Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2786/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,6 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqı tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, borc məbləğinin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına "xxxx" KB ASC-nə olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, iddia tələbinin əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir (hakim E.T.Məmmədov). Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 17780,21 manat əsas, 655,29 manat faiz olmaqla, cəmi 18435,50 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına "xxxx" KB ASC-nə olan borc ödənilməsi, iddia tələbi əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, məhkəmə gəldiyi nəticə üçün əsaslı olan bütün mühüm halları araşdırmamışdır. Qeyd edir ki, pandemiyaya qədər o, bank qarşısında olan öhdəliyini müntəzəm icra etmişdir. Sonra pandemiya ödəyicilik qabiliyyətini zəiflətmişdir. Bununla bağlı banka məlumat vermişdir. Çətinliklə də olsa pandemiya dövründə fevral ayının 20-də 100 manat, daha sonra isə 900 manat banka ödəniş etmişdir. Lakin həmin ödənişlərim nəzərə alınmayıb. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 19.07.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" KB ASC Cavabdeh1 illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 20000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" KB ASC, bundan sonra zamin adlandırılacaq Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin çıxarışının surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 18.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh1 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 27 aprel 2021-ci il tarixinə 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,6 manat məbləğində borcu vardır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi və zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. İş materiallarından görünür ki, Cavabdeh1 01.10.2019cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli maliyə arayışında cavabdehin "xxxx" KB ASC-yə 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,60 manat məbləğində borcunun olduğunu göstərilmiş, bu da iddia ərizəsində göstərilən tələbdən fərqli rəqəm olduğundan, məhkəmə hesab etmişdir ki, 27 aprel 2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğlər sübut kimi qəbul edilməli və iddiaya həmin məbləğlər əsasında qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə haqlı olaraq Cavabdeh1 kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirərək Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin ləğv edilməsi tələbini qanuni saymış və hesab etmişdir ki, tərəflər arasında bağlanmış 01.10.2019cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi ləğv olunmalıdır. Məhkəmə eləcə də haqlı olaraq belə nəticəyə gəlmişdir ki, borc zaminlərdən müştərək qaydada tutulmalıdır, belə ki, əsas borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respuöblikası Mülki Məcəlləstinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Qeyd edilənlərə məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 60.000 (altmış min) manat məbləğində qiymətləndirilmişdir. Həmin qiymət məhkəmədə mübahisə predmeti olmadığından məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də həmin həddə müəyyən edilməlidir. İş materiallarından görünür ki, məhkəmə iddia tələbinin əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması hissəsində təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd etmişdir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Ona görə də baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab etmişdir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə düzgün istinad edərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2786/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2786/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver