Məhkəmə qərarları › İş №2(012)-207/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-207/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma - Kredit müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-207/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə 2014-cü il 30 oktyabr tarixli kredit müqaviləsi üzrə 17704,34 manat əsas, 20573,44 manat faiz, 4452,23 manat cərimə və müqavilə müddətinin bitdiyi 30.10.2019-cu il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1334,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 44064,06 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının tutulması, tutmanın Cavabdeh məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şəxslərin həmin evdən çıxarılmaları, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 25% dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi 30 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərində, habelə onun ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlində kredit borcunun faizləri ilə birlikdə hansı müddətdə və qaydada ödənilməsi göstərilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında mövcud olan öhdəliklər lazımınca icra edilmədiyindən onun 03 may 2021-ci il tarixə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən Cavabdeh xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığından bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 oktyabr 2014-cü il tarixli 1-G-1-0-1188-14 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" İKB-nin “MXM” filialı – “Bank”, Cavabdeh – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə, yəni 30 oktyabr 2019-cu il tarixinədək illik 25% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, kreditin təminatı 20000 manat dəyərində olan daşınmaz əmlakdır. Həmin müqavilənin 1.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%-i həcmində dəbbə pulu hesablanır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, kredit üzrə faizlər hər ayın 30-u, (hər rübün son ayının 30-u və ya ödəniş qrafikində göstərilmiş) tarixindən gec olmayaraq Borc alan tərəfindən Kreditora ödənilir. Kredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın 30-u, (hər rübün son ayının 30-u və ya ödəniş qrafikində göstərilmiş) tarixədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş faizlər hesab olunur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarında Banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan 30 oktyabr 2014-cü il tarixli 1-G-1-0-1188-14 №-li kredit müqaviləsinin 1 saylı Əlavəsindən görünür ki, borcalanın Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda hər ay 587,03 manat məbləğində olmaqla ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin ödəniş cədvəlində müqavilə üzrə borcun ödənilməsinin sonuncu günü 30 oktyabr 2019-cu il tarixi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 03 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 17704,34 manat məbləğində əsas borc, 20573,44 manat məbləğində faiz borcu, 4452,23 manat məbləğində dəbbə pulu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi tarixədək illik 5 faiz hesablanmaqla 1334,05 manat məbləğində əldən çıxmış fayda qismində borcu olmaqla – cəmi 44064,06 məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanıb. Bu müqavilələr Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" İKB-nın “MXM” filialına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3591/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2021-ci il tarixli, 9/8596 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə və maliyyə arayışında borcun hesablandığı tarixə (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan etibarən 5 faiz dərəcəsi ilə hesablanmaqla) olan borcu - kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borc üzrə 17704,34 manat, faiz borcu üzrə 17685,90 manat, maliyyə arayışında borcun hesablandığı tarixə əsas borc üzrə 17704,34 manat, faiz borcu üzrə 17685,90 manat, illik 5% ilə hesablanmaqla faiz borcu 1335,20 manat müəyyən edilir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki iş üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddia tələbində göstərilən əsas borcun məbləği ilə eyni olduğundan məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh tutulmalı əsas borcun məbləği iddia tələbinə uyğun, faiz borcunun məbləği isə müqavilə müddətinin bitdiyi tarixə ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni 17685,90 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia 4452,23 manat məbləğində dəbbə pulunun ödənilməsi tələbinə aid hissədə qismən təmin edilməli və işin halları nəzərə alınmaqla, dəbbə pulu məbləği azaldılaraq 30 manat müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində də əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1334,05 manat məbləğində əldən çıxmış fayda üçün pul tutulmalıdır. Eyni zamanda məhkəmə iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 30 oktyabr 2014-cü il tarixli 1-G-1-0-1188-14 №-li İpoteka Müqaviləsi ilə "xxxx" X1 “MXM” filialı ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 25 dekabr 2021-ci il tarixli, 153 nömrəli müvafiq mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 39000 manat olduğu göstərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsinin 30 oktyabr 2014-cü il tarixli 1- G-1-0-1188-14 №-li İpoteka Müqaviləsinə əsasən "xxxx" İKB-nin qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada daşınar əmlakın rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında Bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeyd olunan iş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan evə tutma yönəldilməsi barədə ipoteka qoyana və ipoteka saxlayana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 39000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 17704,34 manat məbləğində əsas, 17685,90 manat məbləğində faiz borcu, 30 manat məbləğində dəbbə pulu, 1334,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 36754,29 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 39000 manat müəyyənləşdirilərək açıq hərracda satılmalı, satışdan əldə olunacaq məbləğ hesabına banka olan borcun ödənilməsi təmin edilməli, satışdan əldə edilən vəsait kifayət etmədikdə qalan borc məbləği ümumi qaydada Cavabdeh tutulmalı, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdeh həmin evdən çıxarılmalı, əmlak boşaldılmalı, cavabdehin həmin əmlakdan istifadə hüquqları itirilmiş hesab edilməli və ev Banka təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydyyatına alınmasına görə 10 dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. Həmçinin iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə 350 manat, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 50 manat vəsait sərf edilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi iddiaçıdan, 250 manat hissəsi Cavabdeh “X2 Mərkəzi” MMC-nin xeyrinə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaitinin 20 manat hissəsi iddiaçıdan, 30 manat hissəsi Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17704,34 manat məbləğində əsas, 17685,90 manat məbləğində faiz borcu, 30 manat məbləğində dəbbə pulu, 1334,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 36754,29 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 39000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi təmin edilsin. Əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh həmin evə istifadə hüququ itirilmiş hesab edilsin, cavabdeh həmin evdən çıxarılsın və ev boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi İddiaçı ASC-dən, 250 manat hissəsi Cavabdeh tutularaq “X2 Mərkəzi” MMC-yə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaitinin 20 manat hissəsi İddiaçı ASC-dən, 30 manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar