 manat, 10.06.2019-cu il tarixdə 1000 manat, 08.07.2019-cu il tarixdə 500 manat, 07.08.2019-cu il tarixdə 500 manat, 16.09.2019-cu il tarixdə 2000 manat, 02.10.2019-cu il tarixdə 1000 manat, 05.10.2019-cu il tarixdə 500 manat, 10.10.2019-cu il tarixdə 510 manat, 22.10.2019-cu il tarixdə 500 manat, 19.11.2019-cu il tarixdə 500 manat, 21.11.2019-cu il tarixdə 1000 manat, 26.11.2019-cu il tarixdə 500 manat, 12.05.2020-ci il tarixdə 500 manat, 06.01.2020-ci il tarixdə 510 manat, 21.01.2020-ci il tarixdə 510 manat, 04.02.2020-ci il tarixdə 500 manat, 24.02.2020-ci il tarixdə 500 manat, 11.03.2020-ci il tarixdə 500 manat, 03.09.2020-ci il tarixdə 500 manat, 26.01.2021-ci il tarixdə 300 manat olmaqla cəmi 29310 manat ödəniş edilmişdir. - Cavabdeh1 MTK-nın 08.06.2021-ci il tarixli 08/06 saylı sorğuya cavabından görünür ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1dir. İlkin olaraq 26 yanvar 2013-cü il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 16 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunan yaşayış binasının İİİ blok, 4-cü mərtəbə, ümumi sahəsi 43.4 kv metr olan 1 otaqlı mübahisələndirilən 20 saylı mənzil Cavabdeh3 satılmışdır. Onun tərəfindən pay haqqı tam ödənilmişdir. Cavabdeh3 öz mənzilini satmaq istəmişdir. Şirkət ona ödədiyi pulu hissəhissə olaraq qaytarmışdır. Cavabdeh3 İslamovanaya pay haqqının tam ona qaytarılmadığı üçün müqavilə ləğv edilməmişdir və hal-hazırda qüvvədədir. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunan yaşayış binasının İİİ blok, 4-cü mərtəbə, ümumi sahəsi 53.02 kv metr olan 1 otaqlı 20 saylı mənzil 14 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı satılmışdır. İlkin ödəniş olaraq 10 000 manat və ayrı-ayrı vaxtlarda 5600 manat pay haqqı ödənilmişdir. Nəzərdə tutulmuş 23859 manat pay haqqından cəmi 15600 manat ödənilmişdir. Müqavilə şərtləri və payçının öz üzərinə götürdüyü pul öhdəlikləri uzun müddət yerinə yetirilmədiyi üçün İddiaçı onunla bağlanmış müqavilənin ləğv edildiyi bildirilmişdir. O, bunu qəbul etmiş və ödədiyi pulun geri qaytarılmasına razılıq vermişdir. 2500 manat rəsmi məxaric orderinə əsasən ona qaytarılmışdır. Tərəflərin şifahi razılaşmasına və qarşılıqlı qəbul edilmiş hərəkətlərinə əsasən müqavilə ləğv olunmuş hesab edilmişdir. İddiaçının iddia ərizəsində bunlar onun tərəfindən etiraf edilmişdir. Bundan sonra Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunan yaşayış binasının İİİ blok, 4-cü mərtəbə, ümumi sahəsi 53.02 kv metr olan 1 otaqlı 20 saylı mənzilə dair Cavabdeh2 ilə müqavilə bağlanmışdır. Həmin müqavilə hal-hazırda qüvvədədir. - Progress-2016 MTK-nın 29.02.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Hayan-E MMC-nin hüquqi varisi olan Progress-2016 MTK-ya məxsus ünvan 2 ünvanında inşa olunan 5 bloklu 16 mərtəbəli yaşayış binasının 3-cü blok 5-ci mərtəbə ümumi sahəsi 53.02 kv.m olan 1 otaqlı 20 saylı mənzilin dəyəri Cavabdeh2 tərəfindən 34463 manat olmaqla ödənilmiş və MTK-ya borcu qalmamışdır. - İcraçı Proqress-2016 MTK-nın sədri X6 ilə payçı Cavabdeh2 arasında bağlanmış 29.02.2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006cı il tarixli 301 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 3-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 20 saylı mənzili pay kimi payçıya ayırmağı öhdəsinə götürmüş, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 1.3-cü bəndindən görünür ki, Hayan-E MMC (Proqress-2016 MTK) ilə əvvəllər bağlanmış müqavilələrdə mənzillərin nömrələri hər blokda olan qeyri-yaşayış sahəsi yerləşən mərtəbədən sonrakı mərtəbədə ardıcıl olaraq soldan-sağa sayılmaqla qeyd edilmişdir. Hazırki müqavilədə yaşayış sahəsinin İ-İİİ blokunun 1-ci mərtəbəsi, İV-V blokda isə 1-ci və 2-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Yeni qayda ilə müqavilədə mərtəbələrin sayı ardıcıllığı 1-ci mərtəbədən başlayaraq hesablanılır. İ-İİİ blokda mənzillərin nömrələri saxlanılmaqla bir mərtəbə yuxarı qeyd olunmuşdur. İV blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 yuxarı – 3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 4 ədəd mənzil olduğunu nəzərə alaraq 4 say azalmaqla (5№ - 1№-yə, 6№- 2№-yə və s.) V blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı 3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 8 ədəd mənzil olduğunu nəzərə alaraq 8 say (9№ - 1 №, 10№-2№ və s.) azalmaqla qeyd olunmuşdur. - Müqavilənin 3.1 və 3.2-ci bəndlərindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 650 manat təşkil edir. Sahəsi 53.02 kv.m olan mənzil üçün cəmi 34463 manat ödənilməlidir. 15.03.2016-cı il tarixli Kooperativ Üzvlərinin ümumi yığıncağının növbədənkənar iclasının 02 saylı protokolunun çıxarışının 4-cü bəndinə müvafiq olaraq hər kv.m mənzil sahəsi üçün əlavə 100 manat, qeyri-yaşayış sahəsi üçün 300 manat olmaqla ödəniş edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müqavilə tarixlərinə diqqət yetirilərək ilkin olaraq alıcı Cavabdeh3 ilə 16.04.2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh3 ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan 1 otaqlı 20 saylı mənzili 18186 manat olmaqla almış və həmin mənzilin dəyəri alıcı Cavabdeh3 tərəfindən tam ödənilərək ona 11.03.2017-ci il tarixdə borcun ödənilməsinə dair arayış verilmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən payçı kooperativin üzvlüyündən çıxması və hazırki müqavilənin ləğv edilməsi barədə Kooperativi 1 ay qabaqcadan yazılı şəkildə xəbərdar etməli, müqavilə ləğv edildikdən və payçının üzvlüyünə xitam verildikdən sonra onun öhdəliyi pay haqqı mənzil başqa payçıya satıldıqda (verildikdə) və həmin mənzilin (qeyri-yaşayış sahəsinin) dəyəri sonuncu tərəfindən ödənildikdən 7 gün sonra ona qaytarılmalıdır. İddiaçı 14.11.2018-ci il tarixdə icraçı Proqress-2016 MTK ilə bağladığı mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binanın 3cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan 1 otaqlı 20 saylı mənzili 23859 manat dəyərində almış və 14.11.2018-ci il tarixdə ilkin ödəniş 10 000 manat olmaqla 12.12.2018-ci il tarixdə 600 manat, 19.01.2019-cu il tarixdə 800 manat, 20.02.2019-cu il tarixdə 500 manat, 09.03.2019-cu il tarixdə 400 manat, 14.04.2019-cu il tarixdə 300 manat, 20.04.2019-cu il tarixdə 400 manat, 08.05.2019-cu il tarixdə 400 manat, 17.06.2019-cu il tarixdə 400 manat, 22.07.2019-cu il tarixdə 300 manat, 19.09.2019-cu il tarixdə 300 manat, 19.10.2019-cu il tarixdə 300 manat, 14.11.2019-cu il tarixdə 300 manat, 28.12.2019-cu il tarixdə 300 manat, 20.01.2020-ci il tarixdə 300 manat olmaqla cəmi 15600 manat (10 000 manat ilkin ödəniş + 5600 manat = 15600 manat) ödəniş etmiş, bununla da müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Tərəflər arasında şifahi razılaşmaya əsasən mənzilin dəyəri olaraq iddiaçı-alıcı İddiaçı 2500 manat ödəniş edilmiş və bu, məhkəməyə təqdim olunmuş maliyyə arayışları ilə də öz təsdiqini tapmışdır. Cavabdeh Proqress-2016 MTK tərəfindən məhkəməyə təqdim olunmuş, mənzilin sonuncu alıcısı kimi məlum olan Cavabdeh2 ilə MTK arasında bağlanmış 29.02.2020-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən mübahisə predmeti olan mənzil sonuncuya satılmış və sonuncu tərəfindən mənzilin dəyəri olaraq 34463 manat pulun ödənilməsinə və borcunun olmamasına dair MTK tərəfindən 29.02.2020-ci il tarixdə maliyyə arayışı verilmişdir. Lakin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncu alıcı kimi Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 29.02.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilərək onunla bağlanmış 14.11.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, qanunvericiliyin tələblərinə istinad edilərək məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinə əsasən və müqavilə şərtlərinə nəzər yetirildikdə, mənzilin dəyərindən 2500 manat ödəniş iddiaçıya qaytarılmış və iddiaçı həmin məbləği qəbul etməklə müqavilənin ləğv edilməsini də “qəbul etmiş” olmuşdur. Mənzil tikintisinə dair 29.02.2020-ci il tarixdə Cavabdeh2 ilə müqavilə bağlanılaraq mənzilin dəyəri sonuncu tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının müqavilənin etibarsız hesab olunması və mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə cavabdeh "xxxx" MTK-nın nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı qeyd edir ki, İddiaçı "xxxx" MTK ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş 29.02.2020-ci il tarixli müqavilənin mübahisələndirilməsi ilə bağlı iddia ilə məhkəməyə 10.02.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdehin nümayəndəsi ərizəsində iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı belə nəticəyə gəlir ki, mübahisə predmeti olan müqavilə 10.02.2021-ci il tarixdən başlayaraq mübahisələndirildiyindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab olunması və mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar