Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1992/2022 02.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması barədə ilkin, Cavabdeh İddiaçı qarşı aliment öhdəliyindən azad olunma barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan 31 avqust 2006-cı ildə anadan olmuş X7 və 24 dekabr 2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 noyabr 2005-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan 31 avqust 2006-cı il təvəllüdlü X7 və 24 dekabr 2010-cu il təvəllüdlü X10 dünyaya gəlmişlər. Cavabdehlə olan nikah Abşeron Rayon Məhkəməsinin 14 iyun 2012-ci il tarixli, 2(012)-187/2012 saylı qərarı ilə pozulmuşdur. Nikah pozulduqdan etibarən cavabdeh uşaqlarına heç bir maddi və mənəvi dəstək göstərməmiş, onların heç bir qayğılarını qarşılamamış və ümumiyyətlə azyaşlı uşaqlarla əlaqəni bir ata kimi pozmuşdur. Cavabdehin uşaqlara maddi dəstək ola biləcək qədər imkanı var və bu, onun atalıq borcudur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında Cavabdeh İddiaçı qarşı aliment öhdəliyindən azad olunma barədə qarşılıqlı iddia verərək, birgə nikahdan doğulmuş 31 avqust 2006-cı il təvəllüdlü X7 və 24 dekabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək aliment üzrə öhdəliyinin tam ödənilmiş hesab edilməsi və onun aliment ödəmək öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 11 noyabr 2005-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan 31 avqust 2006-cı ildə X7 və 24 dekabr 2010-cu ildə X10 anadan olmuşlar. Cavabdehin xasiyyətinə görə faktiki olaraq ailə dağılmış və hələ 2-ci uşaq dünyaya gəlməmiş, nikah pozulmadan o, evi tərk edib getmişdir. Cavabdeh onun iş yerinə müxtəlif məzmunlu mənfi xarakterli məktublar, ərizələr yazmış, nəhayət onu iş yerindən - Fövqəladə Hallar Nazirliyindən çıxartdırmışdır. Bütün bunlardan sonra birgə yaşamağın mümkünsüzlüyünü nəzərə alaraq o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 14 iyun 2012-ci il tarixli 2(012)-187/2012 saylı qətnaməsi ilə nikah pozulmuş, 2 uşağın saxlanılması üçün əmək haqqının 1/3 hissəsi miqdarında alimentin alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra X8 ona qarşı sabit pul məbləğində alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hər bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Birgə nikah dövründə o, "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 saylı binanın 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 24 saylı 1 otaqlı mənzili öz vəsaiti hesabına almışdır. Həmin mənzilə görə o, 01 dekabr 2009-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən 30376,19 manat pulu 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Son qalıq pul olan 18188 manat pulu 2010-cu ildə tamamlamışdır. Buna dair ona maliyyə arayışı verilmişdir. Bundan başqa, həmin mənzilin təmirinə də pul xərcləmişdir. Təmir xərci ayrıca məbləğdir, mənzilin dəyərinə daxil deyildir. Eyni zamanda, birgə nikah dövründə Xırdalan şəhəri, Masazır yolunun altı - 1, bina 0001, mənzil 2819 ünvanında dəyəri hələ o dövrdə 100000 manat təşkil edən böyük 2 mərtəbəli, inşaat materialları və konstruksiyaları yüksək keyfiyyətdən ibarət olan, onun tərəfindən inşa edilən ev mövcud olmuşdur. Nikah pozulduqdan sonra cavabdeh ona qarşı "xxxx" ASC-nin Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km. məhəllə ünvanında yerləşən mənzilə görə müqavilə üzrə əldə olunmuş əmlakdan payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli, 2(012)-1855/2012 saylı qətnaməsi ilə Arzu İbrahimovanın iddiası rədd edilmişdir. Arzu İbrahimova şikayətlər versə də, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Eyni zamanda o da Masazır qəsəbəsində yerləşən evə çəkilmiş xərc üzərində payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, "xxxx" ASC-nin inşa etdiyi evə köçürülməsinə, Arzu İbrahimovaya kompensassiya ödənilməklə, istifadə hüququna xitam verilmısinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə onun həmin mənzilə köçürülməsi hisəsində iddiası təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7- ci km məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 24 saylı 1 otaqlı mənzili üzərində qətnamə ilə tam hüququ, eyni zamanda Masazır qəsəbəsində yerləşən birgə nikah dövründə tikintiyə çəkilən xərcin yarısına isə faktiki hüququ mövcud olmuşdur. Alimenti vaxtlı - vaxtında ödəmişdir. Aliment işi Abşeron rayon İcra Şöbəsində icra edilirdi. İcra işi Abşeron Rayon Məhkəməsində olarkən, bir müddət sonra 2016-cı ildə cavabdeh özü ona müraciət edərək belə bir təklif etdi ki, alimentlə bağlı razılığa gəlsinlər, uşaqların yetkinlik yaşına çatanadək alimentin onun tərəfindən ödənilməsi öhdəliyi - "xxxx" ASC-də yerləşən evdən tam surətdə cavabdeh X2 xeyrinə imtina etməsi, eyni zamanda Masazır qəsəbəsində yerləşən evə çəkilmiş xərcin bölünməsinə dair iddiasını geri götürməsi ilə əvəzləşdirsin. Bunun müqabilində cavabdehin ona qarşı alimentlə bağlı heç vaxt tələbi olmayacaqdır. Cavabdehin bu təklifi ilə razılaşmış, "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7- ci km məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 24 saylı 1 otaqlı mənzili üzərində bütün hüquqlarının, payının cavabdeh Arzu İbrahimovanın adına keçməsinə razılıq vermişdir. Masazırdakı evlə bağlı iddianı isə tələb etməmiş, iddiası baxılmamış saxlanılmışdır. Bütün bunların müqabilində tələbkar Arzu İbrahimova 02 mart 2016-cı il tarixdə İcra Şöbəsində 23 noyabr 2012-ci il tarixli 2012)- 1869/2012 saylı icra vərəsinin icrası ilə bağlı borclu tərəfindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment borcunun tam ödənilməsini bildirməklə, icra vərəqi üzrə icraata xitam verilməsini xahiş etmiş, gələcəkdə alimentlə bağlı hər hansı iddiasının olmayacağını qeyd etmişdir. Bütün bunlar yazılı təsdiq edilmiş surətdə aparılmışdır. Onun "xxxx" ASC-yə yazdığı ərizə ilə, cavabdeh Arzu İbrahimovanın icra şöbəsinə yazdığı ərizə eyni tarixdə olmuşdur. Bununla da alimentlə bağlı məsələ tamamlanmış, iş üzrə icraata xitam verilmiş, 2016-2022-ci illər ərzində onu alimentə görə narahat edən olmamışdır. Hər iki mənzilə dair hüquqlarını tələb etməmiş, cavabdehin xeyrinə uşaqlarına görə paylarından imtina etmiş, mənzillər üzərində olan hüquqlarını cavabdehlə əldə edilən razılığa əsasən, aliment öhdəliyi ilə əvəzləşdirmişdir. Lakin hazırda İddiaçı alimentlə bağlı yenidən müraciət etməsi onu qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Cavabdehlə aralarında alimentlə bağlı razılıq olmuş, o, mənzillərə dair hüquqlarını aliment öhdəliyi ilə hələ 2016-cı ildə əvəzləşdirmişdir. Göründüyü kimi, cavabdeh hüquqlardan sui-istifadə edir, üstəlik məhkəməyə yalan məlumatlar verir. Belə ki, iddia ərizəsində alimentlə bağlı onun guya uşaqlara yardım etmədiyi bildirilir. Lakin alimentlə bağlı iki məhkəmə qətnaməsinin olmasını, 2016-cı ildə aralarında razılığın olmasını, alimentdən imtina etməsini göstərməmişdir. O, hüquqlarını əvəzləşdirdiyi mənzillər üzrə hüquqlarını gerçəkləşdirsə idi, həmin mənzilləri kirayə verib, aliment pulunu asanlıqla ödəyərdi, həm də mülkiyyət hüququnu qoruyub saxlayardı. Cavabdeh isə həmin mənzili kirayə verərək, həm də mənzildən kirayə pulundan illərlə faydalanmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. O əlavə etdi ki, keçmiş aliment işi üzrə icra mərhələsində xitam barədə ərizə verərkən onun mahiyyətindən məlumatı olmamışdır. O vaxt bu barədə onlar mənzil və fərdi yaşayış evinə dair hüquqlar üzrə razılığa gəlmişdilər. Bu razılığın isə aliment öhdəliklərinə aidiyyəti olmamışdır. İştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini, ilkin iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. O əlavə etdi ki, aliment öhdəliklərinə əmlak təqdim etməklə 2016-cı ildə xitam verilmişdir. Hazırda yenə də aliment barədə iddia qaldırmaq hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 835812 və AZ-İİ 626684 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 31 avqust 2006-cı il təvəllüdlü X7 və 24 dekabr 2010-cu il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 181103 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasındakı nikahın pozulması aktı xx.xx.2012-ci ildə qeydə alınmış, arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)- 187/2012 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2005-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində Cavabdeh ilə X8 arasında bağlanmış nikaha xitam verilmiş, 31 avqust 2006-cı il təvəllüdlü X7 və 24 dekabr 2010-cu il təvəllüdlü X10 adlı uşaqların anaları X2 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 18 yaşa çatanadək saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)- 1869/2012 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-187/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2012-ci ildən başlayaraq Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)- 1866/2012 saylı qətnaməsindən görünür ki, X2 Cavabdeh qarşı birgə nikah zamanı əldə edilmiş "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7- ci km. məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 29 (24) saylı 1 otaqlı mənzili üzərində payların müəyyən edilməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2013-cü il tarixli 2(105)-430/2013 saylı qətnaməsindən görünür ki, X2 apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1866/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 4946 saylı maliyyə arayışının surətindən görünür ki, "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 24 saylı 1 otaqlı mənzilinin ümumi dəyəri 18188 manat vəsait tam ödənilib, heç bir borc yoxdur. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1869/2012 saylı icra sənədi üzrə icra işi arxivdə aşkar olunmamışdır. İş materiallarında olan İddiaçı xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1869/2012 saylı icra sənədi üzrə borclu tərəfindən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment borcu tam ödənilmişdir. Buna görə də icra icraatına xitam verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 8(012)-601/2016 saylı qərardadının surətindən görünür ki, icra məmurunun təqdimatı təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1869/2012 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Kontorunun 20 noyabr 2021-ci il tarixli notariat işindən görünür ki, İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 7-ci km, Abşeron Gənclər şəhərciyi y/k, ev 2, mənzil 274-ü (36 kv.metr) 30000 manata X1. İş materiallarından görünür ki, tərəflər 2005-ci ildə rəsmi nikaha girmiş və onların bu nikahdan xx.xx.2006-cı il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X10 adlı uşaqları olmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş və onların nikahı 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Bu qətnamə ilə uşaqlar üçün aliment aylıq qazancın və gəlirlərin hissəsindən tutulsa da, sonradan sabit məbləğdə alimentin tutulması barədə İddiaçı məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1869/2012 saylı qətnaməsilə həmin Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(012)- 187/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2012ci ildən başlayaraq Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, lakin 2016-cı ildə tələbkarın ərizəsinə əsasən həmin icra sənədi üzrəicra icraatına xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan 31 avqust 2006-cı ildə anadan olmuş X7 və 24 dekabr 2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 386 manat miqdarında alimentin cavabdehdən alınaraq ona verilməsi barədə, Cavabdeh isə İddiaçı qarşı aliment öhdəliyindən azad olunma barədə qarşılıqlı iddia verərək, birgə nikahdan doğulmuş 31 avqust 2006-cı il təvəllüdlü X7 və 24 dekabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək aliment üzrə öhdəliyinin tam ödənilmiş hesab edilməsi və onun aliment ödəmək öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından ilkin iddia üzrə cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmalıdır. Qarşılıqlı iddiaya gəlincə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Həmin Məcəllənin 113-cü maddəsinə görə aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aliment öhdəliklərindən azad edilməli olmasını icra sənədi üzrə tələbkarın xeyrinə 2016-cı ildə məlum mənzilə olan hüquqlarından imtina etməsi ilə əsaslandırmışdır. Doğrudur, işdə qeyd edilən mənzilin əvvəllər Cavabdeh, sonradan isə İddiaçı sahiblik və istifadəsində olması barədə kifayət qədər mötəbər sübutlar vardır. Lakin bu əməliyyatların məhz birgə nikahdan doğulmuş uşaqların aliment öhdəliklərindən azad olunma səbəbilə edildiyi barədə işdə hər hansı legitim sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı aliment öhdəliyindən azad olunma barədə qarşılıqlı iddia tələbi təmin edilə blməz. Məhkəmə bu nəticəyə gələrkən ən əsası birgə nikahdan doğulmuş İbrahim və Yusif adlı uşaqların mənafeyini də nəzərə alır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli və xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 31 avqust 2006-cı il təvəllüdlü X7 və 24 dekabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalı, qarşılıqlı iddia isə təmin edilməməlidır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 31 avqust 2006-cı il təvəllüdlü X7 və 24 dekabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1992/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1992/2022
02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver