Məhkəmə qərarları › İş №2(012)-2084/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2084/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2084/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi və yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki işə 28 aprel 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 17780,21 manat əsas, 655,29 manat faiz olmaqla, cəmi 18435,50 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına «xxxx» KB ASC-nə olan borc ödənilməsi, iddia tələbi əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli 556micNFT/19 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 20% ödəmək şərtilə 20000 manat məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə bağlanmış 556micİNFT/19 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsi 18.10.2019-cu il tarixdə DƏDRX tərəfindən verilmiş RX seriyalı, ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdilər. Nəticədə kredit alanın banka 08.02.2021-ci il tarixə 17780,21 manat əsas, 655,29 manat faiz, cəmi 18435,50 manat borcu yaranmışdır. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, o, pandemiyayla əlaqədar maddi vəziyyəti zəiflədiyindən ödənişi gecikdirmişdir. O, iddiaçı şirkətdən ödəniş cədvəlini azaltmağını istəmişdir. Fevralın ayının 20-də 100 manat daha sonra isə 900 manat ödəniş etmişdir. Hazırda ödəniş etməyə imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 19.07.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən «xxxx» KB ASC Cavabdeh1 illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 20000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı zaminlik müqaviləsindən görünür ki, «xxxx» KB ASC, bundan sonra zamin adlandırılacaq Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin çıxarışının surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 18.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə «xxxx» KB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 27 aprel 2021-ci il tarixinə 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,6 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ilə «xxxx» KB ASC arasında kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi və zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Bundan başqa iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim olunan sonuncu 27 aprel 2021-ci il tarixli maliyyə arayışında cavabdehin «xxxx» KB ASC-yə 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,60 manat məbləğində borcunun olduğunu göstərilmiş, bu da iddia ərizəsində göstərilən tələbdən fərqli rəqəm olduğundan, məhkəmə hesab edir ki, 27 aprel 2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğlər sübut kimi qəbul edilməli və iddiaya həmin məbləğlər əsasında qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə Cavabdeh1 kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi ləğv olunmalıdır. Məhkəmə borcun zaminlərdən müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, əsas borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, «xxxx» KB ASC – in Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 60000 (altmış min) manat qiymətləndirilmişdir. Həmin qiymət məhkəmədə mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də həmin həddə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması hissəsi ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqısatqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,6 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqı tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilsin. Borc məbləği Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak hərracda satılsın və satışından əldə olunmuş vəsait hesabına «xxxx» KB ASC-nə olan borc ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin. İddia tələbi əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar